Sizin reklam burada

Mancqaladze Gəncəyə pul qazanmaq üçün gəlməyib

Title
Mancqaladze Gəncəyə pul qazanmaq üçün gəlməyib
“Özümü o qədər rahat hiss edirəm ki, sanki Gürcüstan klubundayam”
Qış fasiləsində heyətini gücləndirmək siyasətini əsas götürən “Kəpəz”ə dörd yeni legioner qoşulub. İkisi daha öncədən tanıdığımız braziliyalılar Dario Federiko ilə Dieqo Qusmaodusa, digəri ukraynalı qapıçı Sergey Litovçenkodu. Biri də qonşu Gürcüstanı təmsil edən Qiuli Mancqaladzedi. Əslində sarışın dayaq yarımmüdafiəçi də azərbaycanlı futbolsevərlərə tanışdı.
Ötən ilin yayında “Qarabağ” Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində “Samtredia” ilə qarşılaşanda, Qiuli hər iki oyunda start heyətində yer almışdı. Xüsusilə Riçard Almeydaya qarşı diqqətli olmağa çalışan “6 nömrə” əzmkarlığı və döyüşkənliyi ilə diqqəti çəkmişdi. Mancqaladze artıq “Kəpəz”in üzvüdü və bundan sonra Azərbaycan çempionatının həyəcanını yaxından hiss edəcək.
Gürcü həmkarlarımız Qiuli ilə əlaqə saxlayaraq, futbolçudan Azərbaycandakı taleyi haqda soruşublar. Ukraynada doğulan oyunçu ölkəmizdəki və yeni komandasındakı ilk təəssüratlarını bölüşüb: “Kəpəz”lə mövsümün sonuna qədər anlaşdıq. Hiss edirəm ki, burda mənə ehtiyac var. Ona görə də ümidləri doğrultmalıyam. Baş məşqçimiz də komandaya yeni gəlib. Komanda Gəncəni təmsil etsə də, paytaxt Bakıda məskunlaşmışdıq və Bakı Olimpiya Stadionunda hazırlaşırdıq (“Kəpəz” Bakıdakı hazırlığı ADBTİA-nın stadionunda keçmişdi – H.). Deyim ki, çox gözəl və müasir standartlara cavab verən arenadı. İndi isə toplanışı Antalyada davam etdiririk. Komandaya yaradılan şəraitdən və mənə təklif olunan şərtlərdən razıyam. Açığı, kollektivdə özümü o qədər rahat hiss edirəm ki, sanki Gürcüstan klubundayam. Baş məşqçi ilə münasibətim əladı. Həm də “Kəpəz” transferimə hədsiz maraq göstərirdi. Bir şey də yaxşıdı ki, Gəncə Gürcüstana yaxın ərazidə yerləşir. Ona görə də tez-tez ölkəmə baş çəkə biləcəm”.
Həmkarımızın “sonuncu yerdə qərarlaşan komandaya keçidi doğru addım sayırsan” sualına Mancqaladze belə cavab verib: “Bir futbolçu kimi irəli getmək şansım var. Azərbaycan çempionatında güclü komandaların sayı çoxdu. Onlarla qarşılaşmaq, həmin matçlarda özümü yaxşı tərəfdən göstərmək istəyirəm. Bu mənim üçün yaxşı şansdı. Bundan əlavə, Azərbaycan çempionatında mübarizə aparan klubların büdcəsi göz oxşayır. “Kəpəz” mövsümün ilk yarısını yaxşı başa vurmayıb. Buna görə də komandadan 14 futbolçu göndərilib (əslində 11 futbolçu – H.) və heyətdə böyük dəyişikliklər olub. Braziliyalı legioner və ukraynalı qapıçı gəlib. “Kəpəz” vaxtilə Azərbaycan kubokunu qazanmış və çempion olmuş komandadı. Böyük tarixə malikdi. Ona görə də bu pis günləri geridə qoymaq istəyirlər”.
Gürcü futbolçuların böyük əksəriyyəti Azərbaycana pul dalınca gəlsələr də, Qiuli bu mənada başqa fikirdədi. Dediyinə görə, onu daha çox maraqlandıran legioner həyatı yaşamaqla uğurlu karyera qurmaqdı: “Maliyyə məsələsi “Samtredia”dan ayrılmağım üçün son səbəblərdən biridi. Mən hələ qocalmamışam, 25 yaşım var. Müəyyən bir səviyyədə oynamaq, özümü ölkə xaricində göstərmək istəyirəm. “Kəpəz”ə daha tez uyğunlaşacağımı düşünüb bura gəldim. Düzdü, burda daha yaxşı qazanacağımı gizlətmək istəmirəm. Amma bu son səbəbdi”.
HƏBİB hazırladı
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.