Antalyada təlim-məşq toplanışında olan “Keşlə” dünən qardaş ölkədə ilk yoxlama matçına çıxdı. Bəribaşdan qeyd edək ki, hazırlığın ilk mərhələsində Bakıda "Qaradağ Lökbatan", "Neftçi" və "Zirə"ylə qarşılaşan, hamısında qalib gələn Yuri Maksimovun komandası Antalyada da bu seriyanı davam etdirdi. Belə ki, paytaxt təmsilçisi "Rabotniçki"ni üstələdi. Ukraynalı mütəxəssis Makedoniya komandası ilə qarşılaşmaya fərqli heyətlə çıxdı ki, bu mənada son transfer Klennon və Sohna debütdə ansamblı pozmadı: Kamran Ağayev, Adrian Skarlatake, Denis Silva, Cəmil Əmirli, Slavik Alxasov, Ebrima Sohna, Andre Klennon, Pablo Padio, Məqsəd İsayev, Vaqif Cavadov, Pərdis Fərcad-Azad.
Makedoniya klubu ilə oyun "Keşlə"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı ki, qarşılaşmanın taleyi ilk yarıda, konkret 30-cu dəqiqədə vurulan qolla həll olundu. Paytaxt təmsilçisinin heyətində Adrian Skarlatake fərqləndi. Xatırladaq ki, “Keşlə” Antalya toplanışı çərçivəsində yanvarın 29-da “Karpatı” (Ukrayna), fevralın 1-də isə “Yenisey”lə (Rusiya) üz-üzə gələcək.
Maksimovun “Rabotniçki” ilə oyunla bağlı fikirləri: “Biz hər oyuna udmaq üçün hazırlaşmırıq. Oyunçuları yoxlamaq, yükləmədən sonra necə göründüklərinə baxmaq istəyirik. Yeni oyunçuları nəzərdən keçiririk, axı, çempionata çox az vaxt qalır. Problemli mövqelərə oyunçular tapmaq istəyirik. Məşqçi oyunçuların bir-biri üçün can qoyduğu kollektiv qurmaq istəyir. Komanda ruhu xoşuma gəldi, futbolçuların gözlərində alov gördüm”.