Sizin reklam burada

“Neftçi”nin yeni legioneri pişik adıyla tanınır

Title
“Neftçi”nin yeni legioneri pişik adıyla tanınır
Qarsiya: “Məqsədimiz kuboka sahib çıxmaqla Avroliqaya vəsiqə qazanmaqdı”
“Neftçi” hələ ki transferlər baxımından “axsayır”. Dekabrın ortalarından bu yana 10 futbolçu ilə yollarını ayıran “ağ-qaralar” cəmi 4 yeni oyunçu ilə rəsmi anlaşma əldə edib: İlkin Qırtımov, Aqil Məmmədov, Fərid Abbaslı və Fransisko Qarsiya.
Sonuncu ad “Neftçi”sevərlərə hələ ki yaxşı tanış deyil. 27 yaşı olmasına baxmayaraq, karyerası ərzində ilk dəfə Avropada legioner həyatı yaşayan Qarsiya yarımmüdafiənin istənilən yerində oynamağı bacarır. Cinah keçidlərinə və qüvvətli zərbələrə sahibdi. “Ağ-qaralar”a nə dərəcə fayda verəcəyini isə zaman göstərəcək. Hazırda komandası ilə birgə Antalyada olan Fransisko klub saytının əməkdaşı ilə söhbətdə bir neçə sualı cavablayıb. Öncə “Neftçi”yə gəlişindən söz açıb: "Təklif alandan sonra klub haqda məlumat toplamağa başladım. Öyrəndim ki, "Neftçi” köklü və ad-sanlı klubdu. Bu məni ruhlandırdı. Həmyerlim Derlis Meza Kolli ilə də söhbətləşdim. O, komanda haqda çox yaxşı sözlər dedi. Bundan sonra "Neftçi”yə keçəcəyimə şübhəm qalmadı”.
Cəmi bir həftədi yeni komanda yoldaşları ilə məşq edən cənubi amerikalı futbolçu təlim-məşq toplanışının axarını dəyərləndirib. Həmçinin bakılıların hədəflərindən söz açıb: “Yeni komandama uyğunlaşmağa çalışıram. Baş məşqçimiz çox tələbkardı. Bütün böyük klublarda futbolçulardan tələb də böyük olur. Baş məşqçinin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirməyə çalışıram. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün birlikdə əmək sərf etmək çox vacibdi. Bilirəm ki, hər bir böyük klub kimi, "Neftçi”nin də azarkeşləri möhtəşəmdi. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Məqsədimiz kuboka sahib çıxmaqla Avroliqaya vəsiqə qazanmaqdı. İnanıram ki, qarşıya qoyulan məqsədlərə çata biləcəyik”.
Hər futbolçunun ləqəbi var. Məsələn, komanda yoldaşları Məhəmməd Mirzəbəyovu “Maqa”, Ruslan Abışovu “Rusi”, İqnasio Erreranı “Naço” deyə çağırırlar. Fransisko Qarsiya isə daha çox “Qato” ləbəbiylə tanınıb. Qarsiya hara, “Qato” hara? Öz dilindən eşidək: "Qato” ləqəbini mənə "Serro Portenyo”nun aşağı yaş qruplarında oynayanda fiziki hazırlıq üzrə məşqçimiz verib. "Niyə məhz "Qato” sualını verəndə, o mənə gözlərimin pişik gözlərinə bənzədiyini dedi. Buna görə də məni "Qato” deyə çağırmağa başladı. O vaxtdan ləqəbim "Qato”du”.
HƏBİB
Football-plus.az Məlumatlardan yararlandıqda istinad vacibdi. ✔ Məlumatlardan internet səhifələrində yararlanarkən müvafiq keçidin qoyulması vacibdi.