“Qəbələ”nin 3–cü yoxlama oyununda “Rabotniçki”yə (2:1) qalib gəldiyini bilirsiz. Bu, “qırmızı-qaralar”ın yeni ildə ilk qələbəsi oldu. Baş məşqçi Roman Qriqorçuk bu görüş haqda klub saytına bunları deyib: “Oyun vaxtını futbolçular arasında bölmüşdük. İstədiyimiz də uğurlu alındı. Milli üzvlərinə daha çox oynamaq imkanı verdik ki, onlar yığmaya tam qaydasında yollansınlar. Yanvarın 27-də keçirəcəyimiz qarşılaşmada isə onlara az şans verəcəyik. Ola bilər ki, bu oyunçular istirahət etsin. Onlar ayın 30-da meydana çıxacaq və bir matçdan sonra geri dönəcəklər. “Rabotniçki” ilə oyuna gəlincə, görüşdə yetərincə məlumat əldə etdik. Yoxlama oyunlarında belə olur. Bu gün müsbət məqam daha çox idi. Əlbəttə ki, səhvlər də oldu. Ümumilikdə hazırlıq qaydasında gedir. Bu qarşılaşmanın əvvəlki iki matçdan aşkar fərqləndiyini deməzdim. Amma ümumilikdə yaxşı oyun oldu. Həmin görüşlərdə də imkanlarımız olmuşdu. Müsbət məqam kimi onu qeyd edərdim ki, bütün futbolçuları meydanda görə bildik. Bunu əvvəl gerçəkləşdirə bilmirdiksə, bu dəfə hər şey planauyğun şəkildə oldu. Bu da müsbət məqamdı”.
Dünən komanda yalnız bir məşqlə kifayətlənib. Qriqorçuk yorğun futbolçuları yükləməyib. Kollektiv yalnız səhər fitnesdə çalışıb. Zədəlilərə gəlincə, İlqar Qurbanovun ağrıları varsa, Famussa Kone bir neçə gündü fərdi məşqlə kifayətlənir. Malili hücumçu bu gündən komandanın hazırlığına qoşulacaq.
Bu arada “Qəbələ” köhnə-yeni transfer reallaşdırıb. Futbolda nadir rastlanan keçid baş tutub. Belə ki, qış fasiləsinin startında “qırmızı-qaralar”dan ayrılıb “Neftçi”yə üz tutan Aqil Məmmədov geri qayıdıb. Qolkiper bölgə təmsilçisi ilə əvvəlki şərtlərlə mövsümün sonunadək müqavilə bağlayıb.
SƏRXAN