Uzun müddət transfer qadağasından əziyyət çəkən, “qış pəncərəsi” dövründə fəallıq nümayiş etdirərək Kamran Ağayev, Vaqif Cavadov, Məqsəd İsayev, Pablo Podio, Herve Tçami, Nemanya Stoyanoviç, Ebrima Sohna və Andre Klennon kimi futbolçularla güclənən "Keşlə"də bir problemli mövqe qalıb. Əlimyandıda oyun qurucusu mövqeyinə legioner axtarışını davam etdirən bakılılar hələ ki problemini çözə bilmir. Həlbuki ötən həftə bu məqsədlə baxışa iki əcnəbi dəvət olunmuşdu. Ancaq mərkəz yarımmüdafiəçilərinin hər ikisi düşərgədə deyil. Ukraynalı baş məşqçi Yuri Maksimovun gətirdiyi həmyerlisi Anton Postupalenkonun ardınca braziliyalı Lukas dos Santosun da "Keşlə"nin futbolçusu olmayacağı dəqiqləşib. Karyerası daha çox Finlandiyaya bağlı olan 27 yaşlı "sambaçı"nın oyun səviyyəsi Maksimovu qane etməyib. Ancaq onun əvəzinə daha bir braziliyalı hücumameyilli yarımmüdafiəçinin baxışdan keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, "Keşlə" Antalyada ikinci yoxlama oyununu bu gün keçirəcək. Rəqib Maksimovun yerliləri - Ukrayna "Karpatı"sıdı.
MİRAĞA