Qış fasiləsində premyer-liqanın iki təmsilçisində heyətlə bağlı köklü dəyişikliklər müşahidə olunmaqdadı. Biri “Keşlə”disə, digəri “Kəpəz”di. Hər iki komandanın siyasəti anlaşılandı. Baş məşqçi dəyişikliyi olub deyə, yeni çalışdırıcılar mühiti dəyişmək istəyir.
Yunis Hüseynov 11 futbolçuyla yolların ayrılmasına qərar verəndən sonra yeni futbolçularla müqavilələr bir-birini əvəzləməyə başladı: Samir Zərgərov, Murad Səttarlı, Roman Hüseynov, Tərzin Cahangirov, Tərlan Qasımzadə, Quili Mancqaladze, Sergey Litovçenko. Hələ Bakıdakı toplanışda bu futbolçuların hamısı ilə rəsmi anlaşma əldə olundu. Qalırdı iki braziliyalılar – Dario Federiko və Dieqo Qusmao. Artıq onları da “Kəpəz”li adlandıra bilərik. Hazırda Antalyada olan Gəncə təmsilçisi hər iki futbolçu ilə müqavilə bağlayıb. Dario ilə anlaşmanın müddəti cari mövsümün sonuna qədər nəzərdə tutulduğu halda, Dieqo dekabra qədər “sarı-göylər”ə məxsus olacaq. Çox güman, ukraynalı mərkəz müdafiəçisi İqor Korotetski də karyerasını “Kəpəz”də davam etdirəcək.
HƏBİB