Vahid Nəzərov isə Tofiq Heydərovun ətrafını qınadı
Neçə gündü ağır atletikadan yazırıq. Rövşən Fətullayevin orqanizmində yasaq maddənin tapılması bu idman növündəki problemləri yenidən qabardıb. Görünən odu ki, hazırkı idarə heyətinin fəaliyyətində də nöqsanlar var. Hər halda, ağır atletika ictimaiyyətinin daxilində böyük parçalanma və qütbləşmə prosesi gedir.
2016-cı ildə AAAF-da baş verən struktur dəyişikliyindən sonra köklü islahatlar başladı. Vitse-prezident əvvəlcə bütün yığmalar üzrə baş məşqçi oldu. Qalan məşqçilər isə səsvermə yolu ilə seçildi. Ancaq onların fəaliyyəti cəmi 1 il çəkdi. Hafiz Süleymanov gözlənilmədən ölkəni tərk edərək Türkiyəyə işləməyə yollandı. Qardaş ölkəyə getdikdən sonra millidə zəif məşqçilərin çalışdığını söylədi. Tofiq Heydərov isə onu yetirməsi Anastasiya İbrahimliyə dopinq verməkdə ittiham etdi. Bu yerdə nəzərinizə çatdıraq ki, Süleymanov elə Fətullayevin də şəxsi məşqçisi idi.
Hələ bu harasıdı?! Dekabrda keçirilən ölkə kubokunu “Təhsil” və “Spartak” boykot etdi. Belədə bu cəmiyyətlərdə yer alan idmançılar, o cümlədən Nailxan Nəbiyev yığmadan kənarlaşdırıldı. Bu cəmiyyətlərdə çalışanların vaxtilə yığmada işləmiş mütəxəssislər olduğunu qeyd etməyə dəyər.
Dünən sözü AAAF-ın hazırkı idarə heyətinin fəaliyyətindən narazı qalan mütəxəssislərə verdik.
Nailxanın atası, “Spartak”ın baş məşqçisi Xanlar Nəbiyev açıq-aşkar müxalifətdə olduğunu söylədi: “Son ölkə kubokuna qatılmamağımız anlaşılmazlıqla bağlı idi. Bizə deyildi ki, Azərbaycan beynəlxalq turnirlərdən 1 illik diskvalifikasiya olunduğundan bu yarış da baş tutmayacaq. Bunu kimin dediyini söyləyə bilmərəm. Hər halda, aralıqda belə söhbət gəzmişdi. “Təhsil”in baş məşqçisi Vahid Nəzərov klubun açıq çempionatını keçirəcəyini söylədi və bizi də ora dəvət etdi. Ölkə kuboku əvvəlcə noyabrın 20-22-si tarixlərinə salınmışdı. “Təhsil”in yarışı isə dekabrın 2-3-nə təsadüf edirdi. Sonra bunlar da qərara gəldilər ki, ölkə kubokunu məhz bu günlərdə keçirsinlər. Bu üzdən bizdə alınmadı. Çünki artıq “Təhsil”in turnirində çıxış edəcəyimizi razılaşdırmışdıq. Yoxsa hansısa yarışı boykot etməkdən söhbət gedə bilməz. Bəlkə də bunlar (federasiyanı nəzərdə tutur – S.) öz yanlarından şişirdilər. O ki qaldı indiki idarə heyətinin fəliyyətinə, onların işindən razı deyiləm. Bunun səbəbləri çoxdu. Dopinqlə mübarizə həmişə olub. Mən və Nizami Paşayev yığmada çalışanda da idmançıların yasaq preparatlar qəbul etməməsinə çalışmışıq. Guya bunlar dopinqlə mübarizə aparır. Elədisə, niyə hər yarışda hansısa idmançı dopinqə düşür? Təbii ki, bunlara qarşı müxalifətdəyəm”.
Daha ehtiyatlı danışan Vahid Nəzərov isə Heydərovu yox, onun ətrafında birləşən AAAF əməkdaşlarını günahkar sayır: “Tofiq müəllim əlindən gələni edir. Hazırda dopinqlə mübarizə gedir. Buna görə federasiyada qalmaqallar olur. Ona görə həmişə deyirəm ki, təcili federasiyada islas keçirib, bu problemləri həll etmək lazımdı. Mütəxəssisləri eşitmək lazımdı. Bizdə otu qoyurlar şirin qabağına, əti də qoyurların atın qabağına. Söhbət müxalifətdən getmir. Bir az inciklik yaranır. Bu da ondan irəli gəlir ki, hamı hər şeyin yaxşı olmasını istəyir. Yığmada ADBTİA-da təhsil almış, ən azı 5 il ixtisas təcrübəsi olan, əməkdar məşqçilər çalışmalıdı. Amma indi federasiyalarda buna riayət olunmur. Millidə əsas komandaya güclü idmançılar bəxş etmiş, dünya və Avropa çempionatlarında medal qazanmış idmançıları yetişdirmiş mütəxəssislər çalışmalıdı. Bizdə əməkdar məşqçilər qalıb kənarda, təcrübəsi olmayan məşqçi yığmaya rəhbərlik edir. Həm pedaqoji savadı, həm də məşqçi kimi təcrübəsi azdı. Mən gənc mütəxəssislərin işləməsinin əleyhinə deyiləm. Ancaq onlara əsas yığmanı həvalə etmək doğru deyil. Milli Azərbaycan idmanının simasıdı. Ölkəni xaricdə təmsil edir. Hər addımı yüz ölçüb, bir biçmək lazımdı. Ona görə də dopinqli idmançılar çıxır, məsləhətləşmirlər. Anatomiyanı, psixologiyanı, pedaqoqikanı, kimyanı bilməyən məşqçilər yığmalarda çalışır. Qısa vaxtda uğur qazanmaq üçün dopinqdən istifadə olunur. Tofiq müəllim idmançı olub və idmanı da sevir. Gəlin, sözün düzünü danışaq da. İndiki zamanda qardaş qardaşa 5 manat vermir. Heydərov biznesmendi və qazancından ağır atletikaya sərf edir. Ancaq ətrafı ona doğru məlumat vermir. Baxırsan ki, bir adam 3-4 yerdə işləyir. Ağır atletikanın inkişafında heç bir əməyi olmayanlar yüksək əməkhaqqı alır. Ona görə də belə narazılıqlar yaranır. Amma Tofiq müəllimdən incimək doğru deyil. O, əlindən gələni edir. Problem onun ətrafındadı. Bunlar yavaş-yavaş düzələcək. Dopinqlə mübarizə aparmaq vacibdi”.
SƏRXAN