“Qarabağ”da olduğuna görə demirəm, reallıq budu”
Hər il olduğu kimi, 2017-nin sonunda da “Futbol+” ilin ən yaxşı futbolçusunu seçdi. Nə az, nə çox - 190 respondent arasında aparılan sorğunun qalibi Rəşad Sadıqov oldu. “Qarabağ”ın kapitanı 6-cı dəfə bu uğura imza atdı.
Lakin müdafiəçi nəticədən xəbər tutandan sonra “ən yaxşı” adına özünü yox, Mahir Mədətovun daha layiq olduğunu demişdi. Hər nə qədər seçim insanın öz ixtiyarında olsa da, reallıq hissini itirmək həqiqəti tapdalamaq deməkdi. Həqiqət isə odu ki, Rəşad 2017-ni yüksək səviyyədə keçirməmişdi. Yığma keryerasını başa vuran futbolçunun əsas üstünlüyü Çempionlar Liqasının qrupuna düşən, ötən mövsüm “qızıl dubl” edən komandanın kapitanı olmasıydı. Ancaq fərd olaraq “Qarabağ”a və yığmaya qazandırdıqları əvvəlki illərlə müqayisədə daha az idi. Nə yazıq ki, özü belə birinciliyə komanda yoldaşını layiq gördüyü halda, sorğuya qatılanlar fərqli düşündü. Ən acınacaqlısı isə Sadıqovun birinciliyində həlledici rolu media nümayəndələrinin oynaması idi. “Köhlən atlar”ın kapitanın yığdığı xalın yarıdan çoxu jurnalistlərin səsi hesabına formalaşdı. Rəşadın mətbuata hörmətlə yanaşmasına, mediadan qaçmamasına heç kim heç nə demir. Lakin ən yaxşını müəyyənləşdirərkən şəxsi münasibətləri ön plana çəkmək nə dərəcədə ədalətlidi?
Bu gün ölkə futbolunun xilaskarı gözü ilə baxdığımız, Sadıqova hər birimizdən çox-çox yaxın olan Qurban Qurbanov “Region+” jurnalının əməkdaşının “2017-ci ilin ən yaxşı futbolçusu kimdi” sualına belə cavab verib: “Məncə, Mahir Mədətov. Gənc olmasına baxmayaraq, vacib turnirlərdə vacib qollar vurdu. Yaşının az olmasına rəğmən, bəzən özünü çox təcrübəli kimi göstərməyi bacardı. Düzdü, zəif oyunları da oldu. Lakin İslam Həmrəylik Oyunlarında çempion komandanın heyətində idi. Azərbaycan Çempionatında, Çempionlar Liqasında yaxşı oyun sərgilədi. “Qarabağ”da olduğuna görə demirəm, reallıq budu”.
Təəssüf ki, Qurbanovun dönə-dönə vurğuladığı reallığı çoxları görmədi. Niyə görmədi – bunun səbəbini anlamaq çətindi. Gecə-gündüz “jurnalist bitərəf olmalıdı”, “jurnalist obyektiv olmalıdı” deməklə deyil. Fakt göz qabağındadı. Qurban bəyin fikirləri hər şeyi deyir. Artıq sözə ehtiyac yoxdu. Reallıq həqiqət deməkdi, həmin hissi itirməyimiz isə faciədi.
FARİZ