Sizin reklam burada

Müəmmalı MOİK, hazırlığa başlamayan “Mil-Muğan”, rəqib qapısına 20 qol vuran “Ağsu”

Baxış Sayı:894

Müəmmalı MOİK, hazırlığa başlamayan “Mil-Muğan”, rəqib qapısına 20 qol vuran “Ağsu”
“Xəzər” regional liqa komandasına uduzdu
Premyer-liqa klubları kimi birinci dəstə təmsilçiləri də qış fasiləsindən maksimum yararlanıb, mövsümün ikinci yarısına hazırlaşırlar. Qarşısına ciddi hədəflər qoyan “Qaradağ Lökbatan”, “Sabah” və “Xəzər”in hazırlıq prosesi qəzetimiz tərəfindən işıqlandırılır, onların iştirakı ilə keçirilən yoldaşlıq oyunlarından reportajları sizlərə təqdim edirik. Ancaq aşağı dəstədə elə klublar var ki, sanki hələ “qış yuxusundan ayılmayaıblar”. Yeri gəlmişkən, birinci divizion təmsilçilərindən yalnız “Xəzər” təlim-məşq toplanışı keçmək üçün ölkə xaricinə yollanıb. Fasilədə Elşad Əhmədovu “sükan arxasına” gətirən debütant artıq qardaş ölkədə ilk yoxlama matçını da keçirib. Paytaxt təmsilçinin rəqibi Almaniyanın regional liqasında mübarizə aparan “FSV Vaker 90” olub. Matç almanların qələbəsi ilə bitib - 3:0.
Fasiləyə 6-ci pillədə yollanan “Ağsu”nın hazırlıq prosesindən xəbərdar olmaq üçün komandanın baş məşqçisi Rüfət Quliyevi aradıq: “Komanda yanvarın 9-da Ağsuda bir araya gəlib. Hazırlığın ilk mərhələsini 19-da başa vurduq və futbolçular hazırda ikigünlük istirahətə buraxılıb. 10 günlük tsikldə əsasən fiziki hazırlıq üzərində çalışdıq və iki yoxlama oyunu keçirdik. “Qəbələ”nin əvəzedici heyətini 2:1 hesabıyla məğlub etdik. Həvəskarlar liqasında çıxış edən “Balaxanı” ilə qarşılaşmada isə hesab gözlədiyimdən də böyük oldu. Bəlkə də bunu deməyim düz deyil, ancaq hesab 20:0 olandan sonra daha saymadım. Toplanışın ikinci mərhələsini də doğma rayonda keçirəcəyik. Qarşıdakı günlərdə daha bir neçə yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. Artıq iki rəqibin adı məlumdu. Bunlar “Zaqatala” və “Kəpəz”in əvəzedici heyətidi. Çox istərdik ki, elita klublarından biri ilə qüvvəmizi sınayaq. Onların Antalyadan dönməsini gözləyirik. Fasilədə 2 futbolçu ilə yollarımızı ayrıdıq. Əvəzində 4 oyunçu baxışdadı. Onlardan ikisi – Rəşad Qarayev və Bəhlul Əliyevlə böyük ehtimalla müqavilə bağlayacağıq. Digər ikisi barədə isə qarşıdakı günlərdə qərar veriləcək”.
Aşağı dəstənin ortabablarından olan “Mil-Muğan” toplanışa bu gün başlayacaq. Bu haqda bilgini “ağ-yaşıllar”ın baş məşqçisi Xalıq Mustafayevdən aldıq: “Sabah (bu gün) komanda İmişlidə toplaşacaq. Heyətdə çox da olmasa, müəyyən dəyişikliklər olacaq. Daha çox yerli oyunçulara güvənmək istəyirik. Onlarla nəticə qazanmaq daha asandı. Yoldaşlıq oyunları keçirəcəyik, ancaq hələ bu yöndə heç bir komanda ilə razılıq əldə olunmayıb. Yəqin ki, yaxın bölgələrin təmsilçiləriylə qarşılaşacağıq. Bunun maliyyə çətinliyinə heç bir aiddiyatı yoxdu. Şükür Allaha, yanvara kimi maaşlar vaxtında verilib. İnanıram ki, mövsümün ikinci yarısında da bu məsələ ilə bağlı problem yaşamayacağıq. AFFA hər ay pulumuzu göndərir. İmişlidəki şəraitimiz hazırlıq keçmək üçün münasibdi. Həm təbii, həm də süni meydanımız, futbolçuların qalması üçün bazamız var. Bundan artıq komandaya nə lazımdı? Çalışacağıq mövsümün ikinci yarısında daha yaxşı çıxış edək”.
Aqil Məmmədovun istefasından sonra yenidən Ramil Əliyevi baş məşqçi postuna gətirən MOİK-dən isə heç cür məlumat əldə edə bilmədik. “Hərbçilər”in nə köhnə-yeni çalışdırıcısı, nə də rəhbərlikdə təmsil olunanlar zənglərimizə cavab verdi. Sanki MOİK rəsmiləri mövsümün ikinci yarısı üçün xüsusi plan hazırlayır və komandanı ictaimaiyyətdən və mətbuatdan gizlədir.
RƏŞAD

Oxşar xəbərlər
SON XƏBƏRLƏR