“Traktorsazi” İntizam Komitəsinin qərarından narazıdı
Ərtoğrul Sağlamın “Traktorsazi”nin yeni baş məşqçisi olduğunu bilirsiz. Mövsümün sonunadək Güney Azərbaycan klubu ilə anlaşan türkiyəli mütəxəssisin köməkçiləri həmyerliləridi. Əsas yardımçısı Əziz Gökhandısa, fiziki hazırlıq üzrə məşqçi Oqtay Yürəkoğlu, qapıçılar üzrə məşqçi Öztürk Tanrıbilərdi. Oyunların və rəqiblərin təhlilinə Şahih Uysal cavabdehlik daşıyacaq. Xatırladaq ki, “qurdlar” yeni çalışdırının rəhbərliyi altında sabah ilk sınağına çıxacaq. “Qırmızı-ağlar” Məşhəddə autsayder “Meşki Puşan”la münasibətləri aydınlaşdıracaq.
Bu arada “Traktorsazi” İran stadionlarında Azərbaycan türklərinə qarşı irqi ayrı-seçkiliyə etiraz edir. Klubun İran Futbol Federasiyasına (İFF) təqdim etdiyi rəsmi etiraz müraciətində irqi ayrı-seçkilik nümayiş etdirənlərin FİFA-nın prinsiplərinə uyğun cəzalandırılması tələb olunub. Müraciətdə İFF-nın İntizam Komitəsi (İK) FİFA qaydalarına riayət etməyə çağırılıb. İK-nın qərarı ortada olan etnik və irqi ayrı-seçkiliyin dərəcəsi ilə mütənasib deyil. “Traktorsazi”nin etirazı dekabrın 29-da Tehranın “Azadi” stadionunda “Persepolis”lə keçirdiyi matç zamanı yaşanan olaylarla bağlıdı. Həmin oyunda çəkilən və sosial şəbəkələrdə yayınlanan videolarda tehranlı azarkeşlərin türklərin ünvanına səsləndirdiyi aşağılayıcı ifadələr eşidilir. Yerli fanatların səsləndirdiyi “eşşək” kəlməsi FİFA-nın daha əvvəl yayınladığı sənədlərdə irqi ayrı-seçkilik nümunəsi kimi göstərilib. Paytaxt klubunun azarkeşləri aşağılayıcı ifadəni bu dəfə türk dilində səsləndirib. Görüşdən sonra Təbriz klubu İK-ya şikayət edib. Lakin komitənin qərarı soydaşlarımızı razı salmayıb. İK “Persepolis”ə cəmi 1 matçlıq azarkeş dəstəyindən məhrum etməklə yanaşı, hər iki kluba pul cəriməsi kəsib. “Traktorsazi”nin müraciətində bunlar qeyd edilib: “İK-nın qərarı ortada olan etnik və irqi ayrı-seçkiliyin dərəcəsi ilə mütənasib deyil. Çünki mövcud dəlillər göstərir ki, türk dilində olan o təhqiramiz ləqəb hazırlıqlı və koordinasiyalı bir şəkildə səsləndirilir...”
Müracətdə qərarın FIFA qaydaları ilə ziddiyyət təşkil etdiyi vurğulanıb.
Qeyd edək ki, UEFA və FİFA himayəsində fəaliyyət göstərən FARE (Football Against Racism in Europe) şəbəkəsi bu yaxınlarda dünyada futbol stadionlarında irqi ayrı-seçkilik nümunələrinə dair təlimat sənədi yayınlayıb. Dünya ətrafında futbol sahələrində etnik və dini qruplar, eləcə də qadınlar və cinsi azlıqlara qarşı ayrı-seçkilik nümunələrinin yer aldığı sənədin İran bölməsində azarkeşlərin türklərə qarşı səsləndirdikləri irqçi şüarlara diqqət çəkilib. İranda farsların türklərə qarşı səsləndirdikləri şüarlar sənəddə “khar” (uzunqulaq) başlığı altında açıqlanıb. FARE o cümlədən, “Turkish donkey” (eşşək türk), “Donkey, get lost!” (Eşşək, get yox ol!), “There is no braying from the donkeys!” (Eşşəklərin anqırma səsi gəlmir!) və “The turkish donkeys are silent!” (Eşşək türklər səssizdi!) şüarlarına işarə edib. FARE-in sənədində gətirilən bu şüarlar, adətən, “Traktorsazi”nin səfər oyunlarında rəqib komandanın azarkeşləri tərəfindən səsləndirilir.
SƏRXAN