Sizin reklam burada

Yığmanın heyəti müzakirələrə səbəb oldu

Title
Yığmanın heyəti müzakirələrə səbəb oldu
Dünən Qurban Qurbanovun milliyə dəvət göndərdiyi futbolçuların siyahısı açıqlandı. Millinin yeni çalışdırıcısının seçimi heç də az müzakirələrə səbəb olmadı. Sosial şəbəkələrdə mövzu ilə bağlı xeyli şərhlər yazıldı ki, onların bəziləriylə sizləri tanış etmək istəyirik. Bu yöndə xüsusilə idman yazarları daha fəal idi. Müəyyən qism Qurban bəyin düzgün seçim etdiyini bildirsə də, baş məqçinin qərarından narazı qalanlar da az deyil.
Mahir Rüstəmli (Futbol+): “Bəli-bəli, Azərbaycanın futbol yığması dünyada 10 milyon baş məşqçisi olan yeganə komandadı!”
Kənan Həsənov (Futbol+): “Bəlkə də bilmədiyimiz, bizə məlum olmayan səbəblər var. Fakt budu ki, kənarda qalanlar çoxdu...”
Sərxan Musalı (Futbol+): "Qəbələ"dən cəmi 3 futbolçu yığmaya çağırılıb. Maraqlıdı...”
Tahir Mirzə (Futbol+): “Qurbanov yığmanın heyətini açıqlayıb. Demək olar ki, "Qarabağ"ın bütün yerlilərini yığmaya çağırıb. “Kak raz Türkiyədəyik, yığma adıyla məşq edək” deyib”.
Anar Xanlarov (rekord.az): "Sumqayıt"ın bütün oyunlarında 90 dəqiqə meydanda olan və müdafiədə əvəzolunmazı sayılan Bəxtiyar Həsənalızadə qala-qala, həmin klubda ehtiyatda oturan Bəhlul Mustafazadə milliyə çağırılırsa... Bəs Amil Yunanov? Çempionatın bombardiri və ən yaxşı formada olan hücumçusu kənarda qalır, amma 2 dövrədə bir qol belə vura bilməyən Ramil Şeydayev milliyə çağırılır. Bir futbolçunu bu qədər sındırmaq olmaz. Qurban Qurbanov dedik, illərdi sürən adambazlığa, ədalətsizliyə son qoyar dedik, amma... Nə bilim, ümid edək ki, ilk toplanış olduğu üçün belədi”.
Elnur Həmidov (komanda.az): “Millidə ciddi hücumçu problemi var. Qurban Qurbanov siyahıya 3 forvard daxil edib - Ramil Şeydayev, Mahir Mədətov, Ruslan Qurbanov. Ramil sonuncu dəfə nə vaxt qol vurduğunu özü də unudub. Qriqorçuk "Qəbələ"nin çempionatdakı son oyunlarında Ruslandan müdafiəçi kimi istifadə etmişdi. Qaldıq Mahirin ümidinə. O da sırf hücumçu deyil”.
Zaur Xudiyev (apasprot.az): “Ay başınıza dönüm, ay qadanızı alım, ay adamlar, ay yoldaşlar! Qurban Qurbanov da sizin, bizim kimi adamdı. Su üstündə gəzən İsa, dənizi yaran Musa deyil. Uğurlu personadı, bəli! Amma onun uğuru ilahi vergi deyil. Əziyyətlə, işləməklə, səhv etməklə və bu səhvlərdən çıxartdığı nəticələrdən əldə olunan təcrübə hesabına yaranıb bu uğur. Həyat davam edir, davam etdikcə səhvlər də olacaq, düzlər də olacaq, tənqid də olacaq. Birini biz (media, azarkeşlər, ictimaiyyət) deyəcək, birini özü görəcək və beləcə nəsə olacaq. Yoxsa ki, adamın ilk tənqidindəcə qabağına qalxan tutmağın nə adı var? İmkan verin, bir isinişək də bir-birimizə. Necə deyərlər, çünki oldun dəyirmançı, çağır gəlsin, dən Koroğlu. Mübarək olsun!”
Vüsal Mahmudov (futbolinfo.az): “Kosovonun əvəzinə rəqib axtarmağa dəyməz. “Qarabağ”dan 11 nəfər var, qalanları da bir komanda – ikitərəfli oyun keçirmək olar”.
Araz Əhmədov (sportfm.az): “Demək "Qarabağ"da ehtiyat skamyanın bəzəyi olan Elvin Yunuszadə (düşərgədə olan yeganə mərkəz müdafiəçisidi), Abbas Hüseynov yığmaya çağırılıb, Bəxtiyar Həsənalızadə isə yox. Hələ Şahruddinlə Mirzəbəyov da ordadı, Amil Yunanovla Tellur Mütəllimov isə kənarda qalıb”.
Elnur Məmmədli (CBC Sport): “Elvin Yunuszadə Dilçilik İnstitutunun ləğv etmək istədiyi 2 "s" hərfi olan sözlər kimidi: oldu nə xeyri, olmadı nə xeyri?!”
Kənan Məstəliyev (rekord.az): “Qurban Qurbanovun açıqladığı heyət normaldı. Ədalət prinsipinə əsaslandığı hiss olunur. "Sumqayıt"dan futbolçu çağırıb adam. Nəhayət, futbola düzgün bucaq altında baxan adam gəldi bu millinin başına”.
Saşa Yunisoğlu (millinin sabiq üzvü): “Bəxtiyara görə tam razıyam. Bu uşaq cox perspektivlidi. Milli onun səviyyəsini qaldırmaq üçün çox güclü təkan ola bilər. Belə olsa, gələcəkdə Bəxtiyar yığmanın əsas mərkəz müdafiəçilərindən birinə çevrilər. Milliyə çağırılmasa, yerində sayacaq və inkişaf etməyəcək. Bir-iki ildən sonra Azərbaycan futbolu daha bir perspektivli futbolçunu itirəcək”.
RƏŞAD hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.