“Yayda daha iddialı klubla müqavilə bağlamaq imkanım var”
Deyəsən, azərbaycanlı futbolçular karyeralarında antrakt etməyi xoşlayırlar. Xatırlayırsızsa, bir neçə il öncə “Xəzər Lənkəran”dan ayrılandan sonra klubsuz qalan Kamran Ağayev formadan düşməmək üçün 6 aya yaxın “Sumqayıt”ın düşərgəsində fərqdi məşqlərlə başını qatmışdı. Cari mövsümün ilk yarısında isə Vaqif Cavadov eyni aqibətlə üzləşmiş, qış fasiləsinə kimi karyerasını dondurmuşdu. Artıq Rauf Əliyev də onların açdığı cığırla addımlayır. Ötən ilin sonunda Albaniya təmsilçisi “Kukesi”dən ayrılaraq vətənə dönən forvardın “Keşlə” ilə anlaşacağı gözləniləsə də, bu “izdivac” baş tutmadı. Əliyev klubun onunla ilyarımlıq anlaşma istəyinə “yox” cavab verərək, yaya qədər klubsuz qalmağı üstün tutdu. Bu haqda bilgini forvardın özündən aldıq: “Keşlə” ilə ortaq məxrəcə gələ bilmədik. Ötən dəfə sizə dedyim kimi, buna səbəb qarşı tərəfin daha uzunmüddətli müqavilə təklif etməsi oldu. Klub əvvəlcə ilyarımlıq anlaşma istəyirdi. Sonda isə minimum birillik müqaviləyə qol çəkməyimi istədilər ki, bu da məni qane etmədi Bu səbəbdən də danışıqlar müsbət nəticələnmədi”.
Bizimlə söhbətdə klubsuz qalmaqdan çəkinmədiyini bildirən Rauf çempionatı “yaz-payız” sistemi ilə keçirilən iki ölkədən maraqlananların olduğunu söyləsə də, indiki vəziyyətdə legioner həyatı yaşamaq istəmədiyini vurğuladı: “Təxminən 4 ay futbol oynamayacam ki, buna görə də narahat deyiləm. Bu o qədər də uzun müddət deyil. Əvəzində yay fasiləsində daha iddialı klubla müqavilə bağlamaq imkanım var. Legioner həyatına gəlincə, çempionatı “yaz-payız” sistemi ilə keçirilən iki ölkədən maraqlanan olub. Ancaq buna ciddi təklif demək olmaz. Heç özüm də indiki məqamda xaricə yollanmağa ehtiyac duymuram. Bir qədər səbirli olub vaxtımı gözləyəcəm”.
RƏŞAD