Sizin reklam burada

Sağlam “Traktorsazi”də yarım mövsümə 380 min dollar qazanacaq

Müəllif: football Tarix: 22-01-2018, 21:35 490 Baxış
Sağlam “Traktorsazi”də yarım mövsümə 380 min dollar qazanacaq
“Xoşbəxtəm ki, 25 milyona yaxın türk azarkeşinə sahib komandanın baş məşqçisi oldum”
Ərtoğrul Sağlamın “Traktorsazi” ilə razılığa gəldiyini xəbər vermişdik. Yanvarın 18-dən 19-a keçən gecə Türkiyədən Güney Azərbaycana yollanan mütəxəssis Təbriz Hava Limanında böyük coşğu ilə qarşılanıb. İki minə yaxın soydaşımızın sevgisini görən türkiyəli məşqçi ertəsi gün Təbrizdəki məscidlərin birində cümə namazında iştirak edib.
Artıq tərəflər arasında müqavilə imzalanıb. Anlaşma mövsümün sonuna qədər nəzərdə tutulub. 48 yaşlı mütəxəssisin bu müddət ərzində 380 min dollar qazanacağı deyilir. “Bursaspor”a yeganə Türkiyə çempionluğunu qazandıran Sağlam müqaviləni imzaladıqdan sonra bunları deyib: “Burda olduğum üçün çox xoşbəxtəm. Niyə xoşbəxtəm? Çünki köklü keçmişi olan, İran futbolunda özünəməxsus yer tutan və 25 milyona yaxın türk azarkeşinə sahib komandanın baş məşqçisi oldum. Türkiyədə mənə “hara gedirsən” sualını verənlərə “dünyada ən çox türk azarkeşi olan kluba gedirəm” cavabını verdim. Bura gəlməyimin bir səbəbi də fərqli ölkədə və fərqli futbol məkanında işləmək istəyidi. Ancaq dünəndən bu günə qədər yaşadıqlarım mənə göstərdi ki, fərqli yox, sanki öz ölkəmdəyəm. Öz insanımızla bərabər olduğumu gördüm. Bu durum gələcək adına məni çox ümidləndirdi və sevindirdi. Hamımız başqa ölkəyə gedəndə uyğunlaşma dövrünü keçirik. Ancaq burda uyğunlaşma üçün vaxt sərf etməyəcəm. Ortada gerçəklik var. Komandanın çıxışı azarkeşlərin gözləntisindən çox uzaqdı. Bu reallıqdı. Bunun günahkarı nə klub rəhbərliyi, nə də sabiq baş məşqçidi. Bunun müxtəlif səbəbləri var. Burda təfərrüatlara varmağa ehtiyac yoxdu. “Traktorsazi”nin prezidentinin də qeyd etdiyi kimi, klub çox çətin vəziyyətdən çıxıb, sağlam addımlar atmağı bacarıb. Hamımızın üzərinə böyük vəzifə düşür. Çox qısa vaxtda komandanı ayağa qaldırmalı, daha sonra mümkün qədər yuxarı pillələrə dırmanmalıyıq. Bundan sonra isə daha böyük hədəflər uğrunda mübarizə aparmaq olar. Sözü çox uzatmaq istəmirəm. Çünki çox vaxtımız yoxdu. İndi çox danışmaq yox, çox işləmək lazımdı. Burda olmağımda və karyeramda yeni səhifə açmağımda əməyi keçən insanlara, məni bu komandanın başında görmək istəyən azarkeşlərə minnətdarlığımı bildirirəm. Məsuliyyətim çox böyükdü və bunun fərqindəyəm. Allah bizi utandırmasın. Mən və dostlarım çox çalışacaq və bizə inananları peşman etməyəcəyik. Buna söz verirəm. Biz futbol adamıyıq. İranda da futbol Türkiyədəki kimi çox sevilir. Futbolun ictimaiyyət üzərindəki təsirini və insanları birləşdirmək gücünü nəzərə alaraq, burdan üç ölkənin – İran, Azərbaycan və Türkiyənin dostluğunun güclənməsini arzulayıram. Hamınıza təşəkkür edirəm. Hər şeyin çox gözəl olacağına inanıram. Allah yardımçımız olsun”.
Qeyd edək ki, 21 xalla 11-ci pillədə qərarlaşan “qurdlar” yeni baş məşqçinin rəhbərliyi altında ilk oyununu yanvarın 26-da səfərdə autsayder “Meşki Puşan”a qarşı keçirəcək.
SƏRXAN
SON XƏBƏRLƏR