Ukraynalılar “Xəzər”i “Xəzər Lənkəran”la səhv saldılar
Mövsümün ikinci yarısına Antalyada hazırlaşan "Səbail" çərşənbə axşamı ilk yoxlama matçını keçirib. Rəqib isə xəbər verdiyimiz kimi, "Çernomorets" olub. Odessa təmsilçisinin rəsmi saytının oyunu canlı yayınladığını qeyd edək. Ümumiyyətlə, ukraynalılar komandanın Bələk toplanışına geniş yer verir. Hər oyundan əvvəl rəqib haqda məlumat yerləşdirilir, matçdan reportaj və videoicmal təqdim olunur. Saytda “Səbail”in tanıtması da verilib. 2016-cı ildə yaradılan Bakı klubunun ilk mövsümdəcə elitaya yüksəldiyi, mövsümün ilk yarısındakı nəticələr, komandanın tutduğu mövqe, həmçinin baş məşqçi Samir Əliyevin vaxtilə “Volın”da çıxış etdiyi diqqətə çatdırılıb. Ancaq hazırlığın ilk mərhələsi haqda məlumatda səhvə yol verilib. Əvvəla, yanvarın 11-də “Sabah”la oyunu (0:0) nəzərdən qaçırıblar. Ayın 15-dəki rəqib isə Lənkəran “Xəzər”i kimi təqdim olunub. Halbuki Samir Əliyevin komandası Bakı “Xəzər”i ilə gücünü sınayıb (3:1).“Çernomorets”lə görüş “Səbail”in məskunlaşdığı “Mirakl” otelinin idman kompleksində baş tutub. Hakimlər də bizimkilər olub: Elvin Əsgərova Vüsal Qəmbərovla Elşad Abdullayev kömək edib. Odessa təmsilçisi oyuna 8 əsas heyət üzvü və baxışda olan 3 futbolçu ilə çıxıb. Elə “Səbail”in start heyətində də bir yeni legioner forma geyib: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 5. Kərim Diniyev, 14. Niko Abakidze, 4. Ramil Məmmədov, 23. Ayron Stati, 13. Yevgeni Kotyuk, 3. Tamazi Tsetsxaladze, 11. Elman Taqayev, 10. Nurlan Novruzov, 9. Raul Yaqubzadə.
Ehtiyat oyunçular: 22. Əmirhüseyn Nəcəfi, 8. Aqşin Muxtaroğlu, 17. Vüqar Nadirov, 18. Aqşin Qurbanlı, 21. Ruslan Əmircanov, 66. Pərviz Qaraxanov, 98. Kamran Əliyev, 99. Maudo Jarjue.
Göründüyü kimi, Yevgeni Kotyuk adı tanış deyil. Hadisələri qabaqlayaraq qeyd edək ki, "Səbail" Moldova yığmasının futbolçusunu artıq heyətinə cəlb edib. Sınaqdan uğurla keçən legioner bəyənilib və onunla bu həftə rəsmi müqavilə imzalanacağı gözlənilir. Futbolda ilk addımlarını 2012-ci ildə vətənində - "Daçiya"da atan Yevgeni 2016-da Slovakiyanın "Jilina" klubuna keçib. O, burda millimizin hücumçusu Ramil Şeydayevlə komanda yoldaşı olub. "Jilina"yla çempion olan Kotyuk 2015-ci ildən etibarən çıxış etdiyi Moldova millisində 4 oyun keçirib.
Oyuna dönək. İlk yarı Konstantin Frolovun komandasının böyük üstünlüyü şəraitində keçib. Baxmayaraq ki, "Səbail" artıq 3-cü dəqiqədə hesabı açmağa yaxın olub. Raulun yaxın məsafədən başla zərbəsi qeyri-dəqiq olub. “Qəbələ”nin sabiq forvardı Aleksey Antonovun 15 metr məsafədən vuruşu uzaq dirəkdən santimetrlərlə aralı keçib, Mamadu künc zərbəsindən sonra “çərçivə”yə düşə bilməyib, Tretyakov isə 35-ci dəqiqədə qapıçı ilə dueldən məğlub ayrılıb. Fasilədən sonra oyunun xarakteri dəyişib. Odessalıların etiraf etdiyi kimi, “Səbail” ikinci hissədə meydanın "Çernomorets”ə aid hissəsində tez-tez qonaq olub. Debütant ən real qol vəziyyətini 55-ci dəqiqədə yaradıb, ancaq Kojuxar Elman Taqayevin fərqlənməsinə əngəl olaraq, topu qapı xəttindən çıxarıb. Tərəflərin çoxsaylı cəhdlərinə baxmayaraq, oyun qolsuz bitib.
Qeyd edək ki, “Səbail” növbəti yoxlama oyununu yanvarın 26-da Serbiya “Napredak”ına qarşı keçirəcək.