Sizin reklam burada

Amit Quluzadə Azərbaycanın tanımadığı ölkədə oynayacaq

Title
Amit Quluzadə Azərbaycanın tanımadığı ölkədə oynayacaq
AFFA ona əngəl törətməyəcək
Qış fasiləsində "Səbail"dən ayrılan Amit Quluzadə axır ki ölkə xaricində özünə komanda tapıb. Yunanıstanın 1-ci divizionunda çıxış edən “Aiginiakos”la anlaşa bilməyən dayaq yarımmüdafiəçisi gözlənilmədən Kosovoya üz tutub. 25 yaşlı futbolçu bu ölkənin elitasında 30 xalla ilk “3-lüy”ü qapayan "Drita" ilə anlaşıb. Ancaq müqavilənin müddəti açıqlanmayıb.
Maraqlıdı, Azərbaycanın müstəqil dövlət kimi tanımadığı Kosovoda hansısa futbolçumuzun çıxış etməsinə icazə varmı? AFFA-nın bu məsələyə mövqeyi necədi? Quluzadəyə qurumdan müvafiq lisenziya veriləcəkmi? Əlbəttə, məsələylə bağlı Oyunçuların Statusu və Transferi Komitəsinin yeni sədri Nailə Rüstəmzadə ilə danışmaq daha doğru olardı. Təəssüf ki, Rəmiş Malıyevin xələfini tapmaq mümkün olmadı. Deyilənə görə, Qərb Universitetinin məzununu heç AFFA-da iş başında görən də olmayıb. Gənc kadrın harda fəaliyyət göstərməsi çox maraqlıdı.
O ki qaldı Amitin məsələsinə, onun Kosovoda oynaması yolunda heç bir əngəl yoxdu. Hər halda, AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla belə deyir: “Kosovo FİFA bayrağı altında çıxış edən ölkədi. Hər hansı futbolçunun ali qurumun tanıdığı ölkədə çıxış etməsinə məhdudiyyət qoyula bilməz”.
SƏRXAN
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.