Sizin reklam burada

“Kəpəz” rəhbərliyinin növbəti hoqqası

Title
“Kəpəz” rəhbərliyinin növbəti hoqqası
Mətbuat katibi və operator Antalyaya aparılmayıb
Premyer-liqanın bütün klubları artıq Antalyadadı. Məqsəd mövsümün qalan hissəsinə daha yaxşı hazırlaşmaq, əcnəbi klublarla yoldaşlıq oyunlarında əyər-əskiyi üzə çıxarmaqdı. Toplanış dönəmində məşqçilər korpusunun işi daha sanballı kollektiv yaratmaq, sabit heyət formalaşdırmaqdısa, klublarımızın düşərgəsində nələrin yaşandığını, sınaq matçlarında qeydə alınan nəticələri operativ şəkildə ictaimaiyyətə çatdırmaq klubların mətbuat xidmətlərinin üzərinə düşür.
Ancaq “Kəpəz” rəhbərliyi bu məsələdə fərqli addım atıb. Belə ki, “sarı-göylər”in rəsmiləri qardaş ölkəyə nə klubun mətbuat katibini, nə də çəkiliş qrupunu aparmağı lazım bilib. Belə çıxır ki, “Kəpəz”də mətbuat katibinin işi ancaq premyer-liqa oyunlarından sonra keçirilən mətbuat konfranslarında jurnalistlərə “xoş gəlmisiz” deyib, “buyurun, suallarınızı verin” söyləməkdən ibarətdi. Elə ona görə də istər gəncəli azarkeşlər, istərsə də yerli mətbuat “sarı-göylər”in Antalyadakı ilk yoldaşlıq oyunundan görüntüləri rəqibin saytından izləmək məcburiyyətindədi.
Rəhbərliyin bu qərarının arxasında nələrin durduğunu bilmək üçün klubun mətbuat katibi Azad Mustafayevi aradıq: “Şəxsi işlərimlə bağlı Türkiyəyə gedə bilməyəcəyimi rəhbərliyin diqqətinə çatdırdım və icazə istədim. Məsələyə anlayışla yanaşan rəhbərlik müraciətimə “yox” demədi”. Antalyaya getməsəm də, çalışırıq ki, klubun düşərgəsində yaşananları vaxtında saytda yerləşdirək, son xəbərləri azarkeşlərə çatdıraq”.
“Bəs operator niyə getməyib” sualına Mustefayev bir qədər düşünəndən sonra belə cabab verdi: “Operatorun da işi çıxdığından bu arada komanda ilə birgə ola bilmədi”.
Azad bəyin açıqlaması inandırıcı görünmədi. Heç şübhəsiz, mətbuat katibi rəhbərliyi pis vəziyyətdə qoymamaq üçün yaşananlara belə izahat vermək məcburiyyətindədi. Ən azı işi bunu tələb edir. Ancaq yaxşı olardı ki, klub rəsmisi özünə və operatora ögey münasibətin nədən qaynaqlandığını açıb-ağardaydı. O deməsə də, biz müəyyən bilgi əldə etmişik. Bizə çatan məlumata görə, “Kəpəz”in Mətbuat Departamentinin əməkdaşlarının əvəzinə komanda ilə birgə Antalayaya AFFA-da çalışan bir neçə şəxs yollanıb.
Məsələ ilə bağlı “Kəpəz”in Müşahidə Şurasının sərinin müavini, Mikayıl Nərimanoğlunun gedişindən sonra bu posta təyin olunan İslam Abbasovun da mövqeyini öyrənmək istədik. Lakin hazırda komanda ilə birgə Türkiyədə olan İslam bəy zənglərimizi cavabsız qoydu.
RƏŞAD
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.