Sizin reklam burada

Aşenteylə Sikorski də Tərlan Əhmədova lazım olmadı

Title
Aşenteylə Sikorski də Tərlan Əhmədova lazım olmadı
Bu gün braziliyalı sınanacaq
“Neftçi” hələ də istədiyi hücumçunu və mərkəz müdafiəçisini tapa bilmir. Fasilə dönəmində legionerlərdən yalnız Fransisko Qarsiya ilə müqavilə bağlanıb ki, o da orta sahə oyunçusudu. Uzun müddətdi yaşıl meydanlara həsrət imiş. Artıq çəkisinin olması isə göz qabağındadı.
Bu dəqiqə Tərlan Əhmədovu narahat edən əsas məqam hücumçunun tapılmamasıdı. Hüqo Barqas karyerasını Kolumbiyada davam etdirəcək, Daniel Seqoviya isə əvəzedici heyətə göndərilib. Baş məşqçi ispan forvardı sərəncamında görmək istəmir. Ölkə kubokunu qazanmağa iddia edən kollektiv yalnız Mirabdulla Abbasovun ümidinə qalıb.
Odu ki, hazırda “Neftçi”nin qapıları açıqdı, ölkənin ən köklü komandası poliqona çevrilib. Yoldan keçən, yolunu azan məşqlərdə və yoldaşlıq görüşlərdə iştirak imkanına malikdi. Son bir həftədə üç belə futbolçuya ağ-qara formanı geymək nəsib oldu. Braziliyalı Ednan Munis “Konkordiya” ilə sınaq qarşılaşmasının ilk hissəsindən sonra yola salındığı halda, mərakeşli Roşdi Aşente ilə İqor Sikorski üç matçda baş məşqçinin ümidlərini doğrultmağa çalışdılar. Lakin Tərlan Əhmədov onlardan da razı qalmadığından, ikisi də yola salındı.
“Ağ-qaralar” bu gün Antalyada növbəti yoldaşlıq görüşünə çıxacaq. Rəqib isə Rusiya təmsilçisi “Krılya Sovetov”du. Əldə etdiyimiz bilgiyə görə, bu oyunda daha bir braziliyalı yoxlanacaq. Həm hücumda, həm də yarımmüdafiədə çıxış edən “sambaçı” Antalyaya özünə yeni iş yeri tapmaq üçün gəldiyindən, “Neftçi” ona şans verəcək.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.