Sizin reklam burada

“Ulduz” ÇL üçün İspaniyaya getdi

Title
“Ulduz” ÇL üçün İspaniyaya getdi
Elşad İbrahimov: “Orda bizdən zəif komanda yoxdu”
İspaniyanın Alkalа de Enares şəhərində eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında yanvarın 30-dan fevralın 3-dək Çempionlar Liqasının oyunları keçiriləcək. 5-ci dəfə reallaşacaq turnirdə eşitməqüsurlu əlillərdən ibarət komandalar arasında Azərbaycan çemionatının qalibi - "Ulduz" futzalçıları da olacaq. Püşkün nəticəsinə görə D qrupunda yer alan təmsilçimizin rəqibləri “Zebre Çarleroy” (Belçika), “Nove Zamki” (Slovakiya), “Real Enon Solo” (İtaliya) və “Alkala de Enares” (İspaniya) olacaq. “Ulduz” yanvarın 30-da, Bakı vaxtı ilə saat 12.00-da “Real Enon Solo”, saat 16.00-da isə “Nove Zamki”, yanvarın 31-də, saat 13.00-da “Alkala de Enares”, saat 18.00-da “Zebre Çarleroy”la qarşılaşacaq. Fevralın 1-də 1/4 final, ertəsi gün yarımfinal, fevralın 3-də isə 3-cü yer uğrunda görüş və final oyunu keçiriləcək.
Dünən futzal üzrə ikinci liqada mübarizə aparan "Ulduz"un baş məşqçisi Elşad İbrahimovun səfəröncəsi fikirlərini öyrəndik: “Gecə yola düşürük. Oyunlarımız isə yanvarın 30-da başlayır. Ötən il də bu yarışda iştirak etmişdik və 17-ci olmuşduq. Komandada 12 nəfər yer alıb. İkinci dəfə analoji turnirdə mübarizə aparacağıq. D qrupunda güclü rəqiblərlə qarşılaşacağıq. Yarımfinala çıxmaq üçün ilk iki yerdən birini tutmalıyıq. Bunu bacarsaq, minimum yarışın səkkizincisi olacağıq. Bu isə ötənilki nəticənin xeyli yaxşılaşdırılması deməkdi. Öncədən nəsə demək çətindi. Orda bizdən zəif komanda yoxdu. Necə olacağını artıq zaman göstərəcək. Bu mövsüm ölkə birinciliyində işlərimiz o qədər də yaxşı getmir. Halbuki ötən “futbol ili”ndə daha yaxşı idi. Düşünmürəm ki, çempionatda zəif çıxış İspaniyada təşkil olunacaq turnirdəki mübarizəmizə təsir etsin. İki fərqli yarışdan söhbət gedir. Çempionatda sağlam komandalarla qarşılaşırıqsa, orda şərtlər eyni olacaq. Ötən mövsüm ilk 3 oyunun hamısında uduzduq, lakin sonradan qələbələr qazandıq. Bu dəfə əsas məqsəd ötən illə müqayisədə daha yüksək yer tutmaqdı. Əsas odu, səfərimiz problemsiz keçsin, zədə və başqa narahatlıq olmasın”.
FARİZ
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.