Sizin reklam burada

Futbol ictimaiyyəti 20 Yanvar faciəsini yad etdi

Müəllif: football Tarix: 22-01-2018, 21:38 629 Baxış
Futbol ictimaiyyəti 20 Yanvar faciəsini yad etdi
Yunis Hüseynov legionerlərə tarixi xatırlatdı
Azərbaycan xalqının tarixinə qanla yazılan 1990-cı ilin 20 Yanvar hadisələrindən 28 il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa yönəlik ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaq. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.
Srağagün bütün ölkə şəhidləri yad etmək üçün Azərbaycan xalqı üçün müqəddəs məkan sayılan Şəhidlər Xiyabanına yollanıb azaqlıq uğrunda canını qurban verənləri yad etdilər. Bəs görəsən, futbol ictimaiyyəti, klublarımız necə? Bu suala cavab tapmaq üçün AFFA və PFL-in, eləcədə elita təmsilçilərinin rəsmi saytlarına nəzər salmağı lazım bildik.
AFFA-nın saytı Ümumxalq Hüzn Günü ilə bağlı başsağlığı verməyi unutmayıb. PFL-in saytında isə 20 Yanvarla bağlı xəbərə rast gəlmədik. Əvəzində qurumun “feysbuk” səhifəsində 28 il öncə yaşananlar bir daha xatırlanıb, qanlı gecə haqda ətraflı məlumat yerləşdirilib.
Ölkənin ən köklü klubu “Neftçi”nin də saytı qanlı Yanvar faciəsinə biganə qalmayıb. Bundan başqa, “ağ-qaralar”ın əvəzedici heyətinin azadlıq aşıqlərinin uyuduğu məkanı ziyarət etməsi ilə bağlı xəbər və fotolar yerləşdirilib. “Sumqayıt” rəhbərliyi isə yanvarın 19-da şəhərdəki Şəhidlər Xiyabanını ziyarət etməklə yadda qalıb. “Kimyaçılar”ın rəsmi saytında faciə ilə bağlı məlumat verilməklə yanaşı, klubun rəhbərliyi, məşqçi və futbolçu heyətinin Şəhidlər Xiyabanını ziyarət etdiyini göstərən fotolar da yer alıb.
Türkiyədə təlim-məşq toplanışında olan “Kəpəz”in səhər məşqindən öncə 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçirilib. Əvvəlcə şəhidlərimizin ruhu birdəqiqəlik sükutla yad olunub. Komandanın baş məşqçisi Yunis Hüseynov qanlı hadisə ilə bağlı fikirlərini bölüşərək, 20 Yanvarın xalqımızın azadlıq mübarizəsində xüsusi rol oynadığını bildirib. Təcrübəli mütəxəssis bu faciə ilə bağlı legionerləri məlumatlandırmaqla “qanlı şənbə gecəsi”nin tariximizin şərəf və qəhrəmanlıq səhifəsi olduğunu söyləyib. Futbolçular 20 Yanvar faciəsinin əsla unudulmayacağını və xalqımızın qan yaddaşında əbədi yaşayacağını vurğulayıblar. Bu haqda “sarı-göylər”in saytında xəbər verilib.
"Keşlə"nin əməkdaşları, əsas komandanın məşqçi heyəti və futbolçuları, həmçinin klubun Uşaq-Gənclər Futbol Məktəbində çalışan mütəxəssislər də srağagün Şəhidlər Xiyabanını ziyarət ediblər. Klub nümayəndələri şəhidlərin məzarına gül dəstələri qoymaqla yanaşı, "Əbədi məşəl" abidə kompleksinin önündə şəhidlərin xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Klub saytında da faciə qurbanları anılıb.
“Zirə” də bu yöndə digər premier-liqa təmsilçilərindən geri qalmayıb. “Qartallar”ın saytı azadlıq uğrunda canından keçən 137 şəhidin xatirəsini anıb.
Elitanın debütantı “Səbail”in rəsmi saytı hələ istifadəyə verilmədiyindən, “aslanlar”ın “feysbuk” səhifəsinə diqqət yetirdik. Paytaxt təmsilçisinin rəmsiləri də şəhidlərimizi yada salaraq, onlara Allahdan rəhmət diləyiblər.
“Qarabağ” və “Qəbələ” də eyni addımı atmaqla yadda qalıblar. “Qırmızı-qaralar”ın saytında 28 il öncə yaşananlar barədə ətraflı, hətta deyərdik ki, çox dolğun məlumat yerləşdirilib. Şəhidlərimizi unutmayan “köhlən atlar” isə saytında azadlıq uğrunda canından keçən şəhidləri yada salıb, komandanın isə “Lexiya” ilə matçından öncə birdəqiqəlik sükut elan olunub.
RƏŞAD
SON XƏBƏRLƏR