Sizin reklam burada

Yunis Hüseynov gecə-gündüz axtarır

Müəllif: football Tarix: 28-01-2018, 14:32 2 505 Baxış
Yunis Hüseynov gecə-gündüz axtarır
“Dario hardasa 60 faiz hazırdı”
Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Kəpəz” hazırlığa ara vermir. “Sarı-göylər” baş məşqçinin planına əsasən artıq iki yoxlama görüşü keçirib. Gəncəlilər Rumıniyanın “Vitorul” və Cənubi Koreyanın “Daejeon Sitizen” komandaları ilə qarşılaşıb. İlk görüşdə 1:1 hesablı heç-heçəyə razılaşan qərb təmsilçisi son oyunda 1:0 hesabıyla qələbə qazanıb. Baş məşqçi Yunis Hüseynov klub saytına açıqlamalar verərək yoxlama oyunlarını və toplanışın gedişini dəyərləndirib: “Birinci yoxlama matçına kimi gündə iki dəfə məşq keçirdik deyə uşaqlar fiziki cəhətdən yüklənmişdilər. Ağır məşqlərdən sonra oyuna çıxdıq. Buna baxmayaraq, matçın hesabı yox, futbolçuların verilən tapşırıqları yerinə yetirib düzgün oynamaları məni maraqlandırırdı. Onların əzmkarlığını və mövqelər üzrə necə çıxış etməsini görmək istəyirdim. Oyunçular yaxşı təsir bağışladılar. Meydanda döyüşkən komanda gördüm. Mübarizə keyfiyyətləri xoşuma gəldi. Mehriban kollektiv formalaşıb. Futbolçular meydandan kənarda da bir yerdədilər. Sözləri bir-birinə xoş gəlir (gülümsəyir). Əsas olan budu. Kollektiv yaxşı olanda, bu, nəticədə də əks olunur. İkinci oyunda da futbolçular səylə mübarizə apardı. Bu məqam məni sevindirir. Amma çatışmayan cəhətlər var və bunun üzərində işləyirik. Vəziyyəti düzəltmək üçün əlimizdən gələni edəcəyik”.
Təcrübəli çalışdırıcı transfer çalışmalarının yekunlaşmadığını və axtarışda olduqlarını deyib: “Ön xətdə çatışmazlıq var. Hücumçu mövqeyinə hələ ki oyunçu tapa bilməmişik. Bu yöndə işlər gedir. Azarkeşlərimiz elə bilməsinlər ki, dayanmışıq. Əsla! Gecə-gündüz axtarışdayıq. Menecerlər tərəfindən çox sayda futbolçular təklif olunur, onları təhlil edirik. Komandamıza kömək edə biləcək forvard götürmək fikrindəyik. Bu istiqamətdə çalışırıq. Düzdü, çətindi, amma bacardığımız qədər bunun öhdəsindən gələcəyik. Yeni komanda formalaşdırmışıq. Heyətə çox sayda yeni futbolçular cəlb etmişik. Toplanışda taktiki hazırlıqlara üstünlük vermişik, uşaqların meydanda bir-birini daha yaxşı başa düşməsi üçün çalışırıq. Çətin olmasına baxmayaraq, 50-60 faiz anlaşma var. Bu heyətlə cəmi iki matç keçmişik, bütün futbolçulara oynamaq şansı verilib. Oyunçular hazırlıq prosesində öz üzərlərində səylə çalışırlar, yaxşı əhval-ruhiyyə ilə məşq edirlər. Hər birindən razıyam. Bura gələndən istirahət etməmişik, bütün fikrimiz ciddi şəkildə hazırlığa yönəlib. Şükür ki, heyətdə zədəli oyunçumuz yoxdu”.
Yunis bəy 2015/16 və 2016/17 mövsümlərində “Kəpəz”də forma geymiş Dario Federikonun yenidən komandaya qayıtmasına da münasibət bildirib: “Dario gəncəli azarkeşlərin sevimli futbolçularından biridi. Onunla müqavilə bağladıq, inanırıq ki, “Kəpəz”ə kömək edəcək. Federiko öz oyununu göstərə bilir, bununla belə, fiziki planda tam hazır deyil. Durumunu yaxşılaşdırmaq üçün fərdi proqram tutmuşuq, onun üzərində iş gedir. Çalışacağıq ki, çempionatın ikinci hissəsinin startı üçün hazır edək. İndi hardasa 60 faiz hazırdı”.
HƏBİB
SON XƏBƏRLƏR