Sizin reklam burada

Şəhriyar Məmmədyarovun titula gedən yolu ağırdı

Baxış Sayı:464

Şəhriyar Məmmədyarovun titula gedən yolu ağırdı
“Şəxsi oyunlarda Karlsendən geri qalmağım növbəti görüşə təsir göstərməyəcək”
Şahmatsevərlərin diqqəti Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən “Tata Steel” yarışına yönəlib. Superturnirin son 3 turu ərəfəsində 3 hakimiyyətlilik hökm sürür. Maqnus Karlsen (Norveç, 2834), Aniş Giri (Hollandiya, 2752) və Şəhriyar Məmmədyarov (2804) 7 xalla şərikli liderdi. Bukmeker kontorları 3 qat dünya çempionunu qələbəyə daha yaxın görür. Karlsenin qələbəsi 2 əmsalla qiymətləndirilirsə, Giridə bu göstərici 2,75-ə bərabərdi. Həmyerlimizin qələbəsinə pul qoyanlar isə 5 qat artığını qazana bilər. Əslində təqvimin qalan hissəsi yerli publikanın sevimlisi üçün daha münasibdi. Giri bu gün turniri bərbad keçirən Fabiano Karuana (ABŞ, 2811) ilə qarşılaşacaq. Növbəti 2 rəqib də top-şahmatçılar sırasında deyil. Söhbət Baskaran Adhiban (Hindistan, 2655) və Yi Veydən (Çin, 2743) gedir. Maraqlıdı ki, Girinin son 3 rəqibi Məmmədyarovun bu yarışda qalib gəldiyi şahmatçılardı. Şəhriyarın titul qazanması daha çətin görünür. Sumqayıtlı qrossmeyster bu gün 3 qat dünya çempionu Karlsenlə, sonuncu turda isə 4 dəfə kainatın ən güclüsü ünvanını qazanan Vişvanatan Anandla (Hindistan, 2767) münasibətləri aydınlaşdıracaq. Yalnız 12-ci turdakı rəqib Qavleyn Cons (İngiltərə, 2640) daha münasib şahmatçıdı. Maqnus Şəhriyardan sonra Maksim Matlakovla (Rusiya, 2718) Sergey Karyakini (Rusiya, 2753) sınağa çəkəcək. Norveçli zəka sahibinin Matlakov üzərində qələbə qazanması daha real görünür. Bir sözlə, yığmamızın lideri çətin olanı reallaşdırmalı, titula yiyələnmək üçün qarşıdakı 3 görüşdən ən azı ikisində qələbə qazanmalıdı.
Bu arada Məmmədyarov 10-cu turda Pyotr Svidlerə (Rusiya, 2768) qalib gəldiyi görüşü belə şərh edib: “Bu gün çox yaxşı oynadım. Rəqibim haqda isə eyni sözləri deyə bilmərəm. Açılışdan sonra Svidlerin vəzirlə gedişi kobud səhv idi. Vəzir b3 gedişindən sonra Pyotrun məğlub olacağı görünürdü. Bu görüşdə əlahiddə bir şey etmədim. Piyadalarla f5 və g5 hücumlarını öncədən planlaşdırmışdım. Çalışıram ki, mümkün qədər maraqlı oyun göstərim. Hərçənd Aniş Giri ilə görüş çox cansıxıcı alındı. Fəal oynamadım və uduzdum. Rəqib açılışda çox sürətli oynayırdı. Mən də onun tempinə uydum. Sürətli gedişlər səhvlərə yol verməyimlə nəticələndi. Giri başqa gedişlər edirdisə, mən eynisini təkrarlayırdım. Bir də ayıldım ki, çox ağır vəziyyətdəyəm. Açılışdan sonra mövqeyim çox ağır idi. Yadımdadı, “Qran-pri”də Baadur Cobava ilə oyunum da bu məcrada keçmişdi”.
Şəhriyar Karlsenlə baş tutacaq qarşılaşma haqda nikbin düşünür: “Artıq yeni ildə və fərqli əhval-ruhiyyədəm. Karlsenlə görüşdə də qələbə qazanmağa çalışacam. Niyə də olmasın?! Norveçli şahmatçıya uduzduğum oyunları unutmuşam. Xatırlayıram, biz ilk dəfə Bakı “Qran-pri”sində qarşılaşmışdıq və mən qalib gəlmişdim. Statistika böyük önəm kəsb etmir. Şəxsi oyunlarda Karlsendən geri qalmağım növbəti görüşə təsir göstərməyəcək. Ona qalsa, Giri də Kramnikə daha çox uduzmuşdu. Ancaq bu turnirdə Aniş Vladimiri məğlub etməyi bacardı”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR