Sizin reklam burada

Bekkenbauerin arzusu

Title
Yanlış xatırlamıramsa, bu söhbət DÇ-98-in püşkatması ərəfəsində olmuşdu. Alman futbolunun əfsanələrindən sayılan, bir müddət Almaniya Futbol İttifaqında rəhbər vəzifələri tutan Frants Bekkenbauer UEFA-nı hədəfə almışdı. O, böyük turnirlərin seçmə mərhələlərinin keçirilməsi sistemini və püşkatmasnın formasını tənqid etmiş, bilavasitə Azərbaycanın adını çəkməklə bizim kimi zəif futbol ölkələrinin nəhənglərlə eyni qrupa düşməsinin düzgün olmadığını bildirmişdi. Bekkenbauer arzulayırdı ki, “cırtdanlar”, yəni Azərbaycan, Andorra və Farer adaları kimi komandalar əvvəlcə öz aralarında oynasınlar, ən güclünü müəyyənləşdirsinlər. Ondan sonra Almaniya, Fransa, İtaliya kimi yığmalarla oynamaq şərəfinə nail olsunlar. Herr Frantsın sözləri mənim uşaq qəlbimə yara salmışdı, ona və bütünlükdə alman futboluna nifrət hissi oyatmışdı. Hətta uzun müddət Almaniya millisinin və klublarının əleyhinə azarkeşlik də etmişdim.
Bir müddət sonra oxşar narazılıqlar və bu narazılıqlardan yaranan təkliflər başqalarının da dilindən səslənməyə başladı. Hətta təkəbbürlü Joze Mourinyo da bir dəfə bu məsələ ilə bağlı danışmış, ulduz futbolçuların Azərbaycan kimi rəqiblərlə oyunlardan ötrü uzaq səfərlərə yollanmasını, zədələnmək etimalı ola-ola meydana çıxmasını, klubların düşərgəsindən ayrılmasını etirazla qarşılamışdı. İndiki kimi yadımdadı, Mourinyo da bilavasitə Azərbaycanın adını dilə gətirmiş, futbolçumuzu aşağılamaqdan çəkinməmişdi. İllərdi səslənən tənqidlər, etirazlar bəhrə verməyə bilməzdi. Artıq bu münasibətlə həm Bekkenbaueri, həm də Mourinyonu, eləcə də onlarla həmfikir olanları təbrik etməliyik. Onların ideyası gerçəkləşməyə başlayıb, Avropada milli komandalar siniflərə bölünməkdədi. Artıq İtaliya, İngiltərə, Almaniya, İspaniya kimi komandalarla qarşılaşmaq bizim üçün o qədər də əlçatan arzu olmayacaq. UEFA-nın yaratdığı Millətlər Liqası da buna doğru atılmış ciddi addımdı.
“Başa gələn çəkilir” deyib atalarımız. Elə biz də illərdi bu aqibəti özümüz seçmişik, nəhənglər sırasında qərarlaşa bilməmişik, “cırtdanlar”ın sırasına sürüşmüşük. Bu sətirləri bilgisayarımın yaddaşına köçürərkən dəyərli Tahir Süleymanovun “feysbuk”da yazdığı bir status gözümə sataşdı: “Azərbaycan ataları illər sonranı görən kişilər olub. Deyiblər ki, şəhərdə axırıncı olmaqdansa, kənddə birinci olmaq yaxşıdı”. Düz deyirsiz, Tahir bəy. AFFA-da oturan qalstuklu, Avropa təhsili görmələri ilə öyünən, əcnəbi dilləri ana dilimizdən yaxşı bilən cənablar da ata-babalarımıza bağlı insanlardı. Ona görə də onların dediklərini əməli işdə göstərməyə çalışırlar. Bunun da bariz nümunəsi Azərbaycan millisinin Kosovo, Malta və Farer adaları ilə “qrup yoldaşı” olması, onlarla eyni səviyyədə yer almağımızdı.
Özü də biz bu “uğura” 10 ildən çoxdu futbola milyonlar xərcləməklə, Dövlət Proqramını icra etməklə, Berti Foqts və Robert Prosineçki kimi tanınmış mütəxəssisləri millimizdə çalışdırmaqla, Bernard Lipperti yağ içində böyrək kimi bəsləməklə nail olmuşuq. Özü də illərdi milli komandalarımızın heyətinin təxminən yarısını Dağıstandan, Almaniyadan, Ukraynadan, hətta Braziliyadan gətirilən “milliləşdirilmiş” futbolçular təşkil edirlər. Görün indi onlar olmasaydı, Fotqsa Prosineçki bizimlə çalışmasaydılar, AFFA-nın idarəçiliyini Elxan Məmmədov kimi dəyərli kadr öz üzərinə götürməsəydi, bizi necə məşəqqətli günlər gözləyirdi. Yəqin ki, Anatoli Banişevskinin, Ələkbər Məmmədovun, Nazim Süleymanovun, Vəli Qasımovun vətənində futbol yerli-dibli ləğv olunardı, top oyununu ancaq televizorda görə bilərdik.
Dostumuz Elxan Yusiflinin sözü olmasın, kimlərsə “ölüm”, biz isə “ölülər qrupu”nda mübarizə aparırıq. Qurban Qurbanovun üzərinə böyük məsuliyyət, ağır yük düşür. Bizi həyata qaytarmalı, “ölülər”in, “cırtdanlar”ın arasından çıxarmalı, başımızı başlara qoşmalıdı. Son seçmə mərhələdə topladıqları bir xalla öyünən Kosovo və Malta, son illər Avropada boy göstərməyə başlayan Farer adaları birnəfəsə keçilməli, D qrupunun digər “sakinləri” də bizimlə görüşlərdən məğlub ayrılmalıdılar. Yalnız bu halda illərdi sinəmizə çəkilən çalın-çarpaz dağların acısı undular, göyə sovrulan milyonların əvəzi çıxılmış olar. Bekkenbauer arzusuna çatıb. İndi qalıb bizim arzumuza çatmağımız...
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.