Sizin reklam burada

Müşfiq İsayev evlənmək istəyirdi, şəhid oldu…

Baxış Sayı:840

Müşfiq İsayev evlənmək istəyirdi, şəhid oldu…
“Mənim günümə ağlamayın, öz gününüzə ağlayın ki, sabah...”
Bu gün 20 Yanvar faciəsindən 28 il ötür. 28 il bir igidin ömrüdü. Ancaq sanki hər şey dünən baş vermişdi. Süqut ərəfəsində olan Sovet İttifaqının son çırpıntıları idi. İttifaqın başında duranlar xalqların öz müqəddəratını həll etmək hüququnu tanımaq istəmirdi. Halbuki imperiyanın dağılması prosesi 80-ci illərin sonlarında başlamışdı. O cümlədən də Azərbaycanda. Artıq xalq oyanmışdı, azadlıq arzusuyla yaşayırdı. SSRİ-nin prezidenti Mixail Qorbaçovun göstərişi ilə ölkəmizdəki mitinqlər silah gücünə susdurulmalıydı. Məhz 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və paytaxt ətrafında silahsız, dinc əhaliyə, uşaq, cavan, qoca demədən divan tutuldu. Rəsmi rəqəmlərə görə, bu məşum gecədə 146 vətəndaşımız şəhid olub. Onların arasında hələ bir çox arzularını gerçəkləşdirməyən gənclər də var idi…
Görəsən, şəhidlərimizdən kimsə peşəkar səviyyədə idmanla məşğul olubmu? İnternet qaynaqlarında 20 yanvarda dünyasını dəyişənlərdən yalnız Müşfiq İsayevin sərbəst güləşçi olduğunu aydınlaşdırdıq. İsayev 1968-ci ildə Bakıda anadan olub. O, sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayevin kiçik qardaşı idi. Hadisə baş verən vaxt Müşfiq hərbi xidmətdən 5 ay əvvəl qayıdıb. «Sağlamlıq» kooperativində işləyirdi. Hadisə gecəsi evdə oturmaq istəməyən Müşfiq “Gənclik” metrosunun yaxınlığına gəlir. Dostu Elxan İsayevin son anlarının canlı şahididi: "Həmin gecə bir yerdəydik. Birdən Tofiq Bəhramov adına Respublika stadionundan tanklar çıxmağa başladı. Çıxmalarıyla da ordakıları işıq saçan güllələrə tutmaları bir oldu. Birdən Müşfiq yıxıldı. Qışqırdım ki, dur qaçaq. Dedi ki, ayağım tutulub, ovxala. Bu an gördüm ki, tanklar yaxınlaşır. Müşfiqin yanına uzandım. Onlar bizi ölmüş bilib keçdilər. Tanklar aralanan kimi onu qucağıma götürüb yaxınlıqdakı ağaclığa qaçdım. Aparanda əlim qana bulaşdı. Güllə ürəyinin üstündən dəyib, sağ çiynindən çıxmışdı. O tez-tez nəfəs alırdı. Hiss edirdim ki, son dəqiqələrini yaşayır. Burda məni ağlamaq tutdu. O, ancaq “mənim günümə ağlamayın, öz gününüzə ağlayın ki, sabah...” deyə bildi”.
Oğluna şəhid qardaşının adını verən Xəzər İsayevə Müşfiqin ölümü çox təsir edib: “Məni ən çox məyus edən doğmalarımın həyatdan getməsidi. Atam 48 yaşında rəhmətə gedib. Təəssüflənirəm ki, gərək bir az çox yaşayaydı. Ondan daha çox öyrənəydim, mənə məsləhətlər verəydi. Bir də ona təəssüflənirəm ki, Müşfiq Vladimir şəhərindən yenicə qayıtmışdı. 21 yaşı var idi. İstəyirdi ki, evlənsin. Çox çalışdım ki, ona bir otaqlı da olsa, ev alım, alınmadı. Bax, buna çox təəssüflənirəm”.
Qeyd edək ki, Güləş Federasiyası hər il Müşfiq İsayevin xatirəsinə yeniyetmələr arasında beynəlxalq turnir keçirir.
SƏRXAN

Oxşar xəbərlər
SON XƏBƏRLƏR