Laradan Manavqata olan 80 km-lik yolu saatyarıma qət edənə qədər “Sumqayıt”ın Antalya toplanışındakı ikinci rəqibi “Akademiya Pandev”i təhlil etməyə çalışdım. Makedoniya futbolunun ulduz ismi, uzun illər İtaliya “İnter”inin formasını geymiş Qoran Pandevin yaratdığı klubdu. Soyadını qoyub və belə etməkdə məqsədi heç də hər zaman yadda qalmaq deyil. Sadəcə, biznes layihəsidi. Gələcəkdə gəlir qazanmasına hesablayıb. Məsələn, bizdə İsgəndər Cavadov öz adına akademiya açdığı halda, Pandev soyadını daşıyan komandanın ölkəsinin elitasında çıxış etməsinə nail olub. Futbolçular yetişməli, Avropa klublarına satılmalı, yaxın gələcəkdə “Akademiya Pandev” avrokuboklarda sözünü deməlidi. Elə buna görədi ki, “Sumqayıt”a qarşı oyunda yaşı 21-ə qədər olan 7 futbolçu meydanda olmaq imkanı qazandı. Yeri gəlmişkən, vaxtilə ölkəmizdə pul qazanmış makedonları da gördük. “Bakı”da ümidləri doğrultmayan Draqan Naçevski baş məşqçinin əsas köməkçisidi. “Muğan”da top qovmuş Qoranın kiçik qardaşı Saşko isə hələ də futbol oynayır. İkinci hissədə meydana çıxdı. Oynamasa, ondan yaxşıdı.
Oyun Manavqatda, bizim Balaxanını xatırladan ərazidə - zibil tullantıları, dəmir-beton qalıqlarının arasında inşa olunan stadionda baş tutdu. Akdəniz Universitetinin futbol meydanı kimi tanınır. Manavqatın həvəskarlar liqasında mübarizə aparan komandası ev oyunlarını məhz burdakeçirir. Təbii örtüklü, standartlara cavab verən stadionun adi quruluşu göz oxşayır. Orda çalışan ağsaqqalın dediyinə görə, təxminən 10 milyon dollara inşa olunub. Həvəskarlardan ibarət komandanın rəqiblərini qəbul etdiyi stadiona baxanda, başında “türklərdən niyə geri qalırıq” sualını gəzdirənlərlə söhbət etmək istəyi yarandı içimdə. Şərhçi otağına kimi varlarıdı, ay qardaş. Bizdə heç “Neftçi” boyda klubun düz-əməlli bazası yoxdu, şəhərin mərkəzindəki “İnter Arena”nın illərdi dəyişməyən süni örtüyü sürtülməkdən parıldayır.
O ki qaldı oyuna, yekunda komandalardan heç biri qələbəyə sevinmədi. Hesabı 30-cu dəqiqədə Vurğun Hüseynov açdı. Tural Axundovun cinah ötürməsindən sonra təcrübəli müdafiəçi başla fərqləndi. 42-ci dəqiqədə makedonların cavabı gəldi. Rail Məlikovun diqqətindən yayınan rəqib futbolçu yaxın məsafədən “çərçivə”ni dəqiq nişan aldı. Samir Abasovun dediklərinə inansaq, komanda fiziki məşqlərdən sonra ağır görünür. Həqiqətən də görməyə alışdığımız “Sumqayıt”dan əsər-əlamət yox idi. Cavid İmamverdiyevin yoxluğu oyunun qurulması baxımından özünü göstərirdi. Abasov ikinci hissənin gedişində Səbuhi Abdullazadə və Tural Bayramlı kimi gənclərə də özünü göstərmək imkanı yaratdı. Hə, maraqlı məqamlardan biri baş məşqçinin Makedoniya təmsilçisinə qarşı görüşdə beşli müdafiə sistemindən istifadə etməsiydi. Halbuki “Konkordiya” ilə oyunda dörd müdafiəçi ilə oynamışdılar.
Sonda statistika həvəskarlarına “kimyaçılar”ın bu oyundakı start heyətini də təqdim edirik: Mehdi Cənnətov, Azər Salahlı, Bəxtiyar Həsənalızadə, Vurğun Hüseynov, Rail Məlikov, Tural Axundov, Kamal Mirzəyev, Xəyal Nəcəfov, Cavid Tağıyev, Nicat Qurbanov, Amil Yunanov.
HƏBİB, Bələk