Futzal üzrə Avropa çempionatının startına 10 gün qalıb. Hazırda təlim-məşq toplanışında olan yığmamız yanvarın 28-də final mərhələsinə evsahibliyi edəcək Sloveniyaya yollanacaq və “Austria Trend Hotel”də məskunlaşacaq. Məlum olduğu kimi, Joze Alesio da Silvanın komandası qrupda Fransa və İspaniya ilə birgə yer alıb. Fransızlarla görüş fevralın 2-də, qitə nəhəngi ilə ayın 4-də baş tutacaq. Hər iki qarşılaşma Lyublyana şəhərindəki “Stojice Arena”da olacaq. İlk matç Bakı vaxtı ilə saat 21.00-da, ikinci isə 23.45-də start götürəcək. Final mərhələsinin oyunlarının ölkəmizdə yayınlanıb-yayınlanmayacağı ilə bağlı hələ bir neçə gün əvvəl maraqlanmışdıq. Təşkilatçılarla danışıq aparan “CBC Sport” telekanalının baş redaktoru Şəmsəddin Abbasov bir qədər səbr etməyi məsləhət görmüşdü: “Hələlik dəqiq nəsə demək üçün tezdi. Biz də çalışırıq ki, yığmanın oyunlarını ölkəmizdə canlı izləsinlər. Hazırda danışıqlar gedir. Nəticə barədə sizi məlumatlındaracağıq”.
Nəhayət, dünən futzalsevərləri sevindirəcək xəbər gəldi. “CBC Sport” “Eurosport”la bütün məsələlərdə anlaşıb. Millimizin iştirakı ilə qrupda keçiriləcək hər iki oyun canlı yayınlanacaq. Həmçinin komandamız pley-offa adlayacağı təqdirdə, əməkdaşlıq davam etdiriləcək. Özü də "CBC Sport" yalnız yığmamızın iştirakı ilə keçiriləcək oyunlarla kifayətlənməyəcək. Belə ki, telekanal çempionatın bütün qarşılaşmalarını yayınlamaq hüququna yiyələnib.
MİRAĞA