FİFA referimiz imtahana qatılmadığına görə kənarda qalıb
Beləliklə, sabahdan etibarən qitənin futzal ictimaiyyətinin gözü UEFA-nın prezidenti Aleksander Çeferinin vətəninə - Sloveniyaya dikiləcək. O Çeferin ki, hələ ölkəsində məmur fəaliyyətinə özünü bu idman növündə sınamaqla başlayıb, UEFA prezidenti seçildikdən sonra futzalda bir çox yeniliklər tətbiq edib, yanvarın 30-dan fevralın 10-na kimi davam edəcək qitə çempionatının ilk biletinə sahib çıxıb və s. Biz bu həyəcana bir qədər gec – fevralın 2-də qoşulacağıq. Avropa çempionatının final mərhələsinin açılış oyunu sabah meydan sahibləri ilə Serbiya arasında baş tutacaq. Yığmamız isə ilk oyununu 4 gün sonra Fransaya qarşı keçirəcək. Ardıcıl 5-ci dəfə qatıldığımız turnirlə bağlı gözləntilərimiz nədi?
Bironun ruhu
Qrupumuzda İspaniya və Fransa yer alıb. Biri Avropanın ən titullu komandası, digəri debütantdı. Yığmamız isə ortabab statusuna daha çox uyğun gəlir. Ancaq içimizdə bir həyəcan, inamsızlıq var. Bu qorxu ötən il ÇL adlandırılan futzal üzrə UEFA kubokundan sonra baş qaldırıb və heç tərk etmir bizi. Joze Alesio da Silva ölkəmizə qayıdışından sonra ilk imtahanını məhz “Araz”la klub turnirində vermiş və fiaskoyla üzləşmişdi. Naxçıvanlılar UEFA kubokunun əsas mərhələsində Rumıniya “Deva”sına uduzaraq elit raunda adlaya bilməmişdi. Halbuki heyəti Alesio özü formalaşdırmış, Maykonu, Vilelanı, Qabrieli komandaya cəlb etmişdi. Sonu necə oldu: dekabrda üçü də yola salındı və Alesio yenidən “köhnə qvardiya”ya möhtac qaldı. Faktdı ki, bu gün yığmanın əsas ağırlığı Biro Jadenin Tyaqosunun, Vassurasının, Qallosunun, Fineosunun çiyinlərindədi. Belə desək, bu yığmanın üzərində AÇ-2010-un “qızıl oğlan”ının ruhu dolaşır. Axı, Sloveniyaya bileti məhz Biro qazanmış, buna baxmayaraq, Futzal Federasiyasının prezidenti Zaur Axundov onu istefaya göndərərək Alesionu Qazaxıstandan darta-darta yığmanın “sükanı arxasına” əyləşdirmişdi.
“Xoruz banlamırdı”, uğur qazanmırdıq?
Hər nə isə, bu həftə hamımızın ürəyi futzalçılarımızla döyünəcək. Qeyd etdiyimiz kimi, qrup nə çətin, nə də asandı. Hərçənd Fransa debütant çəkisinə sığmır, çox iddialıdı. Böyük ehtimalla İspaniya ilə yanvarın 31-də baş tutacaq qarşılaşmaya formal yanaşıb, əsas gücünü yığmamızla görüşə saxlayacaq. Əslində fransızlar kartlarını gizlətmir, üç gün əvvəl İtaliya ilə yoxlama oyununda sürpriz nəticəyə (0:0) imza atmaqla Xorvatiyanı pley-offdan uzaqlaşdırıb final mərhələsinə adlamalarının təsadüf olmadığını bir daha nümayiş etdirdilər. Artıq Avropa reytinqində 12-ci yerə yüksəliblər.
Ancaq “xoruz banlamırdı, səhər açılmırdı”? Axı, biz də qitənin 7-ci komandasıyıq, yarışa ardıcıl 5-ci dəfə qatılırıq, 8 il əvvəl bu turnirin dördüncüsü olmuşuq, AÇ ilə bağlı yaddaqalan statistika ilə öyünürük. Ən erkən qolun müəllifi (Felipe - 8-ci saniyə, AÇ-2012/Serbiya) bizimki olub, turnirin ən məhsuldar oyununu (AÇ-2012, Serbiya - 9:8) yığmamızın ifasında izləmişik. “Xoruzlar”ı ciddiyə ala və yarışa qələbə ilə start verə bilsək, bax, onda daha arxayın və uzaq planlar qurmağa başlayacağıq. Fransanı məğlub etdikdən sonra Alesio siyasət işlədə bilsə, İspaniya ilə oyuna ciddi yanaşmaq lazım gəlməyəcək. Həmin qarşılaşmada cəzalardan və zədələrdən qaçmaq lazımdı. Əslində püşk münasibdi. Qrupdan çıxsaq, 1/4 finalda Portuqaliya və ya Ukrayna ilə (Rumıniyanın şansı azdı) qarşılaşa bilərik. Prinsipcə, onlardan hansı ilə üz-üzə gəlməyin ciddi fərqi yoxdu. Qrup birinciliyi üçün gücümüzü İspaniya ilə dueldə tükətməkdənsə, Portuqaliya və ya Ukrayna ilə oyuna səfərbər olmaq daha məntiqlidi. Turniri sensasiyasız təsvir etsək, hətta yarımfinalda da bizə ən münasib rəqib düşə bilər. Məsələ burasındadı ki, A qrupunda İtaliyanın (rəqibləri Sloveniya və Serbiyadı) 1-ci, B qrupunda isə Qazaxıstanın (rəqibləri Rusiya və Polşadı) 2-ci yeri tutacağı gözləniləndi. Yığmamız 1/4-i keçsə, yarımfinalda məhz A-nın birincisi və B-nin ikincisinin görüşündə qalib olacaq komanda ilə qarşılaşacaq. Yetər ki, Alesio məntiqli davransın. Məsələ burasındadı ki, braziliyalı avantüristdi. 2010-cu ildən, qürurlanmalı olduğumuz kimi, dərs çıxarmalı məqamlar da var...
O “əjdaha”dan bizdə niyə yoxdu?
Avropa çempionatının final mərhələsinin oyunlarını idarə edəcək hakimlərin adları artıq bəllidi. Qitə birinciliyinin oyunlarına ikisi ehtiyat olmaqla, 18 hakim dəvət olunub. İspaniya, İtaliya və Macarıstanın hər birindən iki hakim həlledici mərhələyə təyinat alıb. Rusiya, Portuqaliya kimi millisi və daxili çempionatı güclü olan ölkələrdən cəmi bir ədalət təmsilçisi AÇ-yə dəvət alıb. Siyahıda Fransa, Çexiya, Xorvatiya, Rumıniya kimi ölkələrin də hakimləri var. Ehtiyat referilərdən biri Yunanıstanı, digəri isə Makedoniyanı təmsil edir. Siyahını bir daha nəzərinizə çatdırırıq: Saşa Tomiç (Xorvatiya), Andrey Çernı (Çexiya), Sedrik Pelissye (Fransa), Balaş Farkaş, Qabor Kovaç (hər ikisi Macarıstan), Mark Birkett (İngiltərə), Kordero Qalyardo, Martines Flores (hər ikisi İspaniya), Ancelo Qalante, Alessandro Malfer (hər ikisi İtalya), Timo Onatsu (Finlandiya), Fernandes Koelyo (Portuqaliya), Boqdan Soresku (Rumıniya), Vladimir Kadıkov (Rusiya), Amir Zahoviç (Sloveniya), Kamil Çətin (Türkiyə). Ehtiyat hakimlər Vasilios Xristodoulis (Yunanıstan) və Yosip Bartondu (Makedoniya).
Göründüyü kimi, nəinki əsas 16 hakim arasında, heç ehtiyatda da referilərimizdən kimsə yoxdu. Halbuki Türkiyə, İngiltərə, Finlandiya kimi futzalı zəif ölkələrin ədalət təmsilçiləri Sloveniyada iş başında olacaqlar. Bəs “Bəyin oğurlanması”nda deyildiyi kimi, “niyə o əjdahadan bizdə yoxdu”? Axı, futzal üzrə nə az, nə çox – 4 FİFA referimiz var: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov və Hikmət Qafarlı. AÇ-nin hakimlərinin siyahısına baxsaq, dəvətlilər elit və 1-ci kateqoriyadandı. Konkret “16-lıq”dan 11-i elit, 5-i isə 1-ci kateqoriyada yer alır. Belədə avtomatik Nurullayev, Namazov və Qafarlı sıradan çıxır. Çünki onların hamısı 3-cü kateqoriyalı hakimdi. Ancaq Səmədli AÇ-də ola bilərdi. Ən azı ona görə ki, 1-ci kateqoriyalı hakimdi. Ancaq günah özündədi. Niyə? Əldə etdiyimiz bilgiyə görə, FİFA elit hakimlərin imtahanına onu da dəvət edibmiş, ancaq təcrübəli referi səfərdən boyun qaçırıb. Səbəb kimi də ailəsində olan problemi göstərib. Belədə AÇ-nin təşkilatçıları Səmədlini 1-ci kateqoriyadan seçilən 5 nəfərin arasına da salmayıb. Sonra da durub FİFA-dan ədalət tələb edir, Hakimlər Komitəsində hansısa kiprlinin yer aldığını və bizimkiləri görməyə gözünün olmadığını iddia edir, şikayətlənirik. Bunlar hamısı bizim Hakimlər Komitəsinin nağıllarıdı... Bu qədər bəsit...
MİRAĞA