Veteran voleybolçular “Baku Stars”a toplaşıb
Yanvarın 21-də voleybol üzrə qadınlar və kişilər arasında 1-ci divizionda mübarizəyə start verilib. 19 komandanın iştirak etdiyi yarışda 10 kişi, 9 qadın komandası qüvvəsini sınayır. Dərnəgül Voleybol Mərkəzində əvvəlcə meydana qadınlar çıxıb. “Azərreyl-1” “Xətai”yə 3:0 hesabı ilə qalib gəlib. Oyundan dərhal sonra liqanın rəsmi açılış mərasimi olub. Volebol Federasiyasının (AVF) prezidenti Cavid Qurbanov və qurumun vitse pezidentləri mərasimdə iştirak edib. Komandalar meydana dəvət olunandan sonra 1 dəqiqəlik sukutla 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Daha sonra çıxış üçün söz AVF-nin vitse-pezidenti Vaqif Əliyevə verilib. Əliyev qısaca ölkə voleybolunun uğurlarından danışıb və iştirakçılara uğurlar arzulayıb.
Açılış mərasimdən sonra həmin məkanda kişilərin mübarizəsinə start verilib. “BOS-Şelf” ATU-nu 3:1 hesabıyla məğlub edib. Daha sonra “İqtisadçı” “Şəki”dən güclü olub – 3:2. Qadınların yarışında daha bir oyun keçirilib. UNEC “Gəncə”yə şans tanımayıb. Kişilərin yarışında növbəti oyunlar “Neftçi”nin köhnə bazasında baş tutacaq. Yanvarın 27-si, saat 12.00-da “İqtisadçı” – “Əlincə” görüşü start götürəcək. Ertəsi gün eyni saatda AzTU – “Astoriya” qarşılaşması başlayacaq. Ardınca “Taleh” və BDU münasibətləri aydınlaşdıracaq.
Qadınlar arasında növbəti oyunlar ayın 27-də iki məkanda keçiriləcək. Belə ki, “Xətai” – “Dəmiryolçu” (11.00) və UNEC – “Azərreyl-1” (13.00) matçları İqtisad Universitetinin idman zalında, “Azərreyl-2” – “Azəri” (11.00) və “Baku Stars” – BDU (13.00) oyunları isə Dərnəgül Voleybol Mərkəzində baş tutacaq.
Yeri gəlmişkən, “Baku Stars” veteran voleybolçulardan qurulub. Komandanın heyətində Alla Həsənova, Yelena Parxomenko, Səbinə Yarməmmədova və Şəfəq Kərimova kimi sabiq yığma üzvləri, o cümlədən “İqtisadçı”nın liberosu olmuş Elina Abbasova yer alıb.
Qeyd edək ki, elitadan fərqli, divizionda komandalar 2 dövrəli sistem üzrə yarışdıqdan sonra pley-offda münasibətləri aydınlaşdıracaq.