Sizin reklam burada

Əvvəlcə qrupda, ardından liqada 1-ci yeri tutmaq lazımdı

Title
Əvvəlcə qrupda, ardından liqada 1-ci yeri tutmaq lazımdı
AÇ-2020-nin final mərhələsi heç də əlçatmaz deyil
Dünən günorta saatlarında Lozannada Millətlər Liqasının püşkü atılırdı ki, 55 ölkənin yığmasının hansı qrupda hansı rəqiblərlə qarşılaşacağı böyük maraq daşıyırdı. Başqalarıyla işimiz yoxdu. Bizi daha çox yığmamızın taleyi narahat edirdi.
Ən zəiflərin qərarlaşdığı D liqasında yer alan millinin bəxtinə daha arzulanan rəqiblər gözləyirdik. Püşk Qurban Qurbanovun komandasının bəxtinə Kosovo, Farer adaları və Maltanı qismət etdi. 4 oyunu ölkəmizdə baş tutacaq AÇ-2020-yə vəsiqə qazanmaq üçün bundan gözəl şans ola bilməz. Bişmiş halvadı sanki, qalır qaşığı batırıb, qarına ötürmək. Bunun üçün əvvəlcə qrupdakı rəqiblərlə oyunların yekununda 1-ci yeri tutmaq lazımdı. Mümkündümü?
Əslində adlar asan görünür. Deyə bilərsiz ki, təmsilçiləri Avropliqanın, Çempionlar Liqasının qrupunda çıxış edən Azərbaycan yığması hara, Kosova, Farer adaları və Malta hara? Belə düşünsək, uzağa gedə bilmərik. Çünki DÇ-2018-in seçmə mərhələ oyunlarına baxmaq kifayət edir ki, məlum rəqiblər haqda müəyyən qənaətə gələsən.
UEFA və FİFA-ya 2016-cı ildə üzv seçilən Kosovonun heyətində seçmə mərhələ oyunlarında iştirak etmiş futbolçuların, demək olar, hamısı legioner həyatı yaşayır. Oyunçuları Xorvatiya “Dinamo”sunu, “Hayduk”unu, Albaniya “Flamurtari”sini, “Şkenderbü”sünü, Belçika “Muskron”un, İtaliya “Roma”sını, Ukrayna “Vorskla”sını, İsveçrə “Qrasshoppers”ini, “Lutsern”ini, Danimarka “Bröndbü”sünü, Hollandiya “Vitess”ini, “Herenven”ini, “Roda”sını, Rusiya “Axmat”ını, Avstriya “Zalsburq”unu, İngiltərə “İpsviç”ini, “Şeffild Uenzdey”ini, Almaniya “Nürnberq”ini, Türkiyə “Çaykur Rizəspor”unu təmsil edir.
DÇ-2018-in seçmə mərhələsindəki rəqibləri İslandiya, Xorvatiya, Ukrayna, Türkiyə və Finlandiya idi. Düzdü, adlı-sanlı rəqiblərlə oyunlarda heç nə ilə yadda qala bilmədilər. Yalnız Finlandiya ilə heç-heçəni (1:1) vurğulamaq olar. Bir də Xorvatiyaya səfərdəki minmal hesablı yenilgi (0:1) ilə son vaxtlar dünyanı təəccübləndirməkdə davam edən İslandiya ilə oyunun yekun nəticəsini – 1:2. 2016-nın yayında yoldaşlıq görüşündə Farer adalarının qapısından 2 cavabsız qol keçirmişdilər. Ötən ilin noyabrında isə Latviyanı 4:3 hesabıyla məğlub etmişdilər.
Həm yığma üzvlərinin şərəfini qoruduğu klubların adına, həm də Kosovonun son ilyarımda keçirdiyi oyunlardakı nəticələrə baxanda, Azərbaycan yığmasının əsas rəqibinin bu komanda olacağı sirr deyil. Yəni Kosovo deyib keçmək olmaz.
Farer adalarının futbolçuları əsasən İslandiya, Norveç və Danimarka birinciliklərində top qovur. Elə də adlı-sanlı olmasalar da, kifayət qədər təhlükəli rəqibdi. Son seçmə mərhələdə rəqibləri Portuqaliya, İsveçrə, Macarıstan, Latviya və Andorra yığmaları olub. Latviya ilə Andorranı udan adalılar həmin Latviya və Andorra, həmçinin Macarıstanla heç-heçə edib. Yekunda 9 xal toplayaraq qrupu 4-cü yerdə başa vurublar. Rəqib qapılarından 4 top keçirdikləri halda, öz qapılarında 16 top görüblər. Maraq üçün qeyd edək ki, rəqiblər Azərbaycan yığmasını son seçmə mərhələdə 19 dəfə mərkəzə dəvət etmişdilər.
DÇ-2016-nın seçmə mərhələsində rəqibimiz olan Maltanın da ölkə xaricində top qovan oyunçuları var. Lakin heç də adlı-sanlı klublarda çıxış etmirlər. İtaliyanın C seriyası, İngiltərənin 2-ci liqası, İsveçrənin 2-ci dəstəsi, yaxud Avstraliyanın elitası qorxulu çempionat sayılmır. Aralarındaən gözəgəlimliləri “Apollon”la “Reyncers”in uğurları üçün tər tökür. Yəni futbolçuların ad-sanı və çıxış etdiyi çempionatlar baxımından heç də təhlükəli deyillər. Maltalıların DÇ-2018-in seçmə mərhələsində yer aldıqları F qrupundakı rəqibləri İngiltərə, Şotlandiya, Slovakiya, Sloveniya və Litva idi. Maltalılar yalnız Litva ilə heç-heçə (1:1) oynayaraq digər 9 oyunun hamısını uduzublar. 10 görüşdə rəqib qapılarına cəmi 3 dəfə yol tapıblar. Malta birmənalı şəkildə qrupun autsayderidi. Həvəskar futbolçulardan qurulan bu ölkənin yığmasının bizimkilərin 5 qol vurduğu San Marino millisindən ciddi mənada fərqi yoxdu.
Rəqiblər üzərində kiçik “səyahət”dən göründüyü kimi, bizimkilərdən fərqli, futbolçularının əksəriyyəti xarici klublarda legioner həyatı yaşayır. Lakin bu bizi qorxutmamalıdı. Əvvəla ona görə ki, millinin “sükanı” artıq Qurban Qurbanov kimi beynəlxalq təcrübəsi zəngin olan mütəxəssisin əlindədi. Qarşıda təxminən 8 ay vaxt olduğunu nəzərə alsaq, baş məşqçinin istədiklərini müəyyən mənada həyata keçirəcəyi gözləniləndi. Yəni qrupu 1-ci yerdə bitirmək Qurbanovlu yığma üçün çətin olmamalıdı.
Milli ilk tapşırığın – qrupdan çıxmaq - öhdəsindən gəlməyi bacarsa, yarımfinalda digər qrupların qaliblərindən biri ilə üz-üzə gələcək. Gürcüstan, Qazaxıstan, Latviya və Andorranın yer aldığı 1-ci qrupda ilk ikisindən birinin daha çox xal toplayacağı gözləniləndi. Bu mənada təmsilçiləri avrokuboklarda inamlı təsir bağışlayan qazaxların nisbi üstünlüyü nəzərə çarpır. Lakin legionerləri ilə güvənən gürcüləri də unutmamalıyıq. 2-ci qrupda Belarus, San Marino, Moldova və Lüksemburqdu. Belarusla Lüksemburqun şansları daha çox qiymətləndirilir. Son seçmə mərhələdə bu iki yığma eyni qrupda yer almışdı ki, bir matç lüksemburqluların qələbəsi ilə başa çatmış, digəri heç-heçə bitmişdi. Və ən nəhayət, 4-cü qrup: Makedoniya, Ermənistan, Lixtenşteyn, Cəbəllüttariq. Əsas mübarizə ilk iki yığma arasında gedəcək ki, hansının qrup qalibi olacağını demək olduqca çətindi.
Şanslarla danışmalı olsaq, yarımfinala vəsiqə qazanacağımız halda, rəqiblərimiz Gürcüstan, Qazaxıstan, Belarus, Lüksemburq Ermənistan və Makedoniyadan biri olacaq. Hər biri ilə oynamaq, qələbə qazanmaq mümkündü. Bu komandalardan heç biri yığmamızı aşkar şəkildə üstələmir. Sadə bir fakt: DÇ-2018-in seçmə mərhələsində bizimkilər topladığı xal baxımından yalnız Makedoniyadan geri qalıb. Qyoko Hacievskinin həmyerliləri hesabına 11 xal yazdığı halda, millimiz 10 xal əldə edib. Ermənilər 7, lüksemburqlular 6, gürcülərlə belaruslular 5, qazaxlar qrupu 3 xalla tamamlayıb. Odu ki, əsas hədəf qrupu 1-ci yerdə bitirməkdi. Bunu bacarsalar, davamı gələcək.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.