Yanvarın 22-dən 23-nə keçən gecə Bakını tərk edib Antalyaya üz tutan "Keşlə" Lara bölgəsindəki “Adalya Elite” otelində məskunlaşıb. Yuri Maksimovun komandası sabah Makedoniya “Rabotniçki”si ilə yoxlama oyunu keçirəcək. Komandanın düşərgəsində iki yeni legionerin olduğunu bildirək. Onlardan biri braziliyalı Lukas dos Santos, digəri ukraynalı Anton Postupalenkodu. Baxışa çağırılan hər iki futbolçu eyni mövqedə çıxış edir. Belə ki, hər ikisi oyun qurucusudu. Bu o deməkdi ki, yeni legionerlərdən hər ikisinin qalmaq ehtimalı azdı. Ukraynalı mütəxəssis braziliyalı ilə həmyerlisini yoxlama oyununda sınadıqdan sonra qərar verəcək. Orta sahə üçün daha bir braziliyalının baxışa gəlməsi də gözlənilir. Qeyd edək ki, 27 yaşlı Lukas vətənində oynasa da, karyerası daha çox Finlandiyayla bağlı olub. 30 yaşlı Postupalenko isə indiyədək legioner həyatı yaşamayıb. O, buna qədər Ukraynanın "Metallist", "Zakarpatye", "Stal" (Alçevsk), "Stal" (Dneprodzerjinsk), "Metallurq" (Donetsk) və "Olimpik" (Donetsk) klublarında oynayıb. Sonunculardan ayrılaraq sərbəst futbolçu olan Anton Ukraynanın U-19 və U-21 yığmalarında çıxış edib.