Sizin reklam burada

Tərlan Əhmədov azarkeşlərdən üzr istədi

Title
Tərlan Əhmədov azarkeşlərdən üzr istədi
Bilyaletdinov: “Neftçi” haqda danışmaq çətindi”
“Neftçi”nin Türkiyədəki ilk hazırlıq matçında Rusiya premyer-liqasının autsayderi “SKA-Xabarovsk”a 1:8 hesabıyla məğlub olması Antalyadakı dəhşətli havanı unutdurdu. Ölkə kubokunu başı üzərinə qaldırmağı hədəfləyən, heyətində yığma üzvlərinin yer aldığı kollektivin bu cür hesabla biabır olması heç bir məntiqə sığmır. Düzdü, sınaq matçında nəticə ciddi önəm daşımır. Ancaq istənilən halda, 1:8 heç bir bəhanənin arxasında gizlənməməlidi. Bir komanda qapısında 8 top görürsə, bu faciəvi durumdan xəbər verir. Ona qalsa, “Qarabağ”, “Qəbələ”, “Zirə” hər matçda 0:5, 0:10 hesabıyla uduzsun ki, nəticə əhəmiyyət daşımır.
Yanvarın 22-dəki oyun başa çatandan sonra mətbuatda “Neftçi”lilərin açıqlamasına rast gəlmədik. Baş məşqçi Tərlan Əhmədov da susurdu, yetirmələri də. Lakin bir gün sonra Əhmədov dilə gəldi. Ağır yenilginin səbəblərini göstərməklə yanaşı, yekun nəticəyə görə azarkeşlərdən üzr istədi. Yoldaşlıq görüşünə görə üzr istəməyi düzgün saymayanlar ola bilər. Burda söhbət böyük əks-səda doğuran məsələdən gedirsə, Tərlan Əhmədovun addımı başadüşüləndi. O cür uduzmaq bir ayıb idisə, baş məşqçinin susması ikinci ayıb olacaqdı. Klub saytında yerləşdirilən açıqlama belədi: "Komandamız "SKA-Xabarovsk" qarşısına yorğunluq fonunda çıxmışdı. Hava şəraiti çox ağır idi. Heyətlə bağlı ciddi çatışmazlıq var idi - 21 yaşadək futbolçulardan ibarət milli komandamızda olan, eyni zamanda müəyyən səbəblərdən bu oyunda iştirak edə bilməyən digər əsas heyət üzvlərimizin yeri görünürdü. Rəqib artıq Antalyadakı təlim-məşq toplanışını bitirir, bizim isə ilk oyun idi. Yeni transferlərimiz tədricən komandaya uyğunlaşır. "Qato" (Fransisko Qarsiya – H.) həm “Neftçi”də, həm də ümumiyyətlə, uzun müddətdən sora ilk oyununa çıxmışdı. Fiziki yükləmələr fonunda keçirdiyimiz qarşılaşmada qapımıza gələn, demək olar ki, hər zərbə qolla nəticələnirdi. Bəxtsizlik amili də yüksək idi. Rəqibin uzaq məsəfadən az qala bütün zərbələri "9-luğ"a gedirdi. Və bu qollarda qapıçımızı da çox qınaya bilmirəm. Belə şey bəlkə də yüz ildə bir dəfə olur. Yoldaşlıq görüşlərinin əsas məqsədi başqadı və mən razıyam ki, qarşıdakı yoxlama oyunlarının hamısında uduzaq, amma bütün səhvlərimizi görək və bu səhvlərdən nəticə çıxarıb rəsmi matçlarda qələbələri sıralayaq. Mövsümün ikinci hissəsinə hazırlığımız çətin hava şəraitinə baxmayaraq, davam edir. İndi məşqlər nə qədər ağır olsa, rəsmi oyunlarda o qədər rahat çıxış edəcəyik. Hər şey nəzərdə tutduğumuz qaydada getsə, mövsümün həlledici mərhələsində formamızın zirvə nöqtəsinə yüksəlib, qarşıya qoyulan məqsədlərə çatacağıq. Yoxlama oyunu olsa da, bu məğlubiyyət mənim üçün çox ağırdı. İstənilən halda bu cür məğlubiyyətə bəraət qazandırmaq olmaz. Buna görə, ilk növbədə bütün komanda adından ən çətin günlərdə yanımızda olan sadiq azarkeşlərimizdən üzr istəyirəm. Onları yaxşı başa düşürəm. Bu oyun bizim üçün bir həyacan təbili idi. Səhvlərimizi gördük və bunun üzərində işləyib çempionat və kubok matçlarında həmin səhvləri təkrarlamamaq, daha mükəmməl oyun qurmaq üçün çalışacağıq”.
Tərlan bəyin “SKA-Xabarovsk”dakı həmkarı Rinat Bilyaletdinov da klub saytına danışıb. Maraqlı məqam təcrübəli mütəxəssisin 8:1 hesablı qələbəyə görə rəqibi ələ salmamasıdı: “Bu cür hesabla qələbə qazanıb, nədənsə gileylənmək haqsızlıq olar. Oyuna gəlincə, bu cür nəticənin qeydə alınmasında rol oynayan qolların davamını gətirmək lazımdı. Bu gün standart vəziyyətlərdən ustalıqla yararlandıq, çox xoşuma gəldi. Əlbəttə, hər dəfə “9-luğ”u nişan almaq mümkün deyil. Amma uşaqlar sübut etdilər ki, istəyəndə etmək olur. Havanın yağışlı olmasına baxmayaraq, qazon keyfiyyətini itirmədi. Buna görə də istədiyimiz sürətli oyunu sərgiləyə bildik. Təəssüfləndiyim məqam buraxdığımız qol oldu ki, bu bizə əlavə işlər üçün imkan yaratdı. Fikrimcə, oyunun əvvəli bizim üçün yaxşı başladı. Görünür, “Neftçi” bizdən belə start gözləmirdi. “Tirana” ilə oyunda rəqib qapıçının kobud səhvindən sonra erkən qola imza atmışdıqsa, bu dəfə hər şeyi özümü etdik. Qolların təşkili və vurulması düşünülmüş kombinasiyaların nəticəsiydi. “Neftçi” haqda danışmaq çətindi. Bəlkə də futbolçuları ağır yüklənmə altında idi, bəlkə də fasilədən sonra oyun təcrübələri yoxdu. Bir məqam dəqiqdi ki, rəqiblə müqayisədə biz daha sürətli təsir bağışladıq. Bu da yekun nəticədə sözünü dedi”.
Meydana ikinci hissədə çıxan Vitali Fedotov da matçla bağlı danışıb: “Artıq ilk 20 dəqiqədə bizə bir neçə qol vurmaq nəsib oldu. Fikrimcə, yekun nəticədə başlıca rolu erkən qollar oynadı. Layiqli oyun nəticəsində xoşagələn hesabla qələbə qazandıq. İndi təlim-məşq toplanışının birinci hissəsini major notda başa vurub, istirahətə yollanmağın vaxtıdı. Yağışın yağması normaldı. Həmişə isti havada oynamaq olmaz. Bu oyunun adı futboldusa, dörd fəsildə oynanılır. Xabarovska -15 dərəcədə oynamaq məgər asan idi? Futbolçusansa, hər cür hava şəraitinə hazır olmalısan. Əlbəttə, yağış oyunun baxımlı alınmasının qarşısını alır. Top sürüşür, sürət azalır və s. Əsas olan odu ki, kombinasiyalı oyun oynadıq və fikir verdizsə, qolların hamısını ayaqla vurduq. Yağış yağsa da, yerlə oynamağa çalışırdıq”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.