Sizin reklam burada

Aqil Məmmədov qorxusından danışmır

Title
Aqil Məmmədov qorxusından danışmır
“Neftçi” rəsmiləri də səbəb göstərmək əvəzinə “malalayır”
Dünyada başverənlərə nəzarət edənlər Aqil Məmmədov adında azərbaycanlı qapıçının varlığından xəbər tutsa, ona heykəl ucaldarlar. Bəlkə də yeganə oyunçudu ki, dekabrda yeni komanda ilə müqavilə bağlayıb, bir aydan sonra yenidən əvvəlki komandasına qayıdır. Analoqu yoxdu.
Hər bir qərarın arxasında səbəb dayanır. Məsələn, ağlı başında olan biri yolunu düz gedən adama təpik atmaz, başına qapaz vurmaz. Bunu edirsə, deməli, səbəbi var. Aqil də çantasını yığıb “Neftçi”dən getmək fikrinə düşübsə, təbii ki, bu addımı atmağa onu nəsə vadar edib. Adama sual verərlər, gedən idinsə, niyə gəlmişdin? Futbolçunun mərdliyi həm də onunla ölçülür ki, hərəkətinin səbəbini desin, nəyinsə, kiminsə arxasında gizlənməsin. “Neftçi”dəki mühit xoşuna gəlməyib, baş məşqçi ona şans vermirmiş, yoxsa yeməyinə zəhər qatırmışlar – bunlardan hansıdısa, yeni müqavilə bağladığı komandadan gedişinə səbəb kimi göstərməlidi. Di gəl ki, Aqil susur, danışmır. Onunla əlaqə saxlayan həmkarlarımıza bu qaranlıq mövzu ilə bağlı danışmaq istəmədiyini deyib. Ona görə ki, “Neftçi”dən onu yola salanlar bərk-bərk tapşırıblar. İndi nəsə danışsa, sabah kimsə hansısa yolla əvəzini çıxacaq. Qorxduğuna görə də susur. Biri deyir, “Neftçi”nin Rusiya təmsilçisi “SKA-Xabarovsk”la Antalyada baş tutan oyununun (1:8) ikinci hissəsində meydana buraxılmamasına görə küsüb. Bir başqası iddia edir ki, ona Səlahət Ağayevin gedəcəyini deyibmişlər. Səlahət də “ağ-qaralar”dan ayrılmadığına görə Aqil getmək qərarına gəlib. Mən də iddia edirəm ki, Məmmədov “Neftçi”nin avrokuboklara vasiqə qazanmayacağından duyuq düşdüyünə görə hətta çempionluq şansı olan “Qəbələ”yə qayıdıb. Ehtimallarla danışmağa nə var ki?!
Əslində bu işdə, yəni əsl səbəbin üzə çıxmasında “Neftçi” rəsmiləri də maraqlı olmalıdı. Analoqu olmayan transferə görə yerindən duran klub rəhbərliyini qınayır. Düz də edir. Deməli, futbolçuyla paytaxt təmsilçisi arasında hansısa anlaşılmazlıq, problem yaranıb ki, sonda vəziyyət bu həddə çıxıb. Deyək ki, Georgi Navalovskiylə Hüqo Barqas daha yaxşı təklif aldıqlarına görə “Neftçi”dən qaçmışdılar. Bəs Aqil niyə bir ay əvvəl qalmaq istəmədiyi komandaya qayıtdı? Amma “ağ-qaralar”ın rəsmiləri, başda prezident Orxan Hüseynzadə olmaqla susurlar. Çünki deyəcəkləri söz yoxdu, başlarını itiriblər.
Onsuz da klubun mətbuat katibi Anar Şabanoğludan da dəqiq məlumat almayacağımızı bilirdik. Klubun sözcüsü mətbuata prezidentin dediklərini çatdırır. O da danışmaq fikrində deyilsə, Şabanoğlu nə deyəcək? Aqilin komandanı tərk etməsinin səbəbini öyrənmək istədikdə, aldığımız cavab bu oldu: “Aqil həm futbolçu, həm də insan kimi bizim üçün dəyərlidi. Ona görə də onun getmək istəyinə etiraz edilmədi. Aqilin necə insan və futbolçu olduğunu “Qəbələ”nin onu sevə-sevə geri qaytarması da göstərir. Bizə heç bir səbəb demədi, sadəcə, getmək istədiyini bildirdi. Qapı xətti problemli mövqe deyil. Səlahət Ağayev, Rəşad Əzizli, U-21-ə dəvət alan Kamran İbrahimov kimi qolkiperlər var. Ona görə də ciddi itki olduğunu düşünmürəm”.
Anar Şabanoğlu “Futbol+”in sadiq işçisidi. Nəyə qadir olduğunu yaxşı bilirəm, iş bacarığını görmüşəm. Ona da əminəm ki, bu sözlərin heç biri Şabanoğlunun ağlının “məhsul”u deyil. Orxan Hüseynzadənin dediklərini təkrarlayır, buna məcburdu çünki.
Aqil Məmmədov bizim üçün dəyərlidi deyəndə ki... Məgər qalan futbolçular dəyərsizdi? Sabah həmin dəyərlilərdən biri yaxınlaşıb getmək istədiyini desə, arxasınca su töküb yola salacaqsız? Dəyərli futbolçuları yola salmırlar, əksinə, komandada saxlayırlar. Qapı xətti problemli deyil? Həmin Rəşad, Səlahət və Kamran Aqil gələnə qədər də komandada idi. Onda niyə transfer etmişdiz? Məzələnirdiz, yoxsa Məmmədovla şəxsi qərəziniz vardı? O ki qaldı gedən futbolçuya uğurlar arzulamağınıza, insani keyfiyyətlərini qabartmağınıza, bunun da sadə səbəbi var: “orda-burda heç nə danışma” demisiz, o da tapşırığınıza əməl edir. Sabah ağzını açıb bir kəlmə söz desə, dəyərli bildiyiniz adam dəyərsizə çevriləcək. Odu ki, öz başınızı aldadın, xalqın yox. Onsuz da aldana-aldana gedirsiz.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.