"CBC Sport" yoxlama oyununu yayınlayacaq
Yığma şənbə günündən təlim-məşq toplanışındadı. Komanda ilk dəfə Qurban Qurbanovun rəhbərliyi altında hazırlıq keçir. Ötən sayımızda çalışdırıcının sərəncamında olan heyəti diqqətinizə çatdırmışdıq. Toplanış yanvarın 31-dək davam edəcək. Halbuki daha öncə proses fevralın 3-nə qədər nəzərdə tutulmuşdu. Sadəcə, gələn ayın 2-si üçün sınaqçı-rəqib olmadığından toplanış əvvəlcədən planlaşdırılandan daha tez başa çatacaq və bir yoldaşlıq oyunu baş tutacaq. Xatırladaq ki, ikinci yoxlama oyunu üçün əvvəlcə Gürcütanla, daha sonra Kosovo ilə razılıq əldə olunsa da, plan dəyişdi. Gürcülər, ümumiyyətlə, Antalyaya yollanmaq fikrindən daşındısa, Kosovo Millətlər Liqasındakı rəqiblərimizdən olduğundan qarışılıqlı razılıq fonunda yoldaşlıq oyunundan imtina edildi.
Sabah isə Qurbanovun komandası Moldova ilə qarşılaşacaq. Azarbəycanlı azarkeşlərin maraqla gözlədiyi oyunun yayın məsələsi də müsbət həllini tapıb. Belə ki, daha öncə "CBC Sport"un böyük ölçüdə matçı yayınlayacağını xəbər vermişdik. Artıq adı çəkilən telekanalın Bakı vaxtı ilə saat 20.00-da baçlayacaq qarşılaşmanı ekranlara daşıyacağı dəqiqləşib.
Yeri gəlmişkən, "CBC Sport" Antalyadan daha iki yoxlama matçını tamaşaçılara təqdim edəcək. Yanvarın 31-də "Qəbələ" - "Bohemians" görüşünü telekanal canlı yayınlayacaq. Qeyd edək ki, "qırmızı-qaralar"ın çexlərlə oyunu Bakı vaxtı ilə saat 16.00-da start götürəcək. Fevralın 2-də isə yenə də eyni saatda Antalyadan daha bir yoxlama matçı "CBC Sport"da göstəriləcək. Lakin hələ ki bunun hansı klubun oyunu olacağı dəqiqləşməyib.
Bu arada sabah millimizlə qarşılaşacaq Moldova srağagün Cənubi Koreya ilə yoldaşlıq oyununda qüvvəsini sınayıb. Yığmamızın rəqibi 0:1 hesablı məğlubiyyətə üzülüb. Moldovanın baş məşqçisi Aleksandr Spiridon asiyalılarla oyunda bu heyətə güvənib: İlya Çebanu (Nikolay Kalança, 46), İon Jardan, Vyaçeslav Posmak, Andrey Kojokar (Dan Taras, 77), Alexandr Dedov, Vitali Damaşkan (Vladimir Ambros, 77), Radu Raqak (Petru Raku, 46), Vadim Payrel (Danu Spetaru, 61), Aleksandr Paşenko, Sergey Pletike (Vladislav İvanov, 61), Artyom Rozqonyuk.
Oyundan sonra rəqibin futbolçusu Dedov bunları deyib: "Matç bizim üçün çox yaxşı alındı. Düzgün nəticələr çıxarmalı və irəli getməliyik. Nəticə xeyrimizə olmasa da, fikrimcə, ciddi rəqiblə qarşılaşdıq. Ümidvaram ki, Azərbaycan yığması ilə növbəti oyunda müsbət nəticəyə nail olacağıq".
FARİZ