“Keşlə” daha iki keçidi açıqladı
“Keşlə” Antalyada qış toplanışını davam etdirir. Dünən səhər məşqində komanda iki hissəyə ayrılaraq tennisbol oynayıb. Axşam məşqi isə taktiki yöndə olub. Onu da qeyd edək ki, paytaxt klubunda baxışda olan futbolçulardan biri ilə bağlı artıq qərar verilib. Yuri Maksimov həmyerlisi, ukraynalı Anton Postupalenko ilə bağlı qərarını yoxlama oyununu gözləmədən açıqlayıb. 30 yaşlı yarımmüdafiəçi bakılılara lazım olmayıb. Belə ki, baş məşqçi həmyerlisinin məşqlərdəki çıxışından razı qalmayıb. Buna görə də Postupalenkoya ehtiyac duyulmayıb və komandanın düşərgəsindən ayrılan futbolçu ölkəsinə yollanıb. Qeyd edək ki, bu vaxta qədər yalnız ölkəsində oynayan Anton “Metallist”, “Zakarpatye”, “Stal”, “Metallurq” (Donetsk) və “Olimpik” (Donetsk) klublarının formasını geyinib. O, Ukraynanın U-19 və U-21 yığmalarının da şərəfini qoruyub.
Braziliyalı oyunqurucusu Lukas dos Santos haqda qərar isə bugünkü yoxlama matçından sonra veriləcək. Rəqib iki gün əvvəl “Qəbələ”ylə də qarşılaşan və 1:2 uduzan Makodeniya "Rabotniçki"sidi. Oyun Bakı vaxtı ilə saat 18.00-da başlayacaq.
Dünən günün sonunda “Keşlə” növbəti transferlərini rəsmən açıqladı. Belə ki, Andre Klennon və Ebrima Sohna ilə müqavilə imzalanıb. Hər iki futbolçu cari mövsümün sonunadək komandanın uğurları üçün çalışacaq. Əslində yamaykalı forvardın mövsümün sonunadək bakılıların uğurları üçün çalışacağını xəbər vermişdik. Qambiyalı Sohna isə yarımmüdafiəçidi, son klubu Finlandiya VPS-i olub.
MİRAĞA