“Qəbələ”nin əvəzedicilərdən ibarət komandası mövsümün ikinci yarısına hazırlığı davam etdirir. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçmək üçün Gürcüstana yollanıb. Qış hazırlıq prosesinin Qəbələdə və Bakıdakı bölümlərini başa vuran Emin İmaməliyevin yetirmələri yanvarın 26-dan fevralın 2-dək Tiflisdə məşq edəcək. Dünən bölgə təmsilçisi qonşu ölkədə ilk yoxlama oyununu keçirib. Əvəzedicilərin çempionatının lideri Gürcüstanın 1-ci dəstəsində çıxış edən “VİT-Corciya” ilə qarşılaşıb. Bakı vaxtı ilə saat 14.00-da başlayan görüşün ilk 45 dəqiqəsində qapılara qol vurulmayıb. Fasilədən sonra imkanlarından daha yaxşı istifadə edən Gürcüstan təmsilçisi 2:0 hesabıyla qalib gəlib. “Qəbələ”nin növbəti rəqibi “Saburtalo”nun əvəzediciləri olacaq.