Sizin reklam burada

“Balaxanı”nın baş məşqçisi Rüfət Quliyevlə razılaşmadı

Title
“Balaxanı”nın baş məşqçisi Rüfət Quliyevlə razılaşmadı
“Yekun hesab 20:0 yox, 14:0 olub”
Ötən saylarımızın birində aşağı dəstə təmsilçilərinin qış hazırlıq planına toxunmuş, komandaların yoxlama matçlarından söhbət açmışdıq. Məsələ ilə bağlı qəzetimizə açıqlama verən “Ağsu”nun baş məşqçisi Rüfət Quliyev yetimələrinin həvəskarlar liqasında çıxış edən “Balaxanı” ilə qarşılamasına toxunaraq bunları söyləmişdi: “Həvəskarlar liqasında çıxış edən “Balaxanı” ilə qarşılaşmada isə hesab gözlədiyimdən də böyük oldu. Bəlkə də bunu deməyim düz deyil, ancaq hesab 20:0 olandan sonra daha saymadım”.
“Ağsu”nun çalışdırıcısının bu açıqlaması “Balaxanı”nın rəhbəri və baş məşqçisi İsmayıl Hüseynzadənin narazılığına səbəb olub. Dünən redaksiyamızla əlaqə saxlayan İsmayıl bəy Quliyevin söylədikləri ilə razılaşmadığını, baş məşqçinin hesabla bağlı dediklərinin həqiqəti əks etdirmədiyini bildirdi: “Bu oyunda hesabın neçə olduğu o qədər də əhəmiyyət daşımır. “Balaxanı”nın heyətində əsasən 2001/02 doğumlu yeniyetmələr top qovur. Mənim komandam həvəskarlar liqasında, “Ağsu” isə birinci divizionda mübarizə apardığından istər-istəməz səviyyə fərqi özünü göstərirdi. Ancaq yekun hesab Rüfət müəllimin söylədiyi kimi 20:0 yox, 14:0 olub. İlk hissədə rəqib qapımızdan 9 cavasız top keçirmiişdi. Fasilədən sonra “Ağsu” baş məşqçinin istəyinə uyğun meydanda 9 nəfərlə mübarizə apardı. Xəbərlə tanış olduqdan sonra Rüfət müəllimlə əlaqə saxlayıb fikirlərimi bildirdim. O isə mənə belə açıqlama vermədiyini dedi. Çox istərdim ki, siz də qəzetinizdə düzəliş edib hesabı dəqiq yazardız. Bizə də dəstək olan qurumlar var. Mən onlara qarşılaşmanın hansı hesabla başa çatdığını bildirmişəm. Ancaq mətbuatda oyunun nəticəsi başqa göstərildikdə, mənə iradlarını bildirirlər ki, niyə belə olub? Mənə hələ də çatmır ki, vaxtilə müəllimim olmuş Rüfət Quliyev niyə belə açıqlama verib? İstər ona, istərsə də köməkçisi Arif müəllimə böyük hörmətim var. Çox sağ olsunlar ki, mənim yoldaşlıq oyunu keçirməklə bağlı təklifimi geri çevirmədilər. Ancaq hər şeyi olduğu kimi demək lazımdı. Komandamın böyük hesabla uduzmasını faciə saymıram. “Neftçi” kimi komanda da eyni aqibətlə üzləşir. Bizim əsas məqsədimiz 3 ilə normal komanda formalaşdırıb birinci divizionda çıxış etməkdi. Buna görə də rəhbərliyim altında məşq edən yeniyetmələrin daha güclü rəqiblərlə oyunlarda “bişməsini” istəyirəm. “Ağsu”dan sonra “Zirə”nin əvəzedciləriylə də yoxlama oyunu keçirmişik. Xahiş edirəm, “Ağsu” ilə qarşılaşmada qeydə alınan hesaba da düzəliş edəsiz”.
İsmayıl bəyin bu istəyini nəzərə alıb, “Balaxanı” – “Ağsu” matçında qeydə alınan hesaba düzəliş etməmişdən öncə bizə bu məlumatı verən Rüfət bəyin də fikirlərini öyrənməyi lazım bildik. Bölgə təmsilçisi həvəskarlar liqasında çıxış edən komandanın qapısından cəmi 14 qol keçiribsə, nəyə görə baş məşqçi bizə yalan məlumat ötürüb?
Kimin düz, kimin yalan danışdığını üzə çıxarmaq üçün Quliyevi aradıq: “Yoldaşlıq görüşlərində qeydə alınan nəticə elə də böyük əhəmiyyət daşımır. Futbolda hər şey olur. Belə qarşılaşmalarda əsas məqsəd futbolçuların nəyə qadir olduğunu üzə çıxarmaqdı. İsmayıl müəllimi də başa düşürəm. Görünür, mətbuatda yazılanları oxuyub, məyus olub. Bəzən olurdu ki, mənim komandam meydanda 5-6 futbolçu ilə qalırdı. Özüm bilərəkdən belə edirdim ki, yetirmələrimi azlıqda və təzyiq altında da yoxlayım. Yenə deyirəm, hesab bəlkə də 20-ni keçmişdi.Mən başa düşmürəm, İsmayıl müəllim nəyə irad bildirir? Hesabı düz deməmişəm? Məndən başqa həmin gün meydana çıxan futbolçuların da fikirlərini öyrənə bilərsiz. 17 və ya 18 qoldan sonra - hələ 7-8 qolumuz da sayılmamışdı – artıq hesaba diqqət yetirmədim. Komandada 25-ə yaxın oyunçu var, onlar da mən deyəni təsdiqləyərlər”.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.