Yanvarın 18-də Bakını Antalyaya dəyişən “Kəpəz” qardaş ölkədəki yoldaşlıq görüşlərinə dünən start verdi. Bakı vaxtı ilə saat 12-də başlayan qarşılaşmada gəncəlilərin rəqibi öncədən xəbər verdiyimiz kimi, Rumıniya “Vitorul”u idi. Baş məşqçi postunda “Qalatasaray”ın və Rumıniya futbolunun əfsanəsi George Hacının əyləşdiyi kollektiv buna qədər 4 yoldaşlıq görüşündə qüvvəsini sınamışdı. Yanvarın 14-də “Qalatasaray”a 0:2 hesabı ilə məğlub olmuş, bir gün sonra Albaniya “Şkenderbü”sü ilə heç-heçəyə (1:1) razılaşmışdılar. Yanvarın 18-də İsveçrə “Qrasshoppers”iylə oyun da eyni hesabla başa çatmışdı. Elə həmin gün Rusiya təmsilçisi “Luç-Enerji”ni məğlub etməyi bacarmışdılar – 4:2. “Vitorul”un hazırda 14 komandanın mübarizə apardığı Rumıniya çempionatında 34 xalla 6-cı sırada qərarlaşdığını da xatırladaq.
Yunis Hüseynovun start heyətində şans verdiyi 11 futbolçudan 7-si yenilər olub: Sergey Litovçenko, Şəhriyar Rəhimov, Tural Nərimanov, Şəhriyar Əliyev, Tural Cəlilov, Tərzin Cahangirov, Dieqo Qusmao, Samir Zərgərov, Qiuli Mancqaladze, Roman Hüseynov, İlkin Sadıqov. Fasilədən sonra Kamran Abdullazadə, Ceyhun Cavadov, Tural Rzayev, Murad Səttarlı, Dedimar və Dario Federiko baş məşqçinin etimadını doğrultmağa çalışıb.
“Sueno” otelinin meydanında baş tutan və yerli hakimlərin idarə etdiyi qarşılaşmada hesabı rumınlar açıb. Lakin fasilədən sonra “Kəpəz” bərabərlik qolunu vurmağa nail olub. Kapitan Şəhriyar Rəhimov kornerdən ötürülən topu bir toxunuşla qapıdan keçirib. Matçın sonlarına yaxın “Vitorul”un futbolçuları qələbə topunu vurmağa çalışsalar da, istəklərinə çata bilməyiblər. Nəticədə Konstantsa təmsilçisi Antalyada keçirdiyi 5-ci oyunda 3-cü dəfə 1:1 hesablı heç-heçəyə imza atıb.
Mövsümün ikinci yarısına hazırlığı davam etdirən “Kəpəz”in əsas komandasından fərqli, əvəzedici heyəti ölkə daxilində hazırlıq keçir. Ceyhun Tanrıverdiyev yetirmələrini iş başında görmək üçün yoldaşlıq görüşlərinin keçirilməsini vacib sayır ki, ilk rəqib “Zaqatala” olub.
Zaqatalada baş tutan oyundan əvvəl 20 Yanvar faciəsi ilə bağlı meydana qara sarğıyla çıxan komandalar birdəqiqəlik sükutla şəhidlərin əziz xatirəsini yad ediblər. Yekun nəticəyə gəlincə, birinci divizionun autsayderi əvəzedicilərin çempionatında mübarizə aparan rəqibi üzərində 1:0 hesablı qələbəyə sevinib.
HƏBİB