Sizin reklam burada

Rövşən Bayramov yığmada məşqçi kimi çalışır

Baxış Sayı:597

Rövşən Bayramov yığmada məşqçi kimi çalışır
“Onlar daha enerjili və istəklidi”
Sərbəst və yunan-Roma güləşi üzrə yığmalar Olimpiya Güləş Mərkəzində təlim-məşq toplanışını davam etdirir. Dünən millilərin mətbuat üçün açıq məşqi keçirilib. Hazırlıq prosesindən sonra Güləş Federasiyasının (AGF) 1-ci vitse-prezidenti Firdovsi Umudov jurnalistlərin suallarını cavablayıb: "Hazırda sərbəst və yunan-Roma güləşçiləri hazırlığı davam etdirir. “Klassiklər”in bir qismi İranda keçirilən beynəlxalq turnirdə iştirak edir. Fevralın əvvəlində “sərbəstlər”in də həmin ölkədə yarışı gözlənilir. Daha sonra isə komandalarımız Ukraynanın paytaxtı Kiyevdə keçiriləcək turnirdə iştirak edəcək. Orda həm sərbəst, həm qadın, həm də yunan-Roma güləşçilərimiz mübarizə aparacaq. Bu il sərbəst güləşçilərimiz həm də ABŞ-da təşkil olunacaq Dünya Kubokunda qüvvəsini sınayacaq. Məhz İran və Ukraynadakı turnirlərdən sonra Avropa çempionatında iştirak edəcək heyəti müəyyənləşdirəcəyik".
Həm Federasiyanın idarəçiliyində, həm də yığmaların məşqçi heyətində müəyyən dəyişikliklər edildiyi deyən Umudov bu dəyişikliklərin AGF-nin gələcək fəaliyyətinə yeni nəfəs gətirəcəyini bildirib: "Bu qaydada davam edəcəyik. Dəyişikliklər məşqçilər heyətində də olacaq. Artıq Rövşən Bayramovla Emin Əhmədovu yunan-Roma güləşi üzrə yığmaya məşqçi kimi cəlb etmişik. Sərbəst güləşdə də gənc kadrlarımıza - Əşrəf Əliyevlə Yaşar Əliyevə üstünlük vermişik. Onlar daha enerjili və istəklidi. Öz bilik və bacarıqlarını yığma üzvləri ilə paylaşacaqlar. Hədəfimiz dövlətimiz, millətimiz üçün çalışmaqdı. Ölkə rəhbərliyi səviyyəsində bütün idman növlərinə nəzarət olunur. Güləş isə xüsusi nəzarətdədi. Biz də çalışıb, etimadı doğrultmalı, nəticələrimizlə hamını sevindirməliyik. Federasiya prezidenti Fazil Məmmədovun mənə göstərdiyi etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm. Əsas hədəflərimizdən biri yığmada dəmir intizamın olmasıdı. Bu uğurun əsas "açarıdı". Bunu idmançılarımıza da demişəm. Hər idmançı üçün ölkəsinin bayrağını dalğalandırmaq böyük şərəf olmalıdı”.
Umudov yaxınlarda baş katib vəzifəsində edilən dəyişikliyi isə belə əsaslandırıb: “Deməzdim ki, Rəşad Əli-Zadə zəif çalışırdı. O, Otüstü Hokkey Federasiyasında da çalışırdı. Bundan sonra AGF-də işləməyəcək. Yeni baş katib Orxan Məmmədov isə illərdi bu sahədədi. Güləşdiyi vaxt milli üzvü olub. Yeniyetmələr arasında ölkə çempionu adını qazanıb. Güləşçilərin psixologiyasına bələddi. 10 ilə yaxındı idman şöbəsinin müdiri idi. Bu üzdən baş katib vəzifəsinə namizədliyi irəli sürüldü və təyinatı rəsmiləşdi”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR