Vaut Veqhorstun bu mövsüm işləri qaydasında getmir.
“Football-plus.az” xəbər verir ki, təcrübəli niderlandlı forvard hazırda icarə əsasında “Hoffenhaym”da çıxış edir. Müqavilə ilə “Bernli”yə məxsus olan 31 yaşlı futbolçu ötən mövsümü isə icarə əsasında əvvəlcə “Beşiktaş”da, sonra “Mançester Yunayted”də keçirmişdi. Düşünmək olardı ki, bundesliqada onun məhsuldarlığı yenə artacaq. Çünki Veqhorst daha öncə “Volfsburq”da yaxşı performans sərgiləmiş və orta hesabla hər 2 oyuna 1 qol vurmuşdu. Amma o, bu mövsüm bundesliqada artıq 5 oyun keçirsə də, hələ də qol hesabını aça bilməyib. Son mundialda Argentinanın qapısına 2 qol vurmaqla və Lionel Messi ilə yaşadığı qalmaqalla diqqət mərkəzinə düşən Veqhorst bugünlərdə Almaniya mətbuatına müsahibə verib.
- Zəngin ailədən gəlməyinin və atanın 100-dən çox yanacaqdoldurma mərkəzinin sahibi olmasının sənə köməyi dəyib, yoxsa əksinə, ziyan vurub?
- Atam ilk klubumun əsas sponsorlarından biri idi. O vaxt hamı deyirdi ki, məni yalnız atamın hesabına kluba götürüblər. Amma ilk gündən hər kəsə dedim ki, karyeramı öz hesabıma qurmaq istəyirəm. Atamın biznesinin bura dəxli olmayacaq. Heç vaxt onun mənə köməyinin dəyməsini istəməmişəm. Düzdü, məsələn, 18 yaşım olanda müəyyən şübhələrim yaranmışdı. O vaxt hələ yaxşı oynamırdım. Yadımdadı ki, həmin vaxt valideynlərim məndən B planımın oplub-olmadığını, başqa bir işlə məşğul olmaq istəyib-istəmədiyimi soruşdular. Amma qarşıma peşəkar futbolçu olacağımla bağlı konkret məqsəd qoymuşdum. Səhərlər oxuyurdum, günortalar işləyirdim, axşamlar isə futbol oynayırdım. İnadkarlığım və hər şeyə tez uyğunlaşmağım sayəsində 21 yaşında yolum “Herakl”a düşdü. Erediviziyadakı ilk oyunumdaca qol vurdum. Bir neçə həftə sona “Ayaks”la qarşılaşdıq və o zaman ilk dəfə dərk etdim ki, mən artıq peşəkar futbolçuyam. Hətta o qədər güclü emosiyalar yaşamışdım ki, göz yaşlarımı da saxlaya bilməmişdim. Mənə inanmayanların ağzını yummaq üçün başqa variantım qalmamışdı. Ya futbolçu olmalıydım, ya da futbolçu olmalıdıydım!
- Bir dəfə müsahibəndə qeyd etmişdin ki, həvəskarlar liqasında oynadıqda belə artıq peşəkar kimi yaşayırdım.
- Bəli, o vaxtdan hər xırda detala fikir verməyə çalışırdım. Yeməyimə, yatmağıma fikir verirdim. Oyunlardan öncəki gecə heç vaxt əylənməyə çıxmırdım. Bilirdim ki, yalnız bunun hesabına istəyimə çatacam. Mən futbolu əyləncə xətrinə yox, qələbələr, titullar qazanmaq üçün oynayıram. Həmin vaxt ilk dəfə həyat tərzimin komanda yoldaşlarımınkından fərqləndiyini anladım.
- Məğlubiyyəti qəbul etməmək keyfiyyətin indiyə kimi qalıb?
- Bəli, həmişə qalib gəlmək istəyirəm. Uduzanda anlayıram ki, bu, idmanın ayrılmaz hissəsidi. Amma meydanda bütün gücümü qoyandan sonra da uduzuramsa, mənə çox pis təsir edir. Bu durumla barışmaq çətindi. Həmişə maksimuma can atmışam.
- Niderlandın heyətində mundialda oynamaqla, yəqin ki, ən böyük arzuna çatdın.
- Orda karyeramın ən parlaq anlarını yaşadım. Argentinaya qarşı oyunumuzun ssenarisi ağlasığmaz alındı. Həmin an 2 qol vurmağıma o qədər də önəm verməmişdim. Sonradan şəkillərə təkrar baxdıqda həqiqətən də böyük bir şey etdiyimi dərk etmişdim.
- Dubl etməyinə baxmayaraq, penalti seriyasında uduzduz. Həmin oyunu fəxrlə xatırlayırsan, yoxsa üzüntü ilə?
- Belə anların qədrini bilməyi öyrənmişəm. Təbii ki, o matçda başverənlər tez-tez gözümün önündə canlanır. Düşünürəm ki, görəsən, penaltilərdə qalib gəlsəydik, yarımfinalda Xorvatiyanı keçə bilərdikmi? İstər-istəməz beynimdə belə fikirlər dolaşır. Suala gəlincə, təbii ki, oyunu böyük fəxrlə xatırlayıram. Həmin oyundan sonra 2-3 gecə gözümə yuxu getməmişdi.
- Messi ilə aranızda başverənlərin biabırçılıq olması ilə razısan?
- Xeyr. Kənardan necə görünürəmsə, eləyəm. Qarşımdakı rəqibin kim olması mənim üçün önəmli deyil. İlk qolumdan sonra Messini qıcıqlandırmaq üçün onu bilərəkdən yıxdım. Üzrxahlıq üçün əlimi uzatdıqda qəbul etmədi. Sonra vəziyyət cızıqdan çıxdı. Amma buna ciddi problem kimi yox, əksinə, kompliment kimi baxıram. Çünki oyunumla Messi kimi böyük futbolçunu üzməyi bacardım. Ona həmişə hörmətim olub.
- Oyunsonrası müsahibədə Leo səni axmaq mənasını verən “bobo” adlandırdı. Bu, sənə təsir etmədi?
- Qətiyyən. “Yunayted”ə transferimdən sonra orda həmin Argentina yığmasında oynamış və dünya çempionluğunu qazanmış Lisandro Martineslə qarşılaşdım. İlk məşqdəcə onun mənə münasibətindən hiss etdim ki, hələ də həmin qarşılaşmada yaşananları unutmayıb. Sonra məşqlərin birində mən özüm Martinesi “bobo” adlandırdım. Gülümsədi və həmin andan sonra aramızdakı “buzlar əridi”. Həmin gündən sonra “Yunayted”də komanda yoldaşlarım məni “bobo” çağırmağa başladı (gülür).
- 3 qızın var. Ailədə sən tək 4 qadına qarşısan. Çətinlik çəkmirsən?
- Nə çətinlik? Əksinə, hər şey əladı! Həmişə arzum bu idi ki, çox uşağım olsun. Xüsusilə də dörd qız atası olmaq istəyirdim. Hələ ki üç qızım var. Görək dördüncüsü nə vaxt gələcək... (gülür)
- Son ilyarımda karyeran çox qeyri-sabit alınıb. Bu müddətdə 4 klubda oynamısan. Bu, sənə nə qazandırıb?
- Həmin klublarda möhkəmlənə bilməsəm də, əla təcrübə qazandım. Bu transferlər mənə tək futbolçu kimi yox, şəxsiyyət kimi də inkişaf etməyə yardım etdi. Premyer-liqada oynamaq çoxdankı arzum idi. Ona görə də “Bernli”yə yollandım. Sonra İstanbulda elə bir azarkeşlik ehtirası gördüm ki, onu dünyada heç nə ilə müqayisə etmək olmaz. “Yunayted” kimi dünyanın ən böyük klublarından birində oynamaq fürsətini isə əldən verə bilməzdim. Bu da həyata keçən daha bir uşaqlıq arzum oldu. Təəssüf ki, orda ümidləri doğrultmadım. Aşıq danışsaq, 31 oyuna 2 qol hücumçu üçün çox zəif göstəricidi. Amma fanatlar görürdü ki, mən hər oyunda gücümün 100 faizini meydanda qoyuram. Hər şeyə rəğmən, “Yunayted”dəki dönəmimi həmişə xoş hisslərlə xatırlayacam.