Sizin reklam burada

Jurnalist dopinq xəbəri yazdı, Tofiq Heydərov özündən çıxdı

Baxış Sayı:630

Jurnalist dopinq xəbəri yazdı, Tofiq Heydərov özündən çıxdı
“Torbamı tikməsələr”, ölkə çempionatında da iştirak edəcəm”
Yaxşı deyiblər ki, “adın çıxınca canın çıxsa, yaxşıdı”. Bu məsəli Ağır Atletika Federasiyasına (AAAF) aid edə bilərik. Cahangir Əsgərovun əvvəlki komandası dönəmində yaşanan hərc-mərcliyin (kütləvi “milliləşdirmə”, dopinq qalmaqalları, istedadlı idmançılara dəyər verilməməsi fonunda Nicat Rəhimovun ölkədən qaçması, yığmalardakı intizamsızlıq və s.) təsiri hələ də özünü hiss etdirir. Bəzi mətbu orqanlar AAAF-ı təzyiq altında saxlamağı sevir. Əlbəttə, qurumu müdafiə etmək fikrimiz yoxdu. Yenidən özünü tapmağa çalışan, bütün işlərə sıfırdan başlayan federasiyaya uğurlar qazanmaq üçün vaxt lazımdı. Ancaq etiraf edək ki, Tofiq Heydərov 1-ci vitse-prezident seçiləndən sonra bir çox problemlər həllini tapıb. “Zirvə” İdman Klubunun rəhbəri də olan biznesmen, sabiq atlet xüsusən dopinq mövzusunda həssasdı.
Ancaq unikal.org saytında çalışan həmkarımız Aygün Osmanqızı son ölkə çempionatından sonra Rövşən Fətullayevin dopinqdə “ilişdiyini” və bu üzdən yanvarın 23-dən yığmadan kənarlaşdırıldığını yazıb. Xəbərin içində federasiyanın və idmançının fikirləri əksini tapmayıb. Əlbəttə, xəbər şayiə xarakteri daşıya bilər. Ən azı ona görə ki, ölkə çempionatı hələ keçirilməyib və martda baş tutacaq. Söhbət ötənilki analoji yarışdan gedirsə, həmin çempionatda dopinqli olmayıb. Əks halda, mayda Bakıda keçirilən İslamiadada iştirak edə bilməzdi. 94 kq-da çıxış edən idmançı ilə əlaqə saxladıq və bu xəbəri təkzib etdi: “Mənim heç nədən xəbərim yoxdu. Təlim-məşq toplanışında iştirak edirəm. Son ölkə kubokunda da iştirak etmişəm. Nəticələrimlə də tanış ola bilərsiz. “Torbamı tikməsələr, ölkə çempionatında da iştirak edəcəm (gülür). İçimizdəki xainlər karyerasını bitirən idmançılardı. Guya toplanışdan qovulmuşam və Ermənistana keçmişəm. Heç biri doğru deyil. Gəlib yoxlaya da bilərsiz. Mən yığmanın hazırlığında iştirak edirəm. Srağagün AMADA məndən dopinq testi götürdü. 5-10 gündən bir gəlib yoxlayırlar. Mən dopinqdən uzaq adamam. Hər halda, sabah federasiya rəsmiləri ilə danışacam. Görüm nə məsələdi”.
Məsələ “feysbuk”da geniş müzakirəyə səbəb olub. Bu da Tofiq Heydərovun saytda gedən xəbərə emosional münasibət bildirməsindən qaynaqlanır. AAAF rəsmisi yazdığı böyük statusda həmkarımızı məhkəməyə verəcəyi ilə hədələyib və ağır ifadələr işlədib. İstənilən halda, bir federasiyanın vitse-prezidentinin bu cür yanaşması yolverilməzdi. Soyuqqanlı olmaq və təmkini qorumaq lazımdı. Uzağı, AAAF rəsmi saytında bəyanat yaya, lap elə məşq yerində idmançıdan açıqlama alınıb, ictimaiyyətə çatdırıla bilərdi. Hər halda, martda həqiqət üzə çıxacaq. Fətullayev çempionatda çıxış etsə, deməli, xəbər dezinformasiyadı.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR