"Səbail" dünən Antalyada növbəti yoxlama matçını keçirib. Çərşənbə axşamı Odessa "Çernomorets"i ilə qarşılaşan və qolsuz heç-heçəyə razılaşan debütant bu dəfə Serbiya "Napredak”ı ilə münasibətləri aydınlaşdırıb. Öncədən vəd verdiyi kimi, baş məşqçi Samir Əliyev ikinci qarşılaşmaya dəyişik heyətlə çıxıb. Gənc mütəxəssis bu dəfə "çərçivə"ni Əmirhüseyn Nəcəfiyə etibar edib, həmçinin ukraynalılarla oyunda ehtiyatda qalan Vüqarı və Maudonu ilk dəqiqələrdən meydana buraxıb. Beləliklə, “Səbail” "Napredak”la matça bu "11-lik"lə başlayıb: 22. Əmirhüseyn Nəcəfi, 26. Kamal Qurbanov, 14. Niko Abakidze, 99. Maudo Jarjue, 23. Ayron Stati, 13. Yevgeni Kotyuk, 3. Tamazi Tsetsxladze, 5. Kərim Diniyev, 11. Elman Taqayev, 10. Nurlan Novruzov, 17. Vüqar Nadirov.
Oyun Serbiya komandasının istifadəsində olan təlim mərkəzində - Akdəniz Universitetinin "Zeki Budak Sahası"nda baş tutub. Yeri gəlmişkən, bu məkan "Antalyaspor"un öz arenası inşa olunana qədər istifadə etdiyi stadion olub. Bakı vaxtilə saat 17.00-da başlayan oyun 1:1 hesabıyla nəticələnib. Hər iki qol ilk 45 dəqiqədə vurulub. "Səbail"in heyətində Vüqar Nadirov hesabı 25-ci dəqiqədə açıb, rəqib fasiləyə qədər cavab qolunu vurub. Tərəflərin ikinci yarıda çoxsaylı qol imkanlarına baxmayaraq, 1:1 hesabı dəyişməyib. Beləliklə, “Səbail” Türkiyədəki ikinci yoxlama oyununda da heç-heçəyə razılaşıb.
Qeyd edək ki, “Səbail” növbəti yoxlama oyununu yanvarın 29-da Bolqarıstan “Lokomotiv”inə (Plovdiv) qarşı keçirəcək.