Hollandiyanın Veyk-An-Zee şəhərində keçirilən şahmat üzrə “Tata Steel” turnirində dünən 6-cı turun oyunları baş tutub. Şəhriyar Məmmədyarov (2804) qara fiqurlarla Baskaran Adhibanla (Hindistan, 2655) qarşılaşıb. Bu, günün ən uzun çəkən görüşü olub. 6 saat davam edən qarşılaşmanın 45-ci gedişinədək həmyerlimizin vəziyyəti ağır olub. Ancaq hindistanlı şahmatçının bir səhv gedişindən sonra üstünlük yığmamızın liderinə keçib. Əsl əzmkarlıq nümayiş etdirən sumqayıtlı qrossmeyster 86-cı gedişdə qələbəni bayram edib və vahid lider olub. Uesli So (ABŞ, 2792) Yi Veyi (Çin, 2743) məğlub edib. Pyotr Svidler (Rusiya, 2768) – Maqnus Karlsen (Norveç, 2834), Aniş Giri (Hollandiya, 2752) – Vişvanatan Anand (Hindistan, 2767), Yifan Hou (Çin, 2680) – Sergey Karyakin (Rusiya, 2753), Vladimir Kramnik (Rusiya, 2787) – Qaveyn Cons (İngiltərə, 2640) və Fabiano Karuana (ABŞ, 2811) – Maksim Matlakov (Rusiya, 2718) partiyası heç-heçə bitib.
Xal durumu: MƏMMƏDYAROV – 4,5, Giri, Anand, So – 4, Kramnik, Karlsen – 3,5, Karyakin, Matlakov, Cons, Svidler – 3, Vey – 2,5, Karuana – 2, Adhiban, Hou – 1.
Bu gün 7-ci (Karlsen - Hou, Cons - Svidler, Anand - Kramnik, So - Giri, MƏMMƏDYAROV - Vey, Matlakov - Adhiban, Karyakin – Karuana), sabah isə 8-ci turun görüşləri reallaşacaq: Hou - Karuana, Adhiban - Karyakin, Vey - Matlakov, Giri - MƏMMƏDYAROV, Kramnik - So, Svidler - Anand, Karlsen – Cons.
Bu arada Şəhriyar Məmmədyarov martın 10-dan 28-dək Almaniyanın paytaxtı Berlində keçiriləcək İddiaçıların Turniri haqda danışıb: “İlk dəfə 2011-ci ildə Kazanda keçirilən analoji yarışda iştirak etmişəm və elə ilk mərhələdə Boris Qelfanda uduzdum. Start oyununa təxminən 6 ay hazırlaşdım və elə başlanğıcda məğlub oldum. Ona görə də düşünürəm ki, indi uzun müddət hazırlaşmağın mənası yoxdu. Bir ay tam kifayət edir. Veyk-an-Zee turnirindən sonra Berlinədək qalan müddətdə bütün vaxtımı bilavasitə hazırlığa sərf edəcəm. Ola bilər ki, bir neçə yoxlama oyunu keçirim”.
Şahmatçımız son vaxtlar diqqəti çəkən yüksəlişini belə əsaslandırıb: “Qazanılan uğurların, həmçinin hazırlıqla bağlı prosesin heç bir sirri yoxdu. Sadəcə, bu, mənim ilim idi və bir çox nailiyyət əldə etdim. İddiaçıların Turnirinə vəsiqə qazandım, Vüqar Həşimovun xatirəsinə həsr olunan yarışda ikinci dəfə qalib oldum, yığmanın heyətində Avropa çempionatında qızıl medal qazandım, dünya reytinqində 2800 səviyyəsini aşdım. Bu uğurları davam etdirməyə çalışacam”.