“Ağ-qaralar” uduzmaqdan doymur
Bakıda “Keşlə”yə (1:2), Antalyadakı ilk hazırlıq matçında “SKA-Xabarovsk”a uduzan (1:8) “ağ-qaralar” dünən daha bir yoldaşlıq görüşündə qüvvəsini sınadı. Bakı vaxtı ilə saat 12.00-da başlayan ilk oyunda rəqib Rumıniya “Konkordiya”sı idi. Həmin komanda ki, öz ölkəsinin çempionatında 22 oyundan sonra 24 xal toplamaqla 14 komanda arasında 11-ci pillədə qərarlaşıb.
Axşamkı oyunu nəzərə alan Tərlan Əhmədov start “11-liy”ində əsas heyət üzvlərinin bir çoxuna istirahət imkanı yaratmışdı. Belə olduğu halda ilk dəqiqələrdən meydana ayaq basanlar arasında hələ “SKA-Xabarovsk”la oyunda sınanan Roşdi Aşente ilə İqor Sikorskini görmək mümkün idi. Daha bir nəfər isə braziliyalı idi – Ednan Muniz.
Əhmədovun start heyətində güvəndiyi futbolçular bunlar idi: Səlahət Ağayev, Məhəmməd Mirzəbəyov, Kiril Petrov, Fərid Abbaslı, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, İqnasio Errera, Emin Mahmudov, Ednan Muniz, İqor Sikorski.
“Neftçi” rəhbərliyi oyunu canlı yayınlamaq üçün vəsait xərcələməkdə maraqlı olmadığından, klubun “feysbuk” səhifəsində reportaj təqdim olunurdu. Yazılanlar inansaq, oyunun əvvəli təmsilçimizin üstünlüyü şəraitində keçib. Eminin, İqorun, Erreranın qol imkanları olsa da, heç biri şansını dəyərləndirə bilməyib. Və ilk hissə qolsuz bərabərliklə başa çatıb. 52-ci dəqiqədə rumınlar “Neftçi”nin qapısına yol tapandan sonra oyunda başqa qol vurulmayıb. Matç “ağ-qaralar”ın növbəti yenilgisi ilə başa çatıb. Tərlan Əhmədovun cəmi bir hissə şans verdiyi Munizin çıxışı baş məşqçini qane etmədiyindən, “Slaviya” ilə oyunda təkrar sınanması məqsədəuyğun sayılmayıb.
Start fiti saat 18.00-da çalınan qarşılaşmada bakılıların rəqibi, öncədən xəbər verdiyimiz kimi, Bolqarıstan “Slaviya”sı idi. “Konkordiya”ya qarşı görüşdə əsasən baxışda olanlara və nisbətən az forma geymək şansı qazananlara şans verən baş məşqçi bu dəfə meydana “diri” heyət buraxmışdı.
Hətta U-21-in düşərgəsindən qayıdan Anton Krivotsyuk, “Jilina”ya keçidi alınmayan Namiq Ələsgərov, zədəsini sağaldan Rəşad Sadiqov da “11-lik”də yer almışdı: Rəşad Əzizli, Anton Krivotsyuk, Ruslan Abışov (k), Rəşad Sadiqov, Məhəmməd Mirzəbəyov, Derlis Meza Kolli, Rəhman Hacıyev, Elnur Süleymanov, Namiq Ələsgərov, Fransisko Qarsiya, Mirabdulla Abbasov.
Fasilədən sonra baş məşqçi Səlahət Ağayev, Fərid Abbaslı, Kiril Petrov, İlkin Qırtımov, Elçin Əsədov, Roşdi Aşente, Emin Mahmudov, İqnasio Errera və İqor Sikorskiyə də şans verib.
Tərəflərin qarşılıqlı hücumlarına baxmayaraq, qələbəyə sevinən tərəf yenə rəqib olub. “Slaviya”nın futbolçusunun 47-ci dəqiqədə vurduğu qol həlledici olub. Bu oyundan sonra “Neftçi”nin qış hazırlığında məğlubiyyətlərinin sayı 4-ə çatıb. Dəqiq desək, “ağ-qaralar” bütün oyunları məğlub başa vurublar. 4 oyunda rəqib qapılarına cəmi 2 dəfə yol tapdıqları halda, 12 dəfə məyus olublar.