Rəşad Sadıqov: “Heyətdə seçilən futbolçuların klublarında da oynamasını istəyirəm"
21 yaşadək futbolçulardan ibarət yığmamız Antalya toplanışını artıq başa vurdu. Gənclər hazırlığı dünən Albaniya U-21-iylə keçirdiyi yoxlama oyunu ilə tamamladı. Hansı ki, ötən həftə bu komandaya 0:1 hesabıyla uduzmuşduq. Baş məşqçi Rəşad Sadıqov albanlarla dünənki oyunda aşağıdakı heyətə güvəndi: 22. Abdulla Seyidəhmədov, 20. Ömər Buludov, 4. Bəhlul Mustafazadə (k), 5. Elvin Sərkərov, 8. İlkin Muradov, 19. Rafael Məhərrəmli, 18. Ülvi İskəndərov, 9. Fəhmin Muradbəyli, 2. Sərtan Taşkın, 14. Nicat Süleymanov, 28. Hacıağa Hacılı.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 25. Murad Xaçayev, 21. Xəyal Nəcəfov, 1. Aydın Bayramov, 7. Ehtiram Şahverdiyev, 13. Murad Qayalı, 15. Yusif Cəfərov, 11. Famil Camalov, 24. İsmayıl İbrahimli, 16. İlyas Səfərzadə.
Kifayət qədər baxımlı və gərgin alınan qarşılaşmanın ilk yarısında qapılara qol vurulmadı. Fasilədən sonra təzyiqi artıran U-21, nəhayət, 53-cü dəqiqədə albanları meydanın mərkəzinə dəvət etməyi bacardı. Ülvi İskəndərov rəqibi cəzalandırdı. Qalan dəqiqələrdə təşəbbüsü əldən verməyən Sadıqovun yetirmələri, beləliklə, ilk qarşılaşmadakı yenilginin əvəzini çıxdı.
Qeyd edək ki, U-21 Antalyada albanlarla 2 oyundan əlavə daha 2 yoxlama görüşü keçirib. “Alanyaspor”un U-21 komandasına 3:1 hesabı ilə qalib gələn yığmamız Gürcüstanla heç-heçə edib - 1:1.
Rəşad Sadıqov komandasının oyunundan razı qaldığını deyib: "Son oyunumuz idi. Məncə, uşaqlar getdikcə daha yaxşı oldular. Komandanın oyunundan razı qaldım. Nəticə barədə danışmaq istəmirəm, çünki bu əsas deyil. Bu qarşılaşma digərlərindən bir qədər fərqlənirdi. Birinci hissədən sonra uşaqlara bir qədər tənqidlərim oldu. Amma fasilədən sonra daha inamlı oynadılar. İlk hissədə bir az çəkinirdilər sanki. Sonradan görmək istədiyim kombinasiyalı oyunu göstərməyə başladılar.
İlk hissədəki zəif oyunu albanlara qarşı birinci görüşdəki məğlubiyyətlə əlaqələndirmək düzgün olmazdı. Rəqib çox pressinq edirdi. Belə komandalara qarşı birinci hissə həmişə çətin olur. Həm də əvvəldə top itkilərimiz çox idi. Bu da inamsızlıq yaratdı. Fasilədəki söhbətimizdən sonra komanda çəkinməməyə başladı. Bu da məni çox sevindirdi. Rəqib aqressiv görünürdü, onların oyun üslubu belədi. Albaniya aqressivlik hesabına Avropa çempionatına vəsiqə qazanmışdı. Bu komandanın əsas özəlliyi budu.
Heyətdə seçilən futbolçuların klublarında da oynamasını istəyirəm. Hər biri klubunda möhkəmlənməlidi. Məşqdə özlərini məşqçinin gözünə “soxmalıdılar” ki, şans qazansınlar. Bu yolu davam etdirməyin şərtlərindən biri klubda daim oynamaqdı".
21 yaşlıların oyununu izləyən “Qarabağ”ın və əsas millinin baş məşqçisi Qurban Qurbanov da qarşılaşmadan sonra Antalyaya ezam olunan azərbaycanlı jurnalistlərə qısa açıqlama verib.
- Oyun haqda nə deyə bilərsiz?
- İlk gündən fikrimi bildirmişdim. Çox bəyəndim, əsas da uşaqların nizam-intizamı xoşuma gəldi. Bu gün də matç elə maraqlı idi ki, sona yaxın mübarizə artmışdı, istəmirdim oyun bitsin. Belə görüşlər çox vacibdi. Hiss olunurdu ki, Albaniya millisi də xarakterli komandadı. Layiqli qələbə qazandılar. Komandadan xoşum gəldi. Hər oyun daha da “artırırlar”.
- Artıq 4 oyun keçirmiş U-21 ən çox tənqid olunan komanda idi. İndi necə düşünürsüz, bu gənclər əsas milliyə kimi yüksələ bilərlərmi?
- Maraqlandığım oyunçular var. Bu gün biz desək ki, bu futbolçuların hamısı mütləq millidə oynayacaqlar, yanılarıq. Amma özlərini göstərsələr, təkcə millinin heyətində yox, kənarda da yaxşı çalışsalar, futbola daha çox vaxt ayırsalar, yaxşı olacaq. Düşünürəm ki, Rəşad hər oyunçu ilə ayrıca maraqlanacaq, onları yığma üçün hazırlayacaq.
- Artıq bu komandadan Bəhlul Mustafazadə və Anton Krivotsyuk ilk dəfə yığmaya çağrılıblar. Bu oyunçulara həqiqətən ehtiyac var idi, yoxsa sadəcə, ab-havanı hiss etmək üçün dəvət etmisiz?
- Bu oyunçuların üzərində çox çalışmaq lazım olacaq. Desəm ki, əsas heyət üzvü kimi çıxış edəcəklər, bu düz olmaz. Onlar özləri də narahat olarlar. İstədim ki, daha yaxından tanıyım və diqqət ayırım. İndidən millidə olmağın həyəcanını hiss etsinlər.
MIRAĞA