Sizin reklam burada

“Milli Dəstə”dən Şəhriyar Məmmədyarova dəstək

Baxış Sayı:565

“Milli Dəstə”dən Şəhriyar Məmmədyarova dəstək
Bildiyiniz kimi, Şəhriyar Məmmədyarov (2804) hazırda Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən “Tata Steel” turnirində iştirak edir. Yetərincə uğurlu çıxış edən həmyerlimiz son turda uduzsa da, liderlər qrupunda qərarlaşıb. Sumqayıtlı qrossmeysterin parlaq mübarizəsi idmansevərlərin diqqətini çəkməkdədi. Futbol komandalarımızı ölkə xaricində keçirilən oyunlarda dəstəksiz qoymayan “Milli Dəstə” Məmmədyarovun da yanında olmağı planlaşdırır. Hər halda, azarkeş qrupunun yaydığı bəyanatdan bunu başa düşmək olur: “Yenicə bilmişik ki, “Tata Steel” şahmat turniri Niderlandın Veyk-An-Zee şəhərində keçirilir. Hazırda şahmatçımız Şəhriyar Məmmədyarov da bu turnirdə iştirak edir. Turnir yanvarın 13-də başlayıb və 28-də bitəcək. Yanvarın 28-də son tur baş tutacaq və daha sonra isə bağlanış və mükafatlandırma mərasimi olacaq. Həmin şəhər uzaq olduğu üçün 1 gün gedə biləcəyik. Buna görə qərara aldıq ki, son gündə ora gedək və nəticədən asılı olmayaraq, Məmmədyarovla görüşüb onu Azərbaycana yola salaq. Təbii ki, medal qazansa, əlavə stimul olacaq. Sonuncu turun oyunları saat 12.00-da başlayacaq. Biz də həmin şəhərə elə həmin vaxt çatacağıq. Yarış məkanına giriş pulsuzdu. Niderlandda yaşayanlardan kim bizə qoşulmaq istərsə, buna şad olarıq. Həmçinin şərait buna imkan verərsə, şahmatçımızı yola salan zaman petardlar da yandıracağıq. Şəhriyara sözünüz varsa, bildirin, mütləq çatdıracağıq!”
Bəyanatın altında “Milli Dəstə” ictimaiyyətə səslənməyi də unutmayıb: “Çox xahiş edirik, Avropada beynəlxalq turnirlər olanda bizə xəbər edin. Əsasən də Niderlandda, Almaniyada (Berlinətrafı), İsveçdə və ya ətraf ərazilərdə olarsa, mütləq bizə bildirin. Bacardığımız qədər gedib dəstək olacağıq”.
Bu arada son turda Şəhriyara qalib gələn holland Aniş Giri qələbəsini belə şərh edib: “Veyk-An-Zeedə hər qələbə çətin başa gəlir. Məmmədyarovla oyun da bura daxildi. Şəhriyar ən çətin vəziyyətdə belə özünü itirmir. Özünü suda balıq kimi hiss edir. Şah özü maraqlı vəziyyət yaradır və sonra bunu inkişaf etdirir. Amma bu dəfə partiyanı xilas edə bilmədi. Bu qələbə sayəsində lideri haqladım”.

Oxşar xəbərlər
SON XƏBƏRLƏR