21 yaşadək futbolçulardan ibarət yığmamız yanvarın 23-də Antalya toplanışı çərçivəsində üçüncü yoxlama matçını keçirib. Rəşad Sadıqovun yetirmələri Gürcüstanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb. “Titanik” otelinin stadionunda baş tutan görüşü PFL prezidenti Ramin Musayev, “Keşlə”nin sabiq çalışdırıcısı Kaxaber Tsxadadze, həmçinin, U-19 yığmamızın üzvləri də izləyib. Əvvəlki oyunlarda “Alanyaspor”un U-21-nə 3:1 hesabı ilə qalib gələn, Albaniyanın gənclər millisinə isə 0:1 uduzan Rəşad Sadıqov gürcülərlə qarşılaşmada bu heyətə güvənib: 1. Kamran İbrahimov, 20. Omar Buludov, 13. Murad Qayalı, 16. İlyas Səfərzadə, 21. Xəyal Nəcəfov, 8. İlkin Muradov, 7. Ehtiram Şahverdiyev, 18. Ülvü İskəndərov, 10. Elnur Cəfərov, 3. Anton Krivotsyuk, 25. Murad Xaçayev.
Ehtiyat oyunçular: 24. İsmayıl İbrahimli, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Elvin Sərkərov, 9. Fəhmin Muradbəyli, 11. Famil Camalov, 12. Abdulla Seyidəhmədov, 14. Nicat Süleymanov, 15. Yusif Cəfərov, 17. Əskər Hüseynov, 19. Rafael Məhərrəmli, 28. Hacıağa Hacılı.
İlk yarıda xoş təsir bağışlayan, oyunu rəqibin cərimə meydançası ətrafına keçirən yığmamız fasilə ərəfəsində hesabı açıb. Ülvi İsgəndərovun 45-ci dəqiqədəki ötürməsindən sonra gürcü müdafiəçilərdən biri 15-16 metrlikdən topu öz qapısının “doqquzluğ”una göndərib. İkinci yarıya isə gürcülər qolla başlayıb. Qapımıza təyin olunan cərimə zərbəsi zamanı Sadıqovun yetirmələri topu uzaqlaşdırmaq istəyərkən səhvə yol verib. Ülvi İskəndərovun tərs vuruşundan sonra qapı qarşısına istiqamətlənən topu rəqib futbolçu başla tora qovuşduraraq hesabı bərabərləşdirib.Qeyd edək ki, U-21 sabah növbəti yoxlama görüşünü keçirəcək. Rəqib yenə albanlar olacaq. Oyun saat 19.00-da başlayacaq.
Gürcülərlə matçdan sonra Antalyadakı görüşü canlı izləyən həmkarlarımızın əhatəsinə düşən Rəşad Sadıqov ayaqüstü brifinqdə sualları cavablayıb.
- Qarşılaşmanı şərh edərdiz...
- Maraqlı oyun alındı. Hər iki komanda həm toplu, həm topsuz düzgün futbol oynamağa çalışırdı. Keyfiyyətli görüş oldu.
- Əvvəlki rəqiblərlə bugünkünü müqayisə edərdiz.
- Fərqli komandalardı. Albaniya daha çox müdafiə olunur və əks-hücumlara diqqət yetirirdisə, Gürcüstan çalışırdı ki, topla da çox oynasın. Meydanda “feyr-pley” qaydalarına riayət edən iki komanda gördüm. Bu da sevindirici məqamdı. Çalışdılar mehriban şəkildə oyun göstərsinlər. Hər iki komandanı təbrik edirəm.
- Gürcüstanın bəzi əsas heyət üzvləri sayılan futbolçuları bu gün meydanda yox idi. Oyun vaxtı düşündünüzmü ki, onlar olsaydı, görüş necə cərəyan edərdi?
- Bunu heç fikirləşmədim də. Bu dəqiqə elə şeylər mənə maraqlı deyil. Kim hansı heyəti buraxır, kim neçə yaşlılarla oynayır – bunların mənim üçün əhəmiyyəti yoxdu. Bəzi qeyri-peşəkar söhbətlərlə qarşılaşdım ki, guya bizə qarşı Albaniyanın 20 yaşlıları oynayıb. Əslində 7 nəfər oynayıb 1998-99-cu illər, bizdə də “Alanyaspor”a qarşı 6 nəfər 1997-98-ci il təvəllüdlü futbolçu meydanda idi. Onda biz də U-20 ilə oynamışıq? Belə bir məntiq yoxdu. Məlumat üçün deyim ki, bir nəfər 1997-ci il oynayırsa, bu artıq U-20 deyil. Hamısı 1998-99 doğumlu olsaydı, başqa məsələ. Onların heyətində 4 nəfər daha yaşlı oynayırdısa, bu artıq U-20 sayılmamalıdı. Digər tərəfdən, məşqçinin öz seçimidi və istənilən yaşda olanı oynada bilər. Mənim heç ağlıma gəlmir ki, U-20-ni, ya U-21-i buraxıram meydana. Yoldaşlıq oyunudu, daha gənclərə şans vermək, heyətdə rotasiyalar etmək normaldı. Belə şeyləri qabartmaq qeyri-peşəkarlıqdı. Səhv etmirəmsə, Albaniya mətbuatında yazılmışdı. Bu məsələ mənim üçün önəmli deyil, sadəcə, görürəm, yanlış informasiyalar yayılır. Ona görə də bu açıqlamanı verməyi lazım bildim. Bugünkü matça gəlincə, tam heyətin oynayıb-oynamamağı mənim üçün önəmli deyil. Vacib olan odu ki, hər bir futbolçumuz inkişaf etsin. Bizim heyətimizdə də daha gənc futbolçular meydana çıxıb. Hər 3 matçda rotasiyalar etmişəm. Gürcüstan başqa heyətlə meydana çıxsa, yenə də oynayacaqdıq. Uduzsaydıq da, futboldu. Bu gün mütləq qələbə qazanmalıyıq deyə bir məqsəd yoxdu qarşımda. Mənim əsas hədəfim odu ki, uşaqlar yığmanın bundan sonrakı fəlsəfəsinə uyğun futbol oynasınlar və əsas milliyə hazırlaşsınlar. Seçmə mərhələdə 5 oyunumuz qalıb. Qalib gəlsək nə olacaq, gəlməsək nə olacaq... Qalan matçlarda qlobal dəyişiklik etmək mümkün deyil. Biz sistemi oturtmağa çalışırıq ki, bu uşaqlar sabah əsas milliyə gedəndə özlərini itirməsinlər. Belədə onlara daha asan olacaq. İndi mənim üçün qələbə də, məğlubiyyət də, heç-heçə də eynidi. Çalışacağıq ki, rəsmi matçlarda nəticə olsun. Amma daha vacibi oyun göstərməkdi.
- Son iki oyunda rəqib komandaların fiziki göstəriciləri daha yaxşı görünürdü...
- Bu, məşqlə bağlı deyil. Onların təbiətindən gələn bir şeydi. Mən özüm 1.80 boyla millinin mərkəz müdafiəçisi olmuşam, amma dünyada belə şey yoxdu. İndi baxıram ki, məndən də balaca stopperlər var. Buna görə də alternativ şeylər düşünməliyik: top saxlamalı, kombinasiyalı, sürətli oyuna üstünlük verməliyik. Nələrləsə həmin çatışmazlığı kompensasiya etməliyik. Alternativ şeylər düşünmək lazımdı. Məşqlə boyu düzəltmək olmaz.
- Fasiləyə qədər komanda daha baxımlı oyun göstərirdi. İkinci hissədə nə baş verdi?
- Birinci hissədə də təxminən 10 dəqiqə oyunun ritmini itirmişdik. Fasilədən sonra da ilk 10-15 dəqiqə çətin oldu. Amma ondan sonra başabaş oyun getdi. Sadəcə, oyunun əvvəllərində etdiyimiz pressinqi sonadək davam etdirə bilmədik. Çünki rəqib də artıq ayılmışdı. Bu, normal şeydi. Uşaqları sürətli futbol oynamağa öyrəşdirməliyik. Bu nə qədər alınacaq, ya yox, görəcəyik. Nə qədər alınırsa, oyuna diqtə etməliyik. Təbii ki, bir baş üstün rəqib olarsa, artıq müdafiədən oynayacağıq. Ancaq bizdən çox az güclü olan rəqiblərə qarşı meydanda dominant olmalıyıq. Ən azı buna cəhd etməliyik.
- Bu komandanın əsas çatışmazlığı nədi? Bir də artıq futbolçular başa düşüblərmi ki, Rəşad Sadıqov onlardan nə istəyir?
- Problemlər haqda danışmaq istəmirəm. Mənə qədər burda nə olub-olmadığını müzakirə etmək mənasızdı. Bəlkə mənim vaxtımda da problemlər olacaq və sonrakı məşqçi onlardan gileylənəcək. Sadəcə, öz fəlsəfəmi yeritməyə çalışıram. Məndən əvvəl də yaxşı nəticələr olub müəyyən vaxtlarda. Mənim fəlsəfəm bir qədər fərqlidi. Bunu uşaqlara yeritməyə çalışıram. Komandadan razıyam. Bütün oyunlarda uşaqlar xoşuma gəliblər. Sadəcə, istəyirəm ki, daha da peşəkarlaşsınlar.
- İdman tonusu sevir. Ancaq bu uşaqlar klublarında çox meydana çıxmırlar...
- Məni əsas narahat edən məqam odu ki, bu uşaqlar klublarında oynayacaqlar, ya yox. Meydana çıxsalar, bəsdi. Bu əsas şərtdi. Klublarımızın məşqçiləri yetərincə peşəkardı. Uşaqlara deyirəm ki, "dirəşib", heyətə düşməlisiz. Siz çlışsaz, məşqçilər buna diqqət edəcəklər. Kim istəməz ki, heyətində cavan oyunçu olsun. Bu uşaqların klubda oynaması şərtdi.
HƏBİB hazırladı