“Keşlə”nin Müşahidə Şurasının sədri, lap dəqiq desəm, klubda əsas söz sahibi olan Zaur Axundovla keçmiş futbolçu Mirhüseyn Seyidovun hər ikisi əslən naxçıvanlıdı. Bir az qurdalasan, uzaq qohumdular. Muxtar Respublikadan olan insanların bir-birinə münasibəti bəllidi. Hamısı da olmasa, 70-80 faizi bir-birinə dəstək olur, biri bir az zirvəyə qalxanda özündən aşağıdakına əl uzadır. Və bir də baxırsan ki, vaxtilə kasıblıqdan əziyyət çəkən bir qrup xalaoğlu-dayıoğlu indi hansısa işin sahibidilər, səsləri yüksəklərdən gəlir. Nəyi pisdi? İstəməyənin gözü kor olsun. Kaş, bölgə olaraq yox, millət kimi bur cür birləşə biləydik.
Deməyim odu ki, Axundov Mirhüseynin naxçıvanlı olmasına, uzaq qohum çıxmasına baxmadan futboldan uzaqlaşdırılmasında əsas rolu bacarıqla ifa etdi. Seyidovun hansı günah sahibi olmasından xəbərsizəm. Həqiqətən də oyun alğı-satqısında iştirak edibsə, pul göndərib, pul qazanıbsa, klub rəhbərinə halal olsun. Oyun alıb-satan adam klubuna sadiqlik göstərə bilməz. Üstəlik, bu kimi faktlar bir nömrəli idman növünü gözdən salır. Hə, deməyim odu ki, Zaur Axundov ağına-bozuna baxan adam deyil. Beyninə düşdüsə, edəcək. Hansısa məsələdə özünü haqlı sayırsa, qarşı tərəfin düşdüyü, ya da düşəcəyi durum onu maraqlandırmaz. Uzun illərdi ölkə futzalına rəhbərlik edən, indi həm də AFFA-nın İcraiyyə Komitəsinin üzvü olan rəhbərdən ehtiyatlanmaq lazımdı.
Rauf Əliyevi futbolçu kimi çox bəyənirəm. Döyüşkəndi, xarakter sahibidi, vaxtilə “Qarabağ”ın, yığmanın, lap elə yaxın keçmişdə “İnter”in heyətində vacib qollar vurub. Qaçqınçılıqdan yeni tikili binalarda ev sahibi səviyyəsinə qədər yüksələ bildi. Öz aramızdı, indiki dövrdə buna da bacarıq lazımdı. Təkcə futbol oynamaq kifayət etmir. Həm də çətinliklərə sinə gərməli, gənc yaşlarda “dedlər”in arasında itib-batmamalısan. Raufun da çətin günləri, buraxdığı səhvlər olub. Amma yaşı başına ağıl gətirdi, zamanla gördüklərindən nəticə çıxardı. İndi müdrikləşib, bəzi qorxaq futbolçulardan fərqli, haqqını müdafiə etməyi bacarır.
İnanın, Zaur Axundovun qabağında “at oynatmaq” hər oğulun işi deyil. O yekəlikdə bədən, bir də qəzəbli baxışlar bəs edir ki, “bura qol çək” göstərişinin qarşısında “baş üstə” deyib, əmrə tabe olasan. Rauf bunu etmədi, əyilmədi. 3-4 yaşlarında erməni gülləsinin səsindən yata bilməyən, uzun illər Bayılda taxta daxmada yaşayan biri üçün futbolda kiminsə əmrinə məcbur tabe olmaq mümkün deyil. Əliyev bunu ilk dəfə yayda göstərdi. Çantasını yığıb Albaniyaya yollandı. Nə Axundovun arxasınca səsləndirdiyi fikirlərə qulaq asdı, nə də o vaxtkı adı “İnter” olan klubun saytında yerləşdirilən müqaviləyə. Haqlı olduğunu bilirdi deyə, getdi. Yaydakı oyunun ilk hissəsi 1:0 Raufun xeyrinə başa çatdı.
“Kukesi”dəki karyerasını hissələrarası fasilə kimi düşünsək, hazırda yaşananlar oyunun ikinci hissəsinin başlanğıcıdı. Əliyev “Kukesi”dən ayrılandan sonra faktiki havada qalıb. Ya karyerasını “Keşlə”də davam etdirməli, ya da 4-5 ay futbol oynamamalıdı. İlk hissədə uduzan Zaur Axundov məsələnin içindən xəbərdardı. Bilir ki, Raufun taleyi onun əlindədi. Və bu imkandan maksimum yararlanmağa çalışır. Yuri Maksimov daxil, yeni futbolçuların hər biri ilə cari mövsümün sonuna qədər müqavilə bağlandığı halda, Raufun qarşısına daha uzunmüddətli şərtlər qoyulur. Niyə? Hansı əsasla? Kimin balasından əskikdi?
Klub rəhbərinin məqsədi gün kimi aydındı. Raufu hansısa yolla cəzalandırmaq və bununla da hesabı bərabəşdirib, “mənə heç kim bata bilməz” demək. Mədəni cəzalandırmağın o qədər yolu var ki. Məsələn, Əliyev indi transfer olunur və ilyarımlıq müqavilə bağlanır. Zaur bəy Maksimova tapşırır ki, onu bacardığın qədər sıx, gözümçıxdıya sal. Elə vəziyyətə gətir ki, intizamı pozsun, ya da şikayət üçün mənə yaxınlaşsın. Düzdü, bu, futbolda mümkün olan ən sonuncu ehtimaldı. Başqa bir nöqtə: Rauf cari mövsümün ikinci yarısında yüksək məhsuldarlıq sərgiləyir, əla forma yığır və yayda daha iddialı komandaya keçmək imkanı yaranır. Məsələn, “Qəbələ”yə, ya da yenidən Avropaya. Amma gedə bilmir. Bu dəfə müqavilənin haqq tərəfi Zaur Axundovun tərəfində olur. “Keşlə” Raufa görə 200-300 min təzminat tələb edir və beləcə iş alınmır, futbolçu karyerasını Maksimovun rəhbərliyi altında davam etdirmək məcburiyyətində qalır.
Albaniyada klub rəsmilərinin yalanını üzə çıxaran futbolçu üçün “Keşlə”nin rəhbərinin niyyətini anlamaq heç nədi. Razıyam, 4-5 ay futbolsuz qalmaq heç bir futbolçuya başucalığı gətirmir. Amma burda söhbət maliyyədən yox, şəxsi prinsiplərdən gedir. Həmin prinsip ki, illərini futbola qurban vermiş Rauf Əliyev, futzal, yoxsa futbol rəsmisi olduğunu hələ də aydınlaşdıra bilmədiyimiz Zaur Axundovun toruna düşmək istəmir. Düz edir, əcəb edir, lap belə əlinin içindən gəlir. Pula arxa çevirib, futbolsuz qalmağın özü də bir kişilikdi. Əsas olan isə kişiliyi pula qurban verməməkdi...