“Ancaq vaxt var idi azərbaycanlı qolkiperlər Ukraynaya üz tuturdu”
Ukrayna mətbuatı hazırda ölkə xaricində top qovan və çalışan həmyerliləri ilə bağlı mövzuya toxunub. Ukraynalı həmkarlarımız Azərbaycan çempionatını, xüsusilə də bu yaxınlarda Yuri Maksimovu “sükan arxasına” gətirən “Keşlə”ni də yada salıblar: “Maksimov “Keşlə” ilə sıçrayış edib avrokuboklara vəsiqə qazanmaq istəyir. Bu komandada ukraynalı futbolçuların da olacağı gözlənilir. Ancaq Maksimovun tələbləri çox yüksəkdi. Onunla kim işləyibsə, bunu bilir. Bir neçə gün öncə istedadlı yarımmüdafiəçi Anton Postupalenko ilə bağlı xəbərlər yayıldı. Ötən “futbol ili”ndə ulduzu parlayan yarımmüdafiəçi cari mövsümün əvvəlini boşa verməklə yadda qaldı. Belə ki, o ötən yay çempionata hazırlaşmaq əvəzinə bütün vaxtını yeni klub axtarışına həsr etdi. Və nəticədə heç bir yenilik olmadı, yenidən o qədər də xoş təsir bağışlamayan “Olimpik”ə döndü. Ancaq əvvəlki formasını bərpa edə bilmədi. Qış fasiləsində yarımmüdafiəçi “Veres”ə üz tutdu ki, orda ona Ruslan Stepanyukun əvəzləyicisi kimi baxırdılar. Lakin cəmi bir məşqdən sonra Anton düşərgədən ayrıldı. Yeni klubu bəyənmədi və ya Belarusdan olan məşqçilər koprusu onu bəyənmədi - bunu heç kim bilmir.
Sonuncu dəfə yarımmüdafiəçinin səs-sorağı Azərbaycan təmsilçisi “Keşlə”dən gəldi. Bu gün artıq cümə axşamıdı. Onunla bağlı ən son xəbər isə belədi: Maksimov Antonu bəyənməyib. Sonra necə olacaq? Yarımmüdafiəçi yenidən “Olimpik”ə qayıdacaq, yoxsa “Veres”ə? Hadisələrin necə inkişaf edəcəyini gözləyək.
Odu ki, “Keşlə”də hələ ki ukraynalı futbolçular yoxdu. Deyilirdi ki, Maksimov “Yagelloniya”nın yarımmüdafiəçisi Dmitri Xomçenovski ilə maraqlanır. Lakin futbolçu son anda fikrindən daşınıb və Belostok klubunda qalmağa üstünlük verib. Ancaq əldə etdiyimiz məlumata görə, futbolçu Polşa təmsilçisi ilə yolları ayırmaq istəsə də, rəhbərlik buna imkan verməyib. Halbuki futbolçumuz “Yagelloniya”da, demək olar ki, oynamır. Birvaxtlar ölkənin əsas millisinə də cəlb olunan yarımmüdafiəçi çempionatda cəmi 6 matça çıxıb.
Əvəzində qapıçımız, ötən mövsüm Tiflis “Dinamo”sunda uğurlu mövsüm keçirən Sergey Litovçenko “Kəpəz”lə anlaşıb. Bundan sonra Azərbaycanda üç qolkiperimiz – Dmitri Bezotosnı (Qəbələ), Anton Kanibolotski (Qarabağ) və Litovçenko çıxış edəcək. Hətta deyilənə görə, vaxtilə “Qarabağ” daha bir qapıçımıza – Dmitri Pasta da “elçi düşüb”, ancaq istəklərinə nail olmayıblar. Ancaq vaxt var idi azərbaycanlı qolkiperlər Ukraynaya üz tuturdu: Yuri Romenski, Elxan Rəsulov, Aleksandr Jidkov...”
RƏŞAD hazırladı