Sizin reklam burada

Mazandarandan gələn qonaqlar liderin bazasına baş çəkdi

Baxış Sayı:4 758

Mazandarandan gələn qonaqlar liderin bazasına baş çəkdi
Tahir Mustafayev: “Çempion olmasaq, gedib həyatlarını başqa peşəyə bağlasınlar”
Bu il 10 yaşını qeyd edəcək “Qaradağ Lökbatan” birinci divizionda çıxış etməyə başalayandan daim iddialılar arasında olub. 2011/12 mövsümündə aşağı dəstədə çempionluğu bayram edən “qırmızı-qaralar” 2012/13 və 2015/16 “futbol ili”ndə gümüş medallara sahib şıxıbsa, 2013/14-də üçüncü olub. Bu gedişlə Həbib Ağayevin çalışdırdığı komanda cari mövsümdə də çempion olmağı bacaracaq. Qış fasiləsinə lider yollanan Qaradağ təmsilçisi ən yaxın izləyicisini 14 xal qabaqlayır ki, bu da çempionluq haqda düşünməyə əsas verir.
Dünən komandanın ev oyunlarını keçirdiyi Qaradağ Olimpiya Kompleksinin stadionuna baş çəkib “qırmızı-qaralar”ın hazırlığını izləməyə qərar verdik. Stadiona çatanda artıq səhər məşqi yekunlaşmaq üzrə idi. Futbolçular üç komandaya bölünüb meydanın yarısında futbol oynayır, məşqçilər koprusu isə onları izləyir, lazım gələndə göstərişlərini verirdi. Məşq prosesindən də hiss olunurdu ki, düşərgədə əhval-ruhiyyə yüksəkdi. Birinci dəstənin liderinin heyətində təcrübəli oyunçular da az deyil. Ruslan Poladov, Mikayıl Rəhimov kimi uzun müddət elita klublarının şərəfini qoruyan futbolçular bu gün lökbatanlıların uğurları üçün çalışırlar. Birinci divizionun ən məhsuldar oyunçularından biri olan Sabir Allahquliyevin məşqdə iştirak etməməsi gözümüzdən yayınmadı. Forvardın zədə səbəbindən komandadan ayrı düşdüyünü düşünsək də, məşqçilər korpusundan aldığımız bilgiyə görə, Sabir çimərlik futbolu yığmasının düşərgəsindədi. Günün ilk hazırlığı başa çatdıqdan sonra komanda nahara yollandı. Fürsətdən istifadə edib biz də “qırmızı-qaralar”ın yeməkxanası baş çəkdik. Lökbatanlı futbolçuların qidalanmasına keçməmişdən öncə liderin bazası haqda məlumat vermək istərdik. Əksər premyer-liqa klublarının həsəd apara biləcəyi baza 3 mərtəbədən ibarətdi. Burda futbolçuların istirahəti, yaşaması üçün hər cür şərait var. İkinəfərlik otaqlarda komanda üzvlərinin özünü evdə hiss etməsi üçün rəhbərlik əlindən gələni edib. Səliqə-səhman da öz yerində. Nahara gəlincə, bu məsələdə də futbolçuların şikayətlənməsi üçün heç bir əsas ola bilməz. Müxtəlif salatlar, şirələr, meyvələr, isti və soyuq yeməklər komanda üzvlərinin masasına düzülür. Yeməkxanada hökm sürən sakitlik, futbolçuların bir-birinə “nuş olsun” deməsi “Qaradağ Lökbatan”da mehriban kollektivin formalaşmasının göstəricisidi. Nahardan sonra istirahətə çəkilən oyunçulardan fərqli, baş məşqçi Həbib Ağayev köməkçilərinə və texniki heyətə günün ikinci məşqi ilə bağlı hazırlıq görmələrini tapşırdı. Bu arada ona yaxınlaşıb toplanışla bağlı fikirlərini öyrəndik: “Mövsümün ilk yarısını birinci pillədə başa vurmağımıza, ikinci yerdə gedən komanda ilə aramızda 14 xallıq fərqin olmasına baxmayaraq, heç də arxayınlaşmırıq. Təkəbbürlük istənilən sahədə ağır fəsadını göstərə bilər. Özünüz də gördüz ki, məşq prosesi necə gərgin keçir. Fasilə dönəmində ilk yoldaşlıq görüşlərini elita təmsilçilərinə qarşı keçirdik. Özüm belə istəmişdim ki, baxışa gələn oyunçuların daha güclü rəqiblərlə görüşdə necə təsir bağışladığını görüm. Həmin matçlarda nəticə ürəkaçan olmasa da, komandadan narazı da qalmadım. Ümumiyyətlə, fasilədə 8 yoldaşlıq oyunu keçirməyi planlaşdırırıq. “Qaradağ Lökbatan” baş məşqçi kimi çalışdığım ilk klubdu. Buna qədər həm elita, həm də birinci divizion klublarında köməkçi-məşqçi olmuşam. Ancaq baş məşqçinin məsuliyyəti başqadı və mənə bu imkanı yaratdığına görə rəhbərliyə təşəkkür edirəm. Özüm Lökbatanda yaşadığımdan komandanı çalışdırmaq mənə əlavə güc verir. Ümid edirəm ki, fasilədən sonra da uğurlu çıxışın davamını gətirib, çempion olmağı bacaracağıq. Əsas məqsədimiz elitaya yüksəlməkdi”.
Baş məşqçi ilə söhbətləşdikdən sonra “qırmızı-qaralar”ın prezidenti Tahir Mustafayevlə görüşdük. Bizi gülərüzlə qarşılayan Tahir bəy İrandan qonaqlarının olmasına baxmayaraq, bizə də vaxt ayırdı.
- Öncə elə qonaqlardan danışaq. Kimdilər, nə məqsədlə sizinlə görüşə gəliblər?
- Qonaqlarımız İranın Mazandaran şəhərindən gəliblər. Oranın İdman İdarəsində çalışırlar. Bizim ortaq tanışlarımız var. Mənə dedilər ki, sizinlə görüşüb bəzi məsələlər barədə müzakirə aparmaq istəyirik. Söhbət əsnasında məlum oldu ki, bizimlə əməkdaşlıq etmək niyyətləri var. Onlar istəyir ki, Mazandaran klubları bizim bazamızda toplanış keçsin, biz isə orda. Aşağı yaş qrupları arasında da bir-biriləri ilə yoldaşlıq oyunlarında üz-üzə gəlsinlər. Sizdən bir qədər əvvəl bazaya baxdılar, burdakı şəraitlə tanış oldular. Pis çıxmasın, gördüklərindən də razı qaldılar. Biz isə onların bazalarını şəkillərdə görmüşük. Ola bilsin, yaxın günlərdə Mazandarana yollanıb biz də ordakı şəraitlə tanış olduq. Bəyənsək, əməkdaşlıq edəcəyik. Hələ ki ortada real heç nə yoxdu.
- Klub prezidenti olaraq “Qaradağ Lökbatan”ın mövsümün ilk yarısındakı çıxışından razı qaldız, yoxsa daha artığını gözləyirdiz?
- Açığı, liderlər arasında olacağımızı təxmin edirdim. Çünki yayda keçirilən təlim-məşq toplanışı, heyətə cəlb olunan yeni futbolçular belə düşünməyə əsas verirdi. Ancaq 14 xallıq fərqlə birinci pillədə qərarlaşmağımız mənim üçün də xoş sürpriz oldu. Onu da nəzərə alın ki, çempionatın startına cəmi 4 gün qalmış biz də baş məşqçi dəyişikliyi oldu. Azər Bağırovla yolları ayırıb, Həbib Ağayevlə anlaşdıq. Ağayevin savadlı mütəxəssis olduğunu bilirdim. Ancaq baş məşqçi kimi heç yerdə işləməmişdi. Bəlkə də bir qədər risk etdik, ancaq zaman göstərdi ki, seçimdə səhv etməmişik.
- Sizin üçün nəticə önəmlidi, yoxsa komandanın baxımlı oyun sərgiləməsi?
- 8 ildi bu komandadayam. Bu illər ərzində çempion da olmuşuq, mükafatçılar arasına da düşmüşük. Lakin hər dəfə nəsə məni qane etməyib. Ancaq cari mövsümdə komndanın həm sərgilədiyi oyun ürəyimcədi, həm də nəticədən razıyam. Hər ikisi bir-birini tamamlayır. Bildiyiniz kimi, özüm də vaxtilə futbolçu olmuşam. Yəni bu “mətbəx” mənə yad deyil. Hətta sizə onu da bildirim ki, məşqçi işləmək üçün lazım olan C kateqoriyam da var. İnşallah, B-ni də oxumaq fikrindəyəm. İmkan olsa, hətta PRO-nu da oxuyacam. Klub prezidenti də ən azı futboldakı son dəyişikliklərdən xəbərdar olmalıdı. Bunun nəyi pisdi?
- Bu il 10 illiyini qeyd edəcək “Qaradağ” Lökbatan” daim birinci dəstənin iddialıları arasında yer alıb. Ancaq nədənsə komanda elitaya yüksələ bilmir.
- Bunun da obyektiv və subyektiv səbəbləri var. Birincisi, son illər aşağı dəstədən hansısa komanda elitaya yüksəlməyib ki, deyək onlar gəldi, biz kənarda qaldıq. İkincisi, ən vacibi lisenziyanın şərtlərini yerinə yetirməkdi. İndi bu yöndə çalışmalarımızı davam etdiririk. Demək olar ki, bütün tələblər həll olunub. Bəzi xırda detallar qalıb ki, onu da yerinə yetirəcəyik. Əsas odu, komanda mövsümü çempion kimi başa vursun. Futbolçularla görüşdə də demişəm. Belə fərqlə sonda “qızıl”ı boynumuzdan asa bilməsək, kollektivdə yer alanların heç biri sonra futboldan danışmasın. Gedib həyatlarını başqa peşəyə bağlasınlar. Düzdü, rəqiblər də boş oturmur, fasilə dönəmində heyəti gücləndirirlər. Ancaq belə fürsəti əldən vermək olmaz. Kollektiv də mənimlə razılaşıb.
- Qış fasiləsində komandanın təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanacağı deyilirdi. Ancaq bu gün Lökbatandasız.
- Belə planımız var idi. Ancaq Həbib müəllim buna ehtiyac duyulmadığını bildirdi. Nəticəyə baş məşqçi cavabdehlik daşıdığından onun dediyi kimi etdik. O toplanışın Lökbatanda olmasını istəyirsə, biz nə deyə bilərik?
- Aşağı yaş qruplarında vəziyyət necədi? Ehtiyat qüvvə yetişir?
- Məşqi izləyəndə yəqin ki, iki gəncin əsas komanda ilə birgə olduğunu gördüz. Onların hər ikisi U-19 komandamızın üzvüdü. Baş məşqçimiz və köməkçiləri, demək olar ki, bütün aşağı yaş qruplarının oyunlarını izləyir. Perspektivli uşaqları əsas komandaya cəlb etmək yönündə işlər görülür. Aşağı yaş qrupları daim diqqətimizdədi. Biz hətta müxtəlif yaş qruplarımızın ölkə xaricində toplanışını təşkil edirik, turnirlərdə iştirakına çalışırıq. Bugünlərdə Soçidə keçiriləcək turnirə dəvət alımışıq. Ötən il isə Trabzona səfər olmuşdu. Dedyim odu ki, əsas komanda ilə yanaşı, uşaq komandalarımızın da inkişafında maraqlıyıq.
- Lökbatan böyük, əhalisi çox olan qəsəbədi. Yerli sakinlər çempionat oyunlarında komandanı dəstəkləyir?
- Bir ara nədənsə, stadiona gələnlərin sayı azalmışdı. Ancaq cari mövsümdən vəziyyət dəyişib. Deyəsən, komandanın uğurlu çıxışı onlara da təsir edib (gülür). Oyundan-oyuna tribunaya toplaşanların sayı artır. Hamısı da bizi ümid edir ki, növbəti mövsümdən “Qaradağ Lökbatan” elitada çıxış edəcək.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR