Sizin reklam burada

AAAF-ın mətbuat katibi Fətullayevdə dopinq tapıldığını təsdiqlədi

Baxış Sayı:563

AAAF-ın mətbuat katibi Fətullayevdə dopinq tapıldığını təsdiqlədi
Rövşən isə günahsız olduğunu iddia edir
Ötən sayımızda unikal.org saytında çalışan həmkarımız Aygün Osmanqızının Rövşən Fətullayevin dopinqli çıxması və yığmadan qovulması haqda qələmə aldığı xəbərin “feysbuk”da necə böyük rezonans doğurduğunu xəbər vermişdik. Hətta xəbər şayiə olsa belə, Ağır Atletika Federasiyasının (AAAF) vitse-prezidenti Tofiq Heydərovun həmkarımızı məhkəməyə verməklə hədələməsi doğru yanaşma deyil. Bunu ötən sayımızda da vurğulamışdıq. Ümumiyyətlə, həmin xəbər əsassızdımı? Rövşən Fətullayev qəzetimizə verdiyi açıqlamada dopinqdən istifadə etmədiyini və yığmadan qovulmadığını söyləmişdi. Ancaq dünən AAAF-ın mətbuat katibi Kənan Məstəliyevdən öyrəndik ki, 94 kq-da çıxış edən ağır atlet həqiqətən yasaq preparatdan istifadə edib. Sadəcə, saytın xəbərində qeyd edildiyi kimi, ölkə çempionatında yox, dekabrın əvvəllərində baş tutan ölkə kubokundan sonra “ilişib”.
AAAF rəsmisini dinləyək: “Əvvəlcə onu qeyd edim ki, federasiyanın vitse-prezidenti Tofiq Heydərov dopinqlə mübarizəyə ciddi önəm verir. Məhz onun istəyi idi ki, ölkə kubokunda AMADA-nın əməkdaşları gəlib, atletlərimizdən test götürsün. Məqsəd belə halların qarşısını vaxtında almaqdı. Həmin yoxlama nəticəsində Rövşən Fətullayevin orqanizmində yasaq preparat aşkarlandı. Ölkədaxili yarış zamanı idmançıda dopinq aşkarlananda cəza nisbətən az olur. Ancaq beynəlxalq yarışda həm idmançının cəzası uzunmüddətli olur, həm də federasiya cərimələnir. Yığma da zərbə alır. Ola bilər, Fətullayevə 2 illik qadağa qoyulsun. Ancaq Rövşən apellyasiya verə bilər. Hələ yekun qərar verilməyib. Bu xəbər AMADA-dan yenicə bizə ötürülüb”.
Son vaxtlar federasiyanın hazırkı idarə heyətindən narazılıq artır. “Müxalifətçilər”in sıraları get-gedə genişlənir. İdmançının dopinqli çıxması (özü də tam təsdiqini tapmadan) ilə bağlı xəbərin dərhal mətbuatda işıqlandırılması Tofiq Fətullayevə qarşı olan insanların canfəşanlığının nəticəsidi. Ümumiyyətlə, burda araşdırmaya ehtiyac var. Buna isə növbəti yazımızda qayıdacağıq.
Sadəcə, bizə maraqlıdı, Fətullayev dopinqli olması ilə bağlı xəbəri AMADA-dan aldığı halda, niyə qəzetimizə verdiyi açıqlamada israrla bu informasiyanı təkzib etmişdi? Rövşən vəziyyətdən belə çıxmağa çalışdı: “Düzdü, məndə dopinq aşkarlanıb. Bundan xəbərim yox idi. Srağagün axşam bu haqda mənə deyilib. Bu gün AMADA-da oldum. Mənə deyildi ki, səndə “qanaterapin”aşkarlanıb. 30 yaşım var. İndiyə kimi bundan istifadə etməmişəm. Mümkün olan şey deyil. Bunu axıra kimi araşdıracam. Apellyasiya vermək haqda düşünürəm. Sabah (bu gün) AMADA-ya ərizə verəcəm. Mən bu məsələni belə qoymayacam. Onsuz da bu gün–sabah karyeramı başa vuracam. Ancaq mən idmandan belə getmək istəmirəm. Hansısa preparatdan istifadə etsəydim, ümumiyyətlə, AMADA-nın qapısına getməzdim. Boynuma alardım və 4 illik cəzanı belimə yükləyərdilər. Sabah yazacağım izahatda yaxın müddətdə istifadə etdiyim dərman və yeməklərin siyahısını təqdim edəcəm. AMADA da 1 ay ərzində araşdırma aparıb, yekun qərarını verəcək. Amma mən toplanışda ola-ola qovulduğumu yazan jurnalisti məhkəməyə verməyi düşünürəm. Ağızlarına nə gəldi yazırlar. Cəza hələ real söhbət deyil. Hansısa içdiyim dərmanın tərkibində də ola bilər. AMADA da məndən hormonların böyüməsinin səbəbini soruşdu. Mən də toplanışdan əvvəl depresiya əleyhinə, “qormon rosta” dərmanı qəbul etmişəm. Ancaq bilmirdim ki, onun tərkibində yasaq preparat var. Atdığım dərmanların idmana aidiyyatı yoxdu. Ərizədə də bunu göstərəcəm. Dərmanı qəbul etməmişdən əvvəl yığmanın həkimi ilə niyə məsləhətləşməmişəm? Birincisi, 15-16 yaşım yoxdu. Mən uşaq deyiləm ki. İkincisi, o zaman hamı öz evində idi. Söhbət gedir 5-6 ay əvvəldən. Sonradan iclaslar oldu, dopinqə qarşı seminarlar keçirildi, hansı dərmanları qəbul etməməliyik və sair deyildi. Qeyd etdiyim dərmanı gecələr yata bilmirdim deyə qəbul etmişdim”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR