Sizin reklam burada

Fərid Cəlalov Yunanıstandakı yenilgidən danışdı

Baxış Sayı:1 992

Fərid Cəlalov Yunanıstandakı yenilgidən danışdı
“Olimpiakos” güclü olsa da, məğlubedilməz deyil”
Kişi voleybolçular arasında “Çağırış” kubokunda mübarizəni davam etdirən “Lokomotiv”in 1/8 finalın ilk oyununda “Olimpiakos”a 0:3 hesabıyla uduzduğunu bilirsiz. Bir daha göründü ki, “qızıl” set istisna olmaqla, ölkə çempionu səfərdə istədiyi kimi oynaya bilmir. Yunanıstan klubu hazırkı durumda 1/4 finala daha yaxındı. Cavab görüşünün fevralın 1-də Dərnəgül Voleybol Mərkəzində keçiriləcəyini bilirsiz. Görəsən, “Loko” çətin vəziyyətdən çıxıb, Çempionlar Liqasında 2 dəfə final oynamış rəqibi sıradan çıxara biləcəkmi? Dünən baş məşqçi Fərid Cəlalovla söhbət etdik. Gənc mütəxəssis əvvəlcə ilk oyundakı məğlubiyyəti şərh etdi: “Rəsul İbrahimov heyətdə yer almamışdı. Buna səbəb Livana baxışa yollanmasıydı. Ordan yaxşı təklif almışdı. Ancaq əməkdaşlıq baş tutmayacaq. Bu gün qayıdacaq. İnşallah, cavab görüşündə iştirak edə biləcək. İlk görüşdə olmamasının müəyyən qədər təsiri oldu. Yunanıstanda pis oynadığımızı düşünmürəm. Çünki qarşımızdakı rəqib çox güclü idi. “Olimpiakos” asan yenilən komandalardan deyil. Hücumları boşa verdik. Müəyyən həlledici anlar oldu ki, həmin vaxt “top öldürə bilsəydik”, hesabda önə keçib seti qazana bilərdik. İlk setdə hətta önə də keçmişdik. Hakim bir neçə epizodda səhvə yol verdi. Fasilə götürdüm. Onları xəbərdar etdim. Bildiyiniz kimi, planşetlə idarə olunur. Ləngimə oldu, nəticədə 1 xal daha itirdik. İki dəfə eyni şey təkrarlandı. Demirəm ki, məğlubiyyətimiz bununla bağlı oldu. Ancaq hər halda, müəyyən qədər təsir etdi”.
Ağır yenilgiyə baxmayaraq, Cəlalov nikbinliyini itirmir və hələ də şansların bərabər olduğunu düşünür: “Eyni qaydada məşqlərimizi davam etdiririk. Rəqibin heyətində güclü oyunçular var. “Olimpiakos”a bərabərsəviyyəli voleybolçular cəmləşib. Yunanıstan təmsilçisində zəif oyunçu yoxdu. Bunu statistikaya baxanda da görə bilərsiz. Ancaq biz də evdə daha yaxşı oynayırıq. Şansların bərabər olduğunu düşünürəm. “Olimpiakos” güclü olsa da, məğlubedilməz deyil. Bu komandanı gözümüzdə şişirtmirik. Voleybolçular meydana çıxıb sona kimi mübarizə aparmalıdı. Nə heyətdə, nə də taktikamızda dəyişiklik edəcəyik. Çünki sərəncamında o qədər geniş heyət yoxdu ki, hansısa dəyişiklik edim. Ehtiyatdakılar əsas heyət üzvlərini əvəzləyəcək qədər güclü deyil”.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR